Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-10-2023 , 18:54

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Yerli büdcənin tərtibi

Məlumdur ki, bələdiyyələrin maliyyə-iqtisadi fəaliyyətində yerli büdcənin tərtibi, təsdiqi və icrası xüsusi əhəmiyyət kəsb edir. Lakin bəzən bələdiyyələr tərəfindən büdcənin tərtib edilmədiyi, büdcənin qanunvericilikdə qeyd olunan tarixlərdə təsdiq edilmədiyi, yerli büdcə komissiyasında müzakirə edilmədən bələdiyyə büdcəsinin tərtib edildiyi, bələdiyyə büdcəsinin kəsirlə icra olunmasına baxmayaraq büdcənin tarazlaşdırlmasının aparılmadığı, eləcə də büdcənin icrası zamanı qanunvericiliyin tələblərinə əməl edilmədiyi hallarına da rast gəlinir.

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunda qeyd olunur ki, yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir.

Qeyd etmək lazımdır ki, yerli büdcə bələdiyyə büdcəsi olub dövlət büdcəsinin tərkib hissəsi deyildir.

Bələdiyyə büdcəsinin qəbul edilməsi prosesi müəyyən mərhələlərdən keçir. Bu proses bütövlükdə büdcə layihəsinin hazırlanması, büdcənin müzakirəsi və təsdiqi, habelə büdcənin icrası mərhələlərini əhatə edir. Yerli büdcənin tərtibi və icrası büdcə sisteminin qanunvericiliklə müəyyən edilmiş ümumi prinsipləri əsasında və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatına uyğun olaraq həyata keçirilir.

Qanunvericiliyə görə bələdiyyələrin müvafiq komissiyalarında yerli büdcə layihəsinin tərtibi və onun müzakirəsi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir