Xan şəhərində xanın əlamətlərini niyə görə bilmədim? CİDDİ
Quba səfəri barədə bəzi məlumatları və gəldiyim qənaəti oxucularımın diqqətinə çatdırmaq istərdim.
Layihə çərçivəsində Quba rayonunda olarkən bir çox tarixi əhəmiyyəti yerli abidələri bələdiyyə qulluqçusu Həbib müəllimlə birgə ziyarət etdim. Şəhərin özündə olan "Cümə", "Səkinəxanim", "Ərdəbil" məscidlərini, XİX əsrə aid edilən qədim yaşayış binalarını, Tüləkəran bələdiyyəsinin ərazisində, habelə Alpan və Susay kəndlərində olan bir sıra qədim abidələri, o cümlədən qədim dulusçuluq sənətini yaşadan ailə ilə tanış olub, gördüyü işlərə baxdım. "Cümə" məscidində ziyarətçilərlə maraqlı söhbətim oldu. Əlavə edim ki, "Səkinə xanım" məscidində isə təcili şəkildə bərpa-konservasiya işləri aparılmasa yaxın gələcəkdə ciddi problemlə üz üzə qala bilərik.
Səfər zamanı vaxt tapıb Afurca şəlaləsini də ziyarət etdim.
Şəlalənin ziyarəti mənim üçün çox ağır gəlsə də, bu gözəlliyi görmək özü bir xoşbəxtlik idi.
Etdiyim ziyarətlərdən hansı qənaətə gələ bilərəm:
1) Biz özündə maddi-mədəni irsimizin daşıyıcısı olan abidələri layiqincə qoruya bilməmişik. Ümumiyyətlə bu məsələyə çox biganə yanaşırıq. Mədəniyyət nazirliyinin bu istiqamətdə yürütdüyü siyasəti qənaətbəxş hesab etmək olmaz. Konkret...
2) Hazırda Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə Quba rayonunda 81 yerli əhəmiyyətli abidə qeydiyyata alınıb. Ancaq etiraf edim ki, Quba meydanından üzü Xınalığa doğru hərəkət etdikcə, siyahıya düşməli olan kifayət qədər abidə var. Bununla bağlı səlahiyyətli qurumların səlahiyyətli işçi qrupu yenidən ərazidə monitorinq aparmaqla siyahıya əlavə edilməli olanların siyahısını tərtib etməli və təsdiq üçün təkliflər paketini müvafiq quruma təqdim etməlidir. Konkret...
3) Bu gün Quba rayonunda siyahıda olub, lakin əsaslı şəkildə bərpa konservasiya işlərinin aparılmasına ehtiyacı olan onlarca abidə - yaşayış binası və məscid var. Yaxın günlərdə həmin abidələrdə bərpa işləri aparılmasa, hesab edin ki, beş ildən sonra abidələrin sayında ciddi azalma baş verə bilər.
4) Mədəniyyət nazirliyinin müvafiq dövlət xidməti tərəfindən ucqar abidələrdə məlumat lövhəsi vurulsa da, şəhərdə olan onlarca abidəyə hər hansı məlumat lövhəsinin vurulmamasi təəsüf və təəccüb doğurur.
4) Özəl mülkiyyətdə olan abidələrin bir çoxu heç də mülkiyyətçi tərəfindən təmir edilməsi mümkün deyil! Çünki bina sahiblərinin maliyyə imkanları buna imkan vermir.Demək, bu işdə Mədəniyyət nazirliyi qanunlara, normativ- hüquqi sənədlərə düzəlişlərin edilməsi üçün təklifini hazırlamalı, bununla bağlı yaranan suallara özü cavab verməli və prosesin icrasını tam şəkildə imkansız mülkiyyətçinin üzərinə atmamalıdır. Qədim tarixinizə göstərilən bu etinasızlıq bütün hallarda zəngin tarixə sahib olan bir rayona qarşı hörmətsizlik kimi də qəbul edilə bilər.
Ən təssüfedici fakt odur ki, Xan şəhəri olmuş şəhərdə xanla bağlı bir maddi mədəni irs nümunəsi qalmayıb. Hər halda müvafiq qurumlar məhz bu suala da cavab versələr pis olmaz.
Düşünürəm ki, qədim Qubanın mədəniyyət abidələrini qoruyub mühafizə etməklə şəhərin həm də turizm potensialını kifayət qədər artırmış oluruq. Qoyulan sərmayənin turizmin inkişafı ilə geri qayıdacağına tam əminəm. Gözləyək. Yəqin ki , Mədəniyyət nazirliyi nəhayət hərəkətə keçəcək...
Kaski, biz bu günü görə biləydik. Nə isə...
(Ardı var)
Vüqar Tofiqli
Rəylər
0 Rəy