Elmin Həsənov: “Bələdiyyə torpaqlarından səmərəli istifadə və yerli büdcə gəlirlərinin artırılması prioritet istiqamətlərdəndir”
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra ölkənin qarşısında yeni strateji vəzifələr dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının əsasını güclü dövlət, dayanıqlı iqtisadiyyat və genişmiqyaslı quruculuq işləri təşkil edir. Bu proseslər ölkənin bütün bölgələrini əhatə edir, əhalinin rifahının yüksəldilməsinə və regionların tarazlı inkişafına xidmət edir.
Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə keçirilən “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfransda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin rəisi Elmin Həsənov deyib.
Elmin Həsənov bildirib ki, bələdiyyələrin maliyyə dayanıqlığının gücləndirilməsi, torpaqlardan səmərəli istifadə, yerli büdcə gəlirlərinin artırılması və fəaliyyətlərində şəffaflığın təmin edilməsi əsas prioritet istiqamətlərdəndir.
Baş idarə rəisinin sözlərinə görə, regionların sosial-iqtisadi inkişafında bələdiyyələrin də mühüm rolu var. Yerli özünüidarəetmə orqanları əhalinin gündəlik problemlərinin həlli, yerli infrastrukturun inkişafı, abadlıq işlərinin aparılması, ətraf mühitin qorunması və digər yerli əhəmiyyətli məsələlərdə fəal iştirak etməlidirlər. Bu vəzifələrin səmərəli icrası isə, ilk növbədə, bələdiyyələrin maliyyə imkanlarından və mövcud resurslardan düzgün istifadə edilməsindən asılıdır. Bələdiyyə torpaqlarının qanunsuz ayrılması ilə bağlı qərarlar ləğv edilib
İdarə rəisi bildirib ki, Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və metodoloji yardım çərçivəsində qanunçuluğun təmin edilməsi, hüquqpozuntularının qarşısının alınması və onların yaranmasına səbəb olan halların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir. O qeyd edib ki, bələdiyyə torpaqlarından qanunauyğun və səmərəli istifadə regional inkişafın, kənd təsərrüfatının dəstəklənməsinin və əhalinin rifahının yüksəldilməsinin mühüm şərtlərindən biridir.
Cari ilin ilk 9 ayı ərzində 2 565 hektar torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğvi istiqamətində müvafiq tədbirlər görülüb. Nəticədə 2 552 hektar torpaq sahəsinin icarəyə, 13 hektar torpaq sahəsinin isə mülkiyyətə verilməsinə dair qanunsuz bələdiyyə qərarları ləğv edilib. Həmin torpaq sahələrinin 2 000 hektarını örüş sahələri təşkil edir. Bu torpaqların bələdiyyə mülkiyyətinə qaytarılması onların daha düzgün və ədalətli istifadəsinə, kənd təsərrüfatının dəstəklənməsinə xidmət edir.
Torpaq icarə haqlarının və vergilərin düzgün hesablanmasına diqqət artırılır
Elmin Həsənov vurğulayıb ki, torpaqlardan səmərəli istifadə ilə yanaşı, icarə haqlarının və torpaq vergilərinin düzgün hesablanması da Nazirliyin əsas fəaliyyət istiqamətlərindəndir.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin təsdiq etdiyi strateji hədəflər üzrə 2026-cı il üçün İş Planında bələdiyyə torpaqlarına dair icarə münasibətlərinin mövcud vəziyyətinin təhlili ilə bağlı müvafiq tapşırıq müəyyən edilib. Bu çərçivədə bələdiyyələrin istifadəsində və icarəsində olan torpaqlar araşdırılıb, müəyyən çatışmazlıqlar aşkar edilib. Hazırda həmin çatışmazlıqların aradan qaldırılması, bələdiyyə büdcələrinə daxilolmaların artırılması, torpaq sahələrindən səmərəli istifadə və qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində metodoloji iş aparılır. Eyni zamanda icarə ödənişlərinin düzgün hesablanması və bazar qiymətlərinə uyğunlaşdırılması məsələləri də təhlil edilir. Torpaqlardan qanunsuz istifadə hallarının qarşısının alınması üçün digər dövlət orqanları ilə əməkdaşlıq həyata keçirilir.
