Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-11-2026 , 19:20

84

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələr  institusional imkanları olan yerli özünüidarəetmə institutları kimi formalaşmalıdırlar


Səyavuş Növruzov, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri 

Azərbaycan Respublikasının Konstitusiyasında yerli icra hakimiyyəti və yerli özünüidarəetmə ayrı-ayrı institutlar kimi təsbit olunub. Bu iki idarəetmə mexanizminin özünəməxsus funksiyaları, hüquqi əsasları və məsuliyyət çərçivəsi mövcuddur.

Hazırda yerli icra hakimiyyətlərinin bütövlükdə ləğv edilməsi ilə bağlı təsdiqlənmiş konkret islahat planı barədə məlumat yoxdur. Bununla belə, yerli idarəetmə sisteminin təkmilləşdirilməsi, bələdiyyələrin rolunun artırılması və onların fəaliyyətinin daha səmərəli təşkili daim diqqətdə saxlanılmalı olan məsələlərdir.

Yerli icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında səlahiyyət və məsuliyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsində əsas məqsəd qurumların bir-birini təkrarlaması deyil, hər birinin öz səlahiyyətləri çərçivəsində konkret nəticəyə görə məsuliyyət daşıması olmalıdır. Bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində daha fəal iştirak etməli, onların abadlıq, yerli infrastruktur, sosial və ekoloji proqramların həyata keçirilməsində imkanları genişləndirilməlidir.

Eyni zamanda, dövlət orqanlarının qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri və dövlət idarəçiliyinin vahidliyi prinsipi qorunmalıdır.

Təkrarlanan funksiyaların aradan qaldırılması, səlahiyyətlərin dəqiqləşdirilməsi və qurumlar arasında koordinasiyanın gücləndirilməsi vacibdir. İdarəetmə modelinin təkmilləşdirilməsi isə mərhələli, hüquqi və institusional əsaslandırılmış şəkildə həyata keçirilməlidir.

İdarəetmə sistemində aparılan struktur və kadr dəyişikliklərinin əsas məqsədi səmərəliliyin artırılması, mövcud resurslardan daha düzgün istifadə olunması və dövlət vəsaitinə qənaət edilməsidir.

Əgər bir nümayəndəlik bir neçə yaşayış məntəqəsinə xidmət göstərirsə, həmin ərazidə iş yükü və vətəndaş müraciətlərinin sayı da qiymətləndirilməlidir.

Hesab edirəm ki, ixtisarlar zamanı sosial müdafiəyə ehtiyacı olan şəxslərin, şəhid ailələrinin üzvlərinin, müharibə veteranlarının və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalara aid insanların hüquqları qorunmalıdır. Eyni zamanda, əhalinin gündəlik müraciətlərinin cavablandırılması və dövlət xidmətlərinə əlçatanlıq məsələsi diqqətdən kənarda qalmamalıdır.

İşğaldan azad edilmiş ərazilərdə idarəetmə sisteminin formalaşdırılması,  yerli özünüidarəetmə institutlarının yaradılması və sosial-iqtisadi həyatın bərpası kompleks yanaşma tələb edir. Bələdiyyə idarəetməsinə keçid məsələsi də məhz bu proseslərin gedişi ilə əlaqəli şəkildə nəzərdən keçirilməlidir. İlk növbədə, ərazilərin inzibati-ərazi bölgüsü, bələdiyyələrin ərazi sərhədləri, mülkiyyət və torpaq münasibətləri, yerli büdcələrin formalaşdırılması, habelə idarəetmə üçün zəruri institusional və kadr imkanları müəyyənləşdirilməlidir.

Regionlarda demoqrafik proseslər, əhalinin sayının azalması, əmək qabiliyyətli insanların şəhərlərə üz tutması, digər yaşayış məntəqələrində isə əhali sıxlığının artması idarəetmənin təşkilinə yeni yanaşmalar tələb edir. Lakin kəndlərin birləşdirilməsi məsələsi yalnız əhalinin sayına əsasən həll edilməməlidir.

