Bələdiyyələr institusional imkanları olan yerli özünüidarəetmə institutları kimi formalaşmalıdırlar
Səyavuş Növruzov, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri
Azərbaycan Respublikasının Konstitusiyasında yerli icra hakimiyyəti və yerli özünüidarəetmə ayrı-ayrı institutlar kimi təsbit olunub. Bu iki idarəetmə mexanizminin özünəməxsus funksiyaları, hüquqi əsasları və məsuliyyət çərçivəsi mövcuddur.
Hazırda yerli icra hakimiyyətlərinin bütövlükdə ləğv
edilməsi ilə bağlı təsdiqlənmiş konkret islahat planı barədə məlumat yoxdur.
Bununla belə, yerli idarəetmə sisteminin təkmilləşdirilməsi, bələdiyyələrin
rolunun artırılması və onların fəaliyyətinin daha səmərəli təşkili daim diqqətdə
saxlanılmalı olan məsələlərdir.
Yerli icra hakimiyyəti orqanları ilə bələdiyyələr
arasında səlahiyyət və məsuliyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsində əsas
məqsəd qurumların bir-birini təkrarlaması deyil, hər birinin öz səlahiyyətləri
çərçivəsində konkret nəticəyə görə məsuliyyət daşıması olmalıdır. Bələdiyyələr
yerli əhəmiyyətli məsələlərin həllində daha fəal iştirak etməli, onların
abadlıq, yerli infrastruktur, sosial və ekoloji proqramların həyata keçirilməsində
imkanları genişləndirilməlidir.
Eyni zamanda, dövlət orqanlarının qanunvericiliklə
müəyyən edilmiş səlahiyyətləri və dövlət idarəçiliyinin vahidliyi prinsipi
qorunmalıdır.
Təkrarlanan funksiyaların aradan qaldırılması, səlahiyyətlərin
dəqiqləşdirilməsi və qurumlar arasında koordinasiyanın gücləndirilməsi
vacibdir. İdarəetmə modelinin təkmilləşdirilməsi isə mərhələli, hüquqi və
institusional əsaslandırılmış şəkildə həyata keçirilməlidir.
İdarəetmə sistemində aparılan struktur və kadr dəyişikliklərinin
əsas məqsədi səmərəliliyin artırılması, mövcud resurslardan daha düzgün istifadə
olunması və dövlət vəsaitinə qənaət edilməsidir.
Əgər bir nümayəndəlik bir neçə yaşayış məntəqəsinə
xidmət göstərirsə, həmin ərazidə iş yükü və vətəndaş müraciətlərinin sayı da
qiymətləndirilməlidir.
Hesab edirəm ki, ixtisarlar zamanı sosial müdafiəyə
ehtiyacı olan şəxslərin, şəhid ailələrinin üzvlərinin, müharibə veteranlarının
və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalara aid insanların
hüquqları qorunmalıdır. Eyni zamanda, əhalinin gündəlik müraciətlərinin
cavablandırılması və dövlət xidmətlərinə əlçatanlıq məsələsi diqqətdən kənarda
qalmamalıdır.
İşğaldan azad edilmiş ərazilərdə idarəetmə
sisteminin formalaşdırılması, yerli
özünüidarəetmə institutlarının yaradılması və sosial-iqtisadi həyatın bərpası
kompleks yanaşma tələb edir. Bələdiyyə idarəetməsinə keçid məsələsi də məhz bu
proseslərin gedişi ilə əlaqəli şəkildə nəzərdən keçirilməlidir. İlk növbədə, ərazilərin
inzibati-ərazi bölgüsü, bələdiyyələrin ərazi sərhədləri, mülkiyyət və torpaq
münasibətləri, yerli büdcələrin formalaşdırılması, habelə idarəetmə üçün zəruri
institusional və kadr imkanları müəyyənləşdirilməlidir.
Regionlarda demoqrafik proseslər, əhalinin sayının
azalması, əmək qabiliyyətli insanların şəhərlərə üz tutması, digər yaşayış məntəqələrində
isə əhali sıxlığının artması idarəetmənin təşkilinə yeni yanaşmalar tələb edir.
Lakin kəndlərin birləşdirilməsi məsələsi yalnız əhalinin sayına əsasən həll
edilməməlidir.
