Bələdiyyə-icra münasibətləri: aralarında qeyri-adi idarəçiliyə sahib olan, təcrübəsi yayıla bilən, DSMF-yə borcu olanlar da var
Təhlillər göstərir ki, hazırda ölkə bələdiyyələrinin DSMF-yə kifayət qədər borcu var. Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun, Ədliyyə nazirliyinin müvafiq qurumlarının, həmdə milli bələdiyyə assosiasiyalarının iştirakıyla atılan ardıcıl və davamlı addımları sayəsində ölkə bələdiyyələrinin illər öncə 13 milyon manat həcmində olan borcu bu gün 6 milyon manatadək azaldılıb. Proses gedir. Bəzən bu rəqəm artır, bəzən azalır, lakin hələ ki borcu tam bağlamaq mümkün olmayıb. Bizə maraqlı olan isə borcun hansı səbəbdən yaranmasıdır. Habelə sual olunur bələdiyyənin borclanmasında əsas günah sahibi kimdir.
Fikrimizcə,
borcun yaranmasının əsas günah sahibi və səbəbkarı, birmənalı olaraq, bələdiyyə
sədrləridir. Məhz bəzi sədrlərin məsuliyyətsizliyi, təcrübəsizliyi, habelə bir
çox sədrlərin özlərini bələdiyyə üzv və seçiciləri qarşısında hesabatlı aparmamaları
borcun yaranmasına bir növ rəvac verib.
Ən əsası
2000-2010-cu illər arası DSMF-də çalışan bəzi məsuliyyətsiz rəsmilərin də bu prosesdə
günahı az deyil. Əslində həmin illərdə bu prosesin qarşısının alınması məqsədiylə
DSMF-ilə bağlı məsələlərin əsas istiqamətinin Dövlət Vergi Xidmətinin səlahiyyətinə
aid edilməsi məsələni kökündən bağlamış oldu. Lakin borcun tam şəkildə silinməsi
hələ də mümkün olmayıb.
Bu gün özünə
hörmət edən, işinə məsuliyyətlə yanaşan sədrlərin fəaliyyəti sayəsində bir çox
bələdiyyələr DSMF borcunu bağlamağa nail ola bilib. Bir neçə il əvvəl 66 Bərdə
bələdiyyəsinin DSMF borcunun həcmi 866 min manat olsa da, sonralar sədrlərin aktiv fəaliyyəti, həm də Bərdə RİH-in təşəbbüsü və dəstəyi ilə borcun
azaldılması istiqamətində ciddi addımlar atıldı. Bu gün borcun həcmi 200 min
manat ətrafında qərarlaşıb. Demək, bu templə gedilsə ilin sonunadək borcun bağlanması reallaşa bilər.
Lakin
digər rayonlarda formalaşan bələdiyyələrdə bu halı müşahidə etmək mümkün
deyidlir. Bir neçə il bundan əvvəl Gədəbəy rayonunda formalaşan 19 bələdiyyənin
DSMF-yə borcu 400 min manat həcmində idi. Hazırda bu borcun həcmi 500.000 manat
ətrafındadır. Bundan əvvəl isə yalnız Gədəbəy şəhər bələdiyyəsi, sonra isə
Slavyanka bələdiyyəsi, bilavasitə sədrlərin təşəbbüsü və qətiyyətli addımları
sayəsində, DSMF borcunu bağlamağa nail
ola biliblər. Sual olnur, adıçəkilən rayonun digər kənd bələdiyyəsinin borcu bu
gün 50 min manatı keçirsə bələdiyyə sədri hara baxır. Niyə bu borcun
bağlanmasıyla bağlı addımlar atmır. Nəyi və kimi gözləyir? Ancaq bu məqamda prosesi
müşahidə etmək yox, onun bağlanmasına bələdiyyə sədriylə yanaşı ilk növbədə rayon icra hakimiyyətinin
başçısı da maraqlı olmalı, onun üçün ciddi addımlar atmalı və ən əsası siyasi rəhbər
olaraq öz tövsiyəsini əsirgəməməlidir.
***
Bu arada
digər maraqlı bir məqama toxunmaq istərdim.
Astara
rayonunda formalaşan 15 bələdiyyə 2023-ci ildə 189.900 manat maliyyə vəsaiti əldə
edib. Əldə edilən vəsaitin 46.200 manatı
dövlətin ayırdığı dotasiya təşkil edib. Nəticə etibariylə 15 bələdiyyə cəmi
143.700 manat vəsait əldə edib. Oğuz rayonunun 15 bələdiyyəsi isə 530.000 manat
gəlir əldə edib ki, onunda 31.800 manat dotasiya təşkil edib. “Xalis gəlir” 498.200 manat olub.
