2025-ci ilin yanvarında keçirilən bələdiyyə seckilərindən sonra formalaşan bələdiyyələrin böyük əksəriyyəti fəaliyyətə bank hesabının bağlı olması ilə başladı. Təəssüf edirəm ki, bu problem seçki prosesinədək öz həllini tapmadı. Baxmayaraq ki, bir sıra mərkəzi icra qurumları tərəfindən bələdiyyələrin DSMF borcunun bağlanılması ilə bağlı müəyyən addımlar atıldı. Lakin bu addımların hər hansı bir nəticəsi, təəssüf ki, olmadı. Hazırda borcun həcminin 7 milyon manatdan artıq olduğu deyilir. Və bu rəqəmin müəyyən bir hissəsi hesablanmış faizlərdir. Fikrimcə, neçə illərdir ödənilməyən borca faiz hesablanması da məntiqə uyğun deyil.
Təhlillər göstərir ki, bu borcun birmənalı olaraq bələdiyyələr tərəfindən bağlanılması bu gün mümkün deyil. Gədəbəy rayonunun bir kənd bələdiyyəsinin 155 min manat, paytaxtın bir bələdiyyəsinin isə 700 min manatdan artıq DSMF borcu var. Hazırda onlarca kənd və qəsəbə bələdiyyəsi bu problemin həllini səbrsizliklə gözləyir.
Bununla bağlı nəyi təklif edərdim:
Cari ildə dövlət büdcəsinin müzakirəsi zamanı bələdiyyələrə ayrılacaq dotasiyanın həcmini ikiqat artırmaqla mövcud borcu birdəfəlik bağlamaq olar. Nəzərə alaq ki, son iki il ərzində bələdiyyələrə dövlət büdcəsində nəzərdə tutulan maliyyə vəsaiti də məlum olmayan səbəbdən ayrılmayıb. Odur ki, vəsaitin həcminin artılrmasında əslində problem olmamalıdır. Yəni bu məsələ həll oluna biləsi məsələdir.
Ancaq bununla yanaşı "Bələdiyyələrin statusu haqqında" Qanuna dəyişikliyin edilməsi də zəruri hesab edilməlidir. Yəni sədrlərin üzərilərinə borcların yaranmaması ilə bağlı məsuliyyətin qoyulması qanunvericilik qaydasında öz həllini tapmalıdır. Əgər belə bir maddə adıçəkilən qanuna əlavə edilmiş olsa, onda sədrlərin məsuliyyət yükü də artar və bələdiyyə borclandırılmaz.
Bununla yanaşı yerli vergilərin rüsum dərəcələrinin artırıması da diqqət mərkəzində olmalıdır. Bununla bələdiyyə büdcəsinin artmasına imkan yaratmış oluruq. Yalnız büdcə gəlirlərinin artıq olarsa bələdiyyələr vətəndaşın qaldırdığı problemin həllinə də çətinlik çəkməzlər.
Hər halda düşünməyə dəyər.
Vüqar Tofiqli
Rəylər
0 Rəy