Burada coğrafi məsafə, nəqliyyat əlçatanlığı,
tarixi və mədəni xüsusiyyətlər, sosial infrastruktur, əhalinin məşğulluğu və həmin
yaşayış məntəqələrinin gələcək inkişaf perspektivləri də qiymətləndirilməlidir.
Xüsusilə nəzərə almaq lazımdır ki, kəndlərin birləşdirilməsi
və ya inzibati ərazi sərhədlərinin dəyişdirilməsi insanların dövlət xidmətlərinə
çıxışını çətinləşdirməməli, əksinə, idarəetməni daha əlçatan və səmərəli etməlidir.
Regional məsələlər komitəsinin qarşısında duran əsas
vəzifələrdən biri yerli özünüidarəetmə sisteminin qanunvericilik bazasının təkmilləşdirilməsi,
bələdiyyələrin fəaliyyətində mövcud olan problemlərin aradan qaldırılması və
regionların inkişafına hüquqi dəstəyin gücləndirilməsidir.
İlk növbədə, bələdiyyələrin maliyyə imkanlarının
genişləndirilməsi, yerli vergi və ödənişlərin yığılması mexanizmlərinin təkmilləşdirilməsi,
torpaq və əmlak məlumatlarının dəqiqləşdirilməsi, bələdiyyələrin mülkiyyət
hüquqlarının təmin olunması məsələləri diqqət mərkəzindədir.
Xüsusilə bələdiyyələrin ərazilərinə və torpaqlarına
dair xəritə və kadastr məlumatlarının tam şəkildə təmin edilməsi mühüm əhəmiyyət
daşıyır. Çünki bələdiyyə öz ərazisini, mülkiyyətində olan torpaqları və vergi
bazasını dəqiq bilmədən yerli büdcə gəlirlərini düzgün planlaşdıra bilməz.
Hazırda komitənin qanunvericilik gündəliyində yerli
özünüidarəetmənin gücləndirilməsi, bələdiyyələrin maliyyə dayanıqlığının
artırılması və dövlət orqanları ilə qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi
prioritet istiqamətlərdəndir.
Regional məsələlər komitəsinin fəaliyyətində diqqət
yetirdiyimiz problemlərdən biri bələdiyyələrin malik olduğu hüquq və səlahiyyətlərin
real imkanlarla tam uzlaşdırılmamasıdır.
Bələdiyyələrin
öz ərazilərində yerləşən torpaq və daşınmaz əmlak barədə tam və dəqiq məlumatlara
çıxışının təmin olunması, müvafiq xəritə və kadastr sənədlərinin hazırlanması
onların gəlir mənbələrinin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir. Bu
məsələlər uzun müddətdir gündəmdədir və aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyətini
tələb edir.
Digər tərəfdən, bələdiyyələrin maliyyə imkanlarının
genişləndirilməsi də əsas məsələlərdəndir. Məsələn, 2027-ci ilin dövlət büdcəsi
layihəsində yerli büdcələrə 7,5 milyon manat dotasiya və 1 milyon 550 min manat
subvensiya ayrılması nəzərdə tutulub. Bu vəsaitlərin bölgüsündə əhalinin sayı, ərazinin
xüsusiyyətləri, sosial-iqtisadi vəziyyət və bələdiyyələrin gəlir imkanları nəzərə
alınmalıdır.
Bu məsələlərin həlli yalnız bir dövlət qurumunun fəaliyyəti
ilə məhdudlaşmır. İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti,
Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Vergi Xidməti və digər aidiyyəti
qurumlar öz səlahiyyətləri çərçivəsində prosesə töhfə verməlidirlər.
Regional məsələlər komitəsi isə parlament nəzarəti,
qanunvericilik təşəbbüsləri, müzakirələr və müvafiq dövlət qurumları ilə əməkdaşlıq
vasitəsilə bu məsələlərin həllinə dəstək göstərir.
Mənim əsas yanaşmam ondan ibarətdir ki, bələdiyyələr
yalnız qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlərə malik qurumlar kimi
deyil, həmin səlahiyyətləri real şəkildə həyata keçirmək üçün kifayət qədər
maliyyə, əmlak və institusional imkanları olan yerli özünüidarəetmə
institutları kimi formalaşmalıdırlar.
Rəylər
0 Rəy