Beləliklə,
Astaranın bir bələdiyyəsi ortalama ay ərzində 798 manat, Oğuzun bir bələdiyyəsi
isə 2.767 manat maliyyə vəsaiti əldə edib. Sual olunur eyni coğrafi mövqedə
olan bələdiyyələrdə 3 dəfəyədək fərq niyə olmalıdır və yaxud hansı səbəbdən bu
qədər fərq yaranıb.
Bunun
bir günahı sözsüz ki, bələdiyyə sədrlərindədir.
Konkret. Bələdiyyə sədri qanunvericiliyin verdiyi bütün imkanlardan lazımınca
yararlanmalıdır.
Ancaq
ikinici səbəbi isə rayon icra hakimiyyəti başçısındadır. Ona görə ki, rayonun
siyasi rəhbəri olaraq icra başçısı hər bir kənddə səyyar görüşlər keçirir, vətəndaşları
dinləyir və bu görüşlərdə həm də kəndin vəziyyətiylə maraqlanır. Və protokola
uyğun olaraq hər bir görüşdə bələdiyyə sədrləri də iştirak edir. Bu görüşlərdə icra başçısı qəbula gələn vətəndaşa
“vergilərini ödəmisənmi” sualını heç veribmi? Yəqin ki, yox. Və yaxud
maraqlanıbmı ki, ay bələdiyyə sədri niyə ay ərzində 798 manat əldə edirsən, bu
pulla kəndin hansı problemini həll etmisən, nə komək lazımdır biz tərəfdən. Və
yaxud bələdiyyə sədriylə birgə şəhid və qazi ailəsini ziyarətə gedibmi? Yəni,
qısası, bələdiyyə sədrini həm də ictimaiyyət arasında saydırıbmi? Söhbət bundan
gedir.
Məhz bu
məqama görə deyirəm ki, bir çox məsələlərdə bələdiyyələrin probleminin aradan
qaldırılmasında icra hakimiyyətinin və onu başçısının müstəsna rolu var. Sadəcə can yandırmaq lazımdır. Qeyd edilən istiqamətdə isə Səbail, Qəbələ, Xətai
və Sabunçu RİH başçılarının təcrübəsindən yararlanmağa həqiqətən dəyər.
***
Yeri gəlmişkən digər bir
məsələyə də toxunmaq istərdim.
Abşeron rayonunda formalaşan
15 bələdiyyənin əldə etdiyi 3.648.300 manat vəsaitin 1.446.487 manatını,
yəni 39.4 faizini Xırdalan bələdiyyəsi əldə edib. Əlavə edim ki, bu bələdiyyənin
2019- cu ildə əldə etdiyi maliyyə vəsatinin həcmi cəmi 204.618 manat olmuşdu. Bu isə ümumi
rayon üzrə əldə olunan gəlirin cəmi 11.7 faizi demək idi. Ən faciəli məqam onda idi ki, 2019-cu il
seçkilərindən sonra yeni tərkibdə formalaşan bələdiyyələrin qarşılaşdıqları bir
problem də sədrlər tərəfindən borclandırılması idi. Tək Xırdalan bələdiyyəsinin
2020-ci ilin yanvarında 160 min manata yaxın borcu olmuşdur. Xırdalan
bələdiyyəsinin gərgin əmək fəaliyyəti sayəsində 2019-cu illə müqayisədə büdcə gəlirini bu gün beş
dəfədən çox artıra bilib. Biz bura bələdiyyənin hazırladığı layihə çərçivəsində
beynəlxalq təşkilat tərəfindən verilən 407 min manatı daxil etməmişik.
Və yaxud Goradil
bələdiyyəsinin fəaliyyətinə toxunaq. Göradil Bələdiyyəsinin ötən 2023-cü ildə büdcə gəlirləri
92.265 manat təşkil edib. Gəlirlərdən torpaq vergisi 10.992 manat, əmlak
vergisi 29.374 manat, torpağın özgəninkiləşdirilməsindən daxil olan gəlir
49.929 manat olub. Ötən illərlə müqayisə etdikdə
büdcə gəlirlərində əhəmiyyətli dərəcədə artım olduğunu görmək olar. Belə
ki, 2019-cu ildə Goradil bələdiyyəsinin ümuni büdcə gəlirləri 19.953 manat təşkil
etdiyi halda 2023-cü ildə bu rəqəm 92.265 manat olub. Bu isə ümumilikdə beş dəfəyədək
artım deməkdir.
Bu artım fəaliyyəti müsbət
qarşılanan Fatmayı və Mehdiabad bələdiyyəsində də ciddi şəkildə hiss olunub. Hər iki bələdiyyənin büdcə
gəlirlərində artım olması da təsadüfü deyil. Çünki adları çəkilən
bələdiyyələrdə yeni seçilən tərkibin əsas fəaliyyəti bələdiyyələrdə vergi-uçot
sisteminin qurulmasıyla başlayıb. Bununla yanaşı adları çəkilən bələdiyyələrdə
həmçinin yeni müstəqil idarəçilik sistemi yaradılmış, bələdiyyə-icra
münasibətləri tənzimlənmiş, bu münasibətlər sivil formada öz əskini tapmışdı.
