Halit Doğan: “Qardaş ölkə Azərbaycanda olmaqdan böyük məmnunluq və qürur duyuram”
Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Halit Doğan qardaş Azərbaycana səfəri, Sumqayıt şəhərinin 77-ci ildönümü və Şəhər Günü münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirakı ilə bağlı sosial media hesabında paylaşım edib.
O,
paylaşımında qardaş şəhər Sumqayıtda olmaqdan və şəhərin əlamətdar gününə həsr
olunmuş tədbirlərdə iştirak etməkdən böyük məmnunluq və qürur duyduğunu
bildirib. Həmçinin göstərilən diqqət və qonaqpərvərliyə görə Sumqayıt Şəhər
İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova, Sumqayıt Bələdiyyəsinin sədri Adil
Xudadatova və şəhər sakinlərinə təşəkkür edib.
Halit
Doğan paylaşımında qeyd edib:
“Sumqayıtın
77-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə və konsert proqramında
iştirakımız, həmçinin nümayəndə heyətimizə göstərilən doğma münasibət şəhərlərimiz
arasındakı qardaşlıq əlaqələrinin nə qədər səmimi və möhkəm təməllər üzərində
qurulduğunu bir daha nümayiş etdirdi.
Sumqayıt Bələdiyyəsi
ilə Samsun Böyükşəhər Bələdiyyəsi arasında formalaşan qardaşlıq münasibətlərini
xüsusi əhəmiyyətli hesab edirəm. İnanıram ki, Azərbaycan və Türkiyə arasındakı
sarsılmaz dostluq və qardaşlıq əlaqələri yerli özünüidarəetmə sahəsində də yeni
əməkdaşlıq imkanlarının yaranmasına, birgə layihələrin həyata keçirilməsinə və
şəhərlərimiz arasında uzunmüddətli tərəfdaşlığın daha da inkişafına mühüm töhfə
verəcəkdir.
Bu əlamətdar
gün münasibətilə qardaş Sumqayıt şəhərinin 77-ci ildönümünü ürəkdən təbrik
edir, şəhərə davamlı inkişaf, bütün sakinlərinə firavanlıq, əmin-amanlıq və
xoşbəxt gələcək arzulayıram.
Qoy Azərbaycan
və Türkiyə qardaşlığı daim yaşasın və möhkəmlənsin!
Bir millət,
iki dövlət! Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!”
Səfər çərçivəsində
Halit Doğan və nümayəndə heyətinin üzvləri Bakı Türk Şəhidliyini də ziyarət
ediblər. O, Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatovla birlikdə həyata
keçirilən ziyarətlə bağlı paylaşımında şəhidlərin xatirəsini ehtiramla yad
edib:
“Türkiyə
ilə Azərbaycan arasındakı qardaşlığın, ortaq tariximizin və sarsılmaz mənəvi
bağlarımızın ən mühüm rəmzlərindən biri olan Bakı Türk Şəhidliyini Sumqayıt Bələdiyyəsinin
sədri cənab Adil Xudadatovla birlikdə ziyarət etdik.
1918-ci
ildə Bakını düşmən işğalından azad edərkən şəhidlik zirvəsinə ucalan 1 130 qəhrəman
Osmanlı əsgərimizi dualarla yad etdik.
Əziz şəhidlərimizi
rəhmət, minnətdarlıq və ehtiramla anıram. Ruhları şad, məkanları cənnət olsun!”
Qeyd edək ki, Sumqayıt və Türkiyənin Samsun şəhərləri arasında qardaşlaşma münasibətləri 10 aprel 2012-ci ildə rəsmiləşdirilib. Həmin tarixdə Samsun Bələdiyyəsinin sədri Yusuf Ziya Yılmazın Azərbaycana səfəri çərçivəsində iki şəhər arasında qardaşlaşma protokolu imzalanıb.
Belediyye.info
Rəylər
0 Rəy