Qaraçuxur qəsəbəsində abadlıq və quruculuq işləri davam etdirilir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında müvafiq Sərəncam imzalanmışdır. Bu mühüm qərar müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edən iki tarixi hadisə ilə əlaqədardır.
Şəhərsalma və memarlıq sahəsinin inkişafı, tarixi-mədəni irsimizin qorunması, şəhər və qəsəbələrimizin müasir tələblərə uyğun şəkildə qurulması dövlətimizin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizdə həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işlərinə diqqətin daha da artırılmasına, yaşayış məntəqələrinin müasir və gözəl görkəm almasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verəcəkdir.
Bu baxımdan bələdiyyələrin də üzərinə mühüm vəzifələr düşür. Ərazilərin abadlaşdırılması, yaşıllıqların qorunması və artırılması, park və xiyabanların təmiz saxlanılması, sakinlərin rifahının yüksəldilməsi istiqamətində görülən işlərdə bələdiyyələr fəal iştirak etməli, dövlətimizin bu mühüm təşəbbüsünə öz töhfələrini verməlidirlər.
Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizin inkişafı, tərəqqisi və çiçəklənməsi naminə həyata keçirdikləri genişmiqyaslı fəaliyyət, sosial və humanitar sahələrdə gördükləri mühüm işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin hüdudlarından kənarda da böyük rəğbətlə qarşılanır.
Qaraçuxur bələdiyyəsi də 2026-cı il ərzində öz fəaliyyət istiqamətlərinə uyğun olaraq qəsəbə ərazisində bir sıra abadlıq, təmizlik, yaşıllaşdırma, yenidənqurma və quruculuq işləri həyata keçirmişdir.
Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə də müvafiq işlər görülmüşdür.
Belə ki, N.İsmayılov küçəsi, 4 ünvanında Xocalı şəhidi İlqar Vaqif oğlu Musayevin, “Şərq” yaşayış sahəsi, 2704 ünvanında isə şəhid Elçin Əvəz oğlu Həsənovun xatirəsinə bulaqlar tikilmiş, barelyeflər quraşdırılmış və ətraf ərazilərdə abadlıq işləri aparılmışdır.
Bundan əlavə, Ramil Babayev küçəsində şəhid Ramil Taqət oğlu Babayevin barelyefi quraşdırılmışdır. Şəhid Muxtar Qasımlının adını daşıyan küçədə məhəllədaxili yolda cari təmir işləri görülmüşdür. Həmçinin şəhid Zaur Şərifovun, şəhid Nurəddin Mirzəzadənin və şəhid Nadir Əliyevin barelyeflərinin quraşdırılması və ətraf ərazilərin abadlaşdırılması istiqamətində işlər həyata keçirilmişdir.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, 2026-cı ilin ilk doqquz ayı ərzində Qaraçuxur bələdiyyəsi tərəfindən görülmüş işləri diqqətinizə çatdırmaq istərdim.
1. Abadlıq, təmir və yenidənqurma işləri
Hesabat dövründə qəsəbə ərazisində yolların, səkilərin, binaların və ictimai istifadə sahələrinin abadlaşdırılması istiqamətində aşağıdakı işlər görülmüşdür:
Qaraçuxur qəsəbəsinin inzibati ərazisində quru və qəzalı vəziyyətdə olan ağacların budanması və ya götürülməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciətlər edilmiş, nəticədə 120 ədəd quru ağacla bağlı müvafiq tədbirlər görülmüşdür;
Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində məhəllədaxili yola asfalt örtüyü çəkilmişdir;
Yeni Günəşli “AB” yaşayış sahəsində yerləşən 119 saylı binanın girişlərinə seyf qapıları alınaraq quraşdırılmışdır;
Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsində məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir;
Zaur Şərifov küçəsində yerləşən 4 və 6 saylı binaların fasadları rənglənmişdir;
Ə.Mehbalıyev küçəsində səkilərə bordürlər düzülmüşdür;
Nizami İsmayılov, Rafiq Alıcanov və Cəlal Qurbanov küçələrində məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir;
Yeni Günəşli ərazisində yerləşən “D” parkında təmir işləri aparılmış, parkın abadlaşdırılması istiqamətində tədbirlər görülmüşdür;
“Veteranlar Xiyabanı” parkında məlumat lövhələri yenilənmiş və parkın abadlaşdırılması işləri həyata keçirilmişdir;
“Vətən Şəhidləri Unudulmur” parkında təmir işləri aparılmış, həmçinin 31 saylı Suraxanı İkinci Dairəsinin ərazisində yerləşən təşviqat lövhələri təmir edilmişdir;
40-cı Qaraçuxur küçəsində məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir;
Həmin küçədə məhəllədaxili yolun davamı olaraq, eləcə də Qaraçuxur qəbiristanlığının daxili yolunda asfalt örtüyü çəkilmişdir;
Yeni Günəşli yaylası, 3-cü döngədə məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir;
Ə.Mehbalıyev küçəsində yenidənqurma işləri aparılmış, qeyri-yaşayış obyektlərinin fasadları cilalanmış, binaların fasadları və küçəboyu fərdi yaşayış evlərinin hasarları emulsiya boya ilə rənglənmişdir;
İlqar Musayev küçəsində Şir və Qartal fiqurlarından Xalqlar Dostluğu istiqamətində yerləşən hasarlar rənglənmişdir;
Suraxanı yolu istiqamətində yerləşən yol boyunca hasarların rənglənməsi işləri aparılmışdır.
2. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və ətraf ərazilərin abadlaşdırılması
Bələdiyyəmizin fəaliyyətində şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, onların adlarının yaşadılması və xatirə məkanlarının qorunması xüsusi yer tutur.
Bu istiqamətdə hesabat dövründə şəhidlərimizin barelyeflərinin quraşdırılması, bulaqların tikilməsi, ətraf ərazilərin abadlaşdırılması, eləcə də şəhidlərin adlarını daşıyan küçələrdə təmir və quruculuq işləri həyata keçirilmişdir.
Bu işlər Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsinə göstərilən ehtiramın və şəhid ailələrinə olan diqqət və qayğının ifadəsidir.
3. Məişət tullantılarının yığışdırılması və sanitar təmizlik işləri
Bələdiyyəmizin daim diqqət mərkəzində saxladığı məsələlərdən biri də qəsəbə ərazisində məişət tullantılarının vaxtında yığışdırılması, ətraf mühitin və sanitar vəziyyətin qorunmasıdır.
Bu məqsədlə aidiyyəti qurumlarla gündəlik əlaqə saxlanılmış, mövcud problemlər onların diqqətinə çatdırılmış və tullantıların vaxtında daşınması üçün müvafiq tədbirlərin görülməsinə köməklik göstərilmişdir.
Xüsusilə yol kənarlarına və məişət tullantıları meydançalarına atılmış iriqabaritli tullantıların yığışdırılması və daşınması istiqamətində müvafiq işlər görülmüşdür.
Qeyd etmək istərdim ki, Uşaq parkının ərazisinə dəfələrlə atılmış məişət və iriqabaritli tullantılar xüsusi texnikalar vasitəsilə ərazidən təmizlənərək daşınmışdır.
4. Sosial-humanitar tədbirlər
Qaraçuxur bələdiyyəsi sosial-humanitar məsələlərə də xüsusi diqqət yetirir.
Hesabat dövründə qəsəbə ərazisində yaşayan şəhid ailələrinə, aztəminatlı ailələrə, kimsəsizlərə, xəstələrə, ahıl vətəndaşlara, maddi imkansız şəxslərə, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqlara maddi yardımlar göstərilmişdir.
Bununla yanaşı, Yeni Günəşli yaşayış sahələrinin “AB” və “Q” ərazilərində, eləcə də Samir Cəfərov küçəsində veteranların istifadə etdiyi guşələrin elektrik enerjisi üzrə ödənişləri bələdiyyənin vəsaiti hesabına həyata keçirilmişdir.
5. Dövlət qurumları və digər təşkilatlarla əməkdaşlıq
Qaraçuxur bələdiyyəsi fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun quraraq yerli və mərkəzi icra hakimiyyəti orqanları, eləcə də digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində davam etdirmişdir.
Hesabat dövründə Suraxanı Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsi və Qəsəbə Bələdiyyələri Milli Assosiasiyası ilə qarşılıqlı əlaqəli fəaliyyət göstərilmiş, qəsəbənin sosial-iqtisadi və abadlıq məsələlərinin həlli istiqamətində əməkdaşlıq edilmişdir.
6. Bələdiyyənin maliyyə imkanları və torpaq məsələləri
Məlum olduğu kimi, bələdiyyələr yerli özünüidarəetmə orqanlarıdır və onların büdcəsi əsasən yerli vergilər və ödənişlər hesabına formalaşır. Bu səbəbdən bələdiyyələrin maliyyə imkanları ərazidəki vergi və ödənişlərin yığım səviyyəsindən birbaşa asılıdır.
Vətəndaşların diqqətinə çatdırmaq istərdim ki, Qaraçuxur bələdiyyəsinin ehtiyat torpaq fondunda və perspektiv inkişaf üçün nəzərdə tutulmuş torpaq sahələri mövcud olmadığından torpaq növbəliliyində qeydiyyata alınmış vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılması mümkün olmamışdır.
Hesabat dövründə qəsəbəmizdə abadlıq, quruculuq, təmir, sosial-humanitar və digər istiqamətlərdə həyata keçirilən tədbirlər Qaraçuxur bələdiyyəsinin fəaliyyətində mühüm yer tutmuşdur.
Təbii ki, görülən işlərlə yanaşı, qarşıda həllini gözləyən bir sıra yerli problemlər də mövcuddur. Bələdiyyəmiz bundan sonra da qəsəbə sakinlərinin müraciət və təkliflərini diqqətdə saxlayacaq, ərazidə fəaliyyət göstərən idarə və təşkilatlarla, xidmət sahələri ilə əməkdaşlığı gücləndirəcək, mövcud problemlərin həlli istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.
Əmin edirəm ki, Qaraçuxur bələdiyyəsi yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlarla birgə fəaliyyət göstərərək qəsəbəmizin daha da abadlaşması, sakinlərimizin rifahının yüksəldilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəkdir.
Fürsətdən istifadə edərək bütün qəsəbə sakinlərinə göstərdikləri diqqətə, əməkdaşlığa və fəallığa görə təşəkkürümü bildirirəm.
İxdiyar Nəcəfov
Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədri
Rəylər
0 Rəy