Yerli büdcələrin gəlirlərinin artırılması əsas hədəflərdəndir. İdarə rəisi bildirib ki, bələdiyyələrin sosial-iqtisadi layihələrin həyata keçirilməsində iştirakının genişləndirilməsi onların maliyyə dayanıqlığının artırılmasını zəruri edir. Bu məqsədlə yerli büdcələrin gəlir imkanları təhlil olunur, mövcud potensialdan səmərəli istifadə və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər görülür. O qeyd edib ki, bələdiyyələr yalnız yeni maliyyə mənbələrinin cəlb edilməsinə deyil, həm də ərazilərində mövcud olan potensialın düzgün uçota alınmasına və ondan səmərəli istifadəyə diqqət yetirməlidirlər.
Bələdiyyələrin milli assosiasiyaları tərəfindən yaradılmış müvafiq informasiya sistemi də bu sahədə mühüm dəstək vasitəsidir. Sistem bələdiyyələrin fəaliyyətinin təşkilinə və yerli vergi yığımlarının yaxşılaşdırılmasına, xüsusilə mərkəzləşdirilmiş yanaşmanın tətbiqinə imkan yaradır. Elmin Həsənovun sözlərinə görə, görülən işlər nəticəsində yerli büdcə gəlirlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,5 faiz artım qeydə alınıb. Daha ətraflı göstəricilərin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı növbəti illik məruzədə təqdim olunacağı bildirilib.
Şəhərsalma və abadlıq işlərində bələdiyyələrin iştirakı genişləndirilir.
2026-cı ilin ölkədə Şəhərsalma və Memarlıq İli elan edilməsi ilə əlaqədar bələdiyyələrin quruculuq, abadlıq və ətraf mühitin qorunması sahəsində fəaliyyətinin dəstəklənməsi istiqamətində metodoloji işlər aparılır. Bu məqsədlə bələdiyyələrə müvafiq tövsiyələr və metodik vəsaitlər göndərilib. İdarə rəisi qeyd edib ki, cari ilin ilk 6 ayı ərzində aparılmış təhlillərə əsasən, bələdiyyələr tərəfindən bu sahəyə 3,5 milyon manatdan artıq vəsait ayrılıb.
Bələdiyyələrə 5 mindən artıq tövsiyə məktubu göndərilib.
Elmin Həsənov bələdiyyələrin institusional inkişafında insan resurslarının və kadr potensialının gücləndirilməsinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, yeni qəbul olunmuş qanunvericilik aktları və müvafiq dəyişikliklərlə bağlı bələdiyyələrə 5 mindən artıq tövsiyə məktubu göndərilib. Bu sənədlər, əsasən, qrant münasibətlərini, turizm sahəsini və ölkənin digər mühüm iqtisadi istiqamətlərini əhatə edən qanunvericilik dəyişiklikləri ilə bağlı hazırlanıb.
Bələdiyyələrin fəaliyyətində rəqəmsallaşma və şəffaflıq gücləndirilir.
İdarə rəisi bildirib ki, Bələdiyyələrin İş İnformasiya Sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Sistem əhalinin bələdiyyə xidmətlərinə çıxışının asanlaşdırılmasına, hesabatlılığın artırılmasına və ictimai şəffaflığın təmin edilməsinə xidmət edəcək.
Hazırda sistemin ayrı-ayrı funksiyaları test rejimində istifadəyə verilib və müəyyən məlumatlar artıq sistemdə əksini tapıb. Gələcəkdə bələdiyyələrin dövri hesabatlarının sistemdə yerləşdirilməsi və ictimaiyyət üçün əlçatan olması nəzərdə tutulur.
Bununla yanaşı, Gəlir-Xərc Portalının tətbiqi istiqamətində də işlər görülür. Artıq bir sıra bələdiyyələr portalın imkanlarından istifadə edirlər. Portalın yerli büdcələrin gəlir və xərclərinin daha şəffaf şəkildə əks etdirilməsinə və əhalinin bu məlumatlarla tanış olmasına imkan yaratması nəzərdə tutulur.
Elmin Həsənov vurğulayıb ki, büdcə vəsaitlərinin toplanması qədər onların qanunvericiliyin tələblərinə uyğun və səmərəli xərclənməsi də vacibdir. Ədliyyə Nazirliyinin inzibati nəzarət fəaliyyətində əsas məqsədlərdən biri bələdiyyələrin işində operativliyin, şəffaflığın və qanunçuluğun təmin edilməsidir. O, bu istiqamətdə Prezident Administrasiyası, Milli Məclis, xüsusilə Regional məsələlər komitəsi, bələdiyyələrin milli assosiasiyaları və digər dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın həyata keçirildiyini bildirib.
Belediyye.info
Rəylər
0 Rəy