Burada coğrafi məsafə, nəqliyyat əlçatanlığı, tarixi və mədəni xüsusiyyətlər, sosial infrastruktur, əhalinin məşğulluğu və həmin yaşayış məntəqələrinin gələcək inkişaf perspektivləri də qiymətləndirilməlidir.

Xüsusilə nəzərə almaq lazımdır ki, kəndlərin birləşdirilməsi və ya inzibati ərazi sərhədlərinin dəyişdirilməsi insanların dövlət xidmətlərinə çıxışını çətinləşdirməməli, əksinə, idarəetməni daha əlçatan və səmərəli etməlidir.

Regional məsələlər komitəsinin qarşısında duran əsas vəzifələrdən biri yerli özünüidarəetmə sisteminin qanunvericilik bazasının təkmilləşdirilməsi, bələdiyyələrin fəaliyyətində mövcud olan problemlərin aradan qaldırılması və regionların inkişafına hüquqi dəstəyin gücləndirilməsidir.

İlk növbədə, bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi, yerli vergi və ödənişlərin yığılması mexanizmlərinin təkmilləşdirilməsi, torpaq və əmlak məlumatlarının dəqiqləşdirilməsi, bələdiyyələrin mülkiyyət hüquqlarının təmin olunması məsələləri diqqət mərkəzindədir.

Xüsusilə bələdiyyələrin ərazilərinə və torpaqlarına dair xəritə və kadastr məlumatlarının tam şəkildə təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Çünki bələdiyyə öz ərazisini, mülkiyyətində olan torpaqları və vergi bazasını dəqiq bilmədən yerli büdcə gəlirlərini düzgün planlaşdıra bilməz.

Hazırda komitənin qanunvericilik gündəliyində yerli özünüidarəetmənin gücləndirilməsi, bələdiyyələrin maliyyə dayanıqlığının artırılması və dövlət orqanları ilə qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi prioritet istiqamətlərdəndir.

Regional məsələlər komitəsinin fəaliyyətində diqqət yetirdiyimiz problemlərdən biri bələdiyyələrin malik olduğu hüquq və səlahiyyətlərin real imkanlarla tam uzlaşdırılmamasıdır.

 Bələdiyyələrin öz ərazilərində yerləşən torpaq və daşınmaz əmlak barədə tam və dəqiq məlumatlara çıxışının təmin olunması, müvafiq xəritə və kadastr sənədlərinin hazırlanması onların gəlir mənbələrinin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir. Bu məsələlər uzun müddətdir gündəmdədir və aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyətini tələb edir.

Digər tərəfdən, bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi də əsas məsələlərdəndir. Məsələn, 2027-ci ilin dövlət büdcəsi layihəsində yerli büdcələrə 7,5 milyon manat dotasiya və 1 milyon 550 min manat subvensiya ayrılması nəzərdə tutulub. Bu vəsaitlərin bölgüsündə əhalinin sayı, ərazinin xüsusiyyətləri, sosial-iqtisadi vəziyyət və bələdiyyələrin gəlir imkanları nəzərə alınmalıdır.

Bu məsələlərin həlli yalnız bir dövlət qurumunun fəaliyyəti ilə məhdudlaşmır. İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Vergi Xidməti və digər aidiyyəti qurumlar öz səlahiyyətləri çərçivəsində prosesə töhfə verməlidirlər.

Regional məsələlər komitəsi isə parlament nəzarəti, qanunvericilik təşəbbüsləri, müzakirələr və müvafiq dövlət qurumları ilə əməkdaşlıq vasitəsilə bu məsələlərin həllinə dəstək göstərir.

Mənim əsas yanaşmam ondan ibarətdir ki, bələdiyyələr yalnız qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlərə malik qurumlar kimi deyil, həmin səlahiyyətləri real şəkildə həyata keçirmək üçün kifayət qədər maliyyə, əmlak və institusional imkanları olan yerli özünüidarəetmə institutları kimi formalaşmalıdırlar.

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sabiq bələdiyyə sədrinə ağır itki üz verib

Gündəlik Xəbərlər
23-11-2026
215

Ədliyyə işçilərinin peşə bayramı münasibətilə

Gündəlik Xəbərlər
22-11-2026
383