Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-05-2026 , 15:26

163

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

28 May – Müstəqillikdən Zəfərə Aparan Şanlı Yol!

28 May Müstəqillik Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən parlaq və qürurverici səhifələrindən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə xalqımız ilk dəfə olaraq müstəqil, demokratik və hüquqi dövlət qurmaq iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi hadisə yalnız Azərbaycan üçün deyil, bütövlükdə Şərq və müsəlman aləmi üçün mühüm yenilik idi. Çünki Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli və dünyəvi respublika kimi tarixə düşdü.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik ənənələrinin formalaşması, milli dəyərlərin qorunması və gələcək müstəqillik ideyasının yaşadılması baxımından misilsiz rol oynadı. Məhz həmin dövrdə üçrəngli bayrağımız qəbul edildi, dövlət atributlarımız təsdiqləndi, milli ordu yaradıldı, təhsil və idarəçilik sahəsində mühüm islahatlar həyata keçirildi. Azərbaycan xalqının azad yaşamaq arzusu heç zaman sarsılmadı və bu müqəddəs ideya sonrakı nəsillərin yaddaşında daim yaşadı.

1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, ilk illərdə ölkəmiz ciddi siyasi və iqtisadi çətinliklərlə üzləşdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq ölkədə sabitliyi təmin etdi, dövlətçiliyin möhkəmləndirilməsi və müstəqilliyin əbədi olması üçün mühüm addımlar atdı. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs nəticəsində Azərbaycan güclü dövlətə çevrilməyə başladı.

Bu gün həmin siyasi kurs İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən güclü dövlətinə çevrilmiş, siyasi, iqtisadi və hərbi sahədə mühüm nailiyyətlər əldə etmişdir. Xüsusilə 2020-ci ildə əldə olunan tarixi Zəfər Azərbaycan xalqının milli qürurunu və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu.

2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Bu gün üçrəngli bayrağımız ölkəmizin bütün ərazilərində qürurla dalğalanır. Azərbaycan artıq yalnız müstəqil deyil, həm də tam suveren, güclü və qalib dövlətdir.

28 May Müstəqillik Günü müasir Azərbaycanın qazandığı bütün uğurların təməlində dayanan müqəddəs tarixdir. Azərbaycan Xalq Cümhuriyyətinin idealları bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənmiş, ölkəmiz dünyada söz sahibi olan qüdrətli dövlətə çevrilmişdir. Xalqımızın milli birliyi, şəhidlərimizin qanı və Ordumuzun qəhrəmanlığı sayəsində müstəqilliyimiz əbədi və dönməz xarakter almışdır.

Bu əlamətdar gün münasibətilə xalqımızı ürəkdən təbrik edir, dövlətimizin daim müstəqil, qüdrətli və suveren olmasını arzulayırıq.

Yeganə Abbasova,
Bakı şəhər Nizami bələdiyyəsinin sədr müavini.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
2817