Lakin bu irəliləyişin rayonun digər on
bir bələdiyyəsi haqqında demək mümkün deyil. Bir tərəfdən həmin on bir bələdiyyədə
şəffaflıq təmin edilmir, hesabatlılıq sıfır vəziyyətindədir. Üstəlik bu
bələdiyyələrdəki idarəçilikdə də ciddi problemlər müşahidə edilməkdədir.
Masazır, Saray, Məhəmmədi, Aşağı Güzdək, Pirəküşkül, Digah bələdiyyələrində
tətbiq edilən “unikal idarəetmə” sistemi də təəccüb doğurur. Bu bələdiyyələrdə
RİH rəsmiləri tərəfindən “nəzarətə
nəzarət” sisteminin qurulması barədə fikirlərin bələdiyyə üzv və qulluqçuları
arasında söylənilməsi, hətta RİH rəsmilərinin “tövsiyəsi” ilə ştat cədvəlinin
şişirdilməsi bələdiyyələrin fəaliyyətinə ciddi problem yaratması da iddia
olunur. Hər halda od olmasa tüstü çıxmaz. Yəqin ki, deyilənlərin bir tərəfi də
həqiqətə söykənir.
Sual olunur yuxarıda adları çəkilən bələdiyyələrdə büdcə
gəlirlərini beş dəfəyədək artıra bilibsə, bəs digər on bir bələdiyyənin
sədrləri hara baxıb. Və yaxud bələdiyyələrə “tövsiyələrini əsirgəməyən” Abşeron RİH rəsmiləri bu barədə heç düşünüblərmi? Uzun
illər bank hesabı bağlı qalan Hökməli bələdiyyəsinin düşdüyü vəziyyətdən cıxarmaq barədə heç
fikirləşiblərmi? Düşündürücü sualdır. Amma müşahidələr göstərir ki, belə bir
addım atılmayıb. Atılsaydı yəqin ki, irəliləyiş də hiss olunar, nəticədə
bələdiyyələrdə çalışanlarda vaxtlı-vaxtında əməkhaqqlarını alar, ən əsası
seçicilərinin qaldırdıqları problemlərin həllinə tez bir zaman kəsiyində nail
olardılar.
Müşahidələr göstərir ki, adıçəkilən
bələdiyyələrin, yəni Xırdalan, Fatmayı, Goradil və Mediabad bələdiyyəsinin hər
biri, digər on bir bələdiyyədən fərqli olaraq həm büdcə gəlirlərində, həm də əmlak
vergisinin yığımında, ən əsası isə bələdiyyəni
“qara” işlərə təhrik edilməsinin qarşısının alınmasında ciddi irəliləyişə nail olublar. Nəticədə
ortaya konkret təcrübə qoya biliblər. Bu təcrübənin əsasını isə vətəndaş
məmnunluğu təşkil edir.
***
Beləliklə, yuxarıda yazılanlardan
belə qənaətə gələ bilərik ki, bələdiyyə-icra münasibətlərinin sivil
münasibətlər üzərində qurulduğu rayonlarda bələdiyyənin həm çəkisi, həm büdcə gəliri
yerində olur və ən əsası hər hansı quruma borcu olmur.
Göründüyü kimi, Xətai, Nərimanov, Yasamal,
Nəsimi və Səbail rayonlarında, habelə Sumqayıt və Gəncə şəhərində bələdiyyə-icra
münasibətləri sivil formada qurulduğundan adiçəkilən bələdiyyələrin büdcə
gəlirləri yüksələn xətt üzrə gedir və nəticədə adları çəkilən bələdiyyələrin
təcrübəsi yayıla biləcək bir səvviyyəyə
çatıb.
Belə qənaətə gəlmək olar ki,
bələdiyyə sədri yerindədirsə və rayonun siyasi rəhbəri bələdiyyənin inkişafına maraqlıdırsa
vətəndaşın üzləşdiyi problemin də həlli sürətlənər, nəticədə vətəndaş məmnunluğu
da təmin edilmiş olar.
Odur ki, RİH başçılarından
və RİH-də çalışan məmurlarından xahiş edirəm borclu bələdiyyələri yükləyib
onları daha da ağır vəziyyətə salmasınlar, əksinə bələdiyyələrin inkişafına
dəstək verib onların cəmiyyətdə nüfuzunun artmasına və ən əsası DSMF borcunun
bağlanmasına dəstək versinlər.
Vüqar Tofiqli
Rəylər
0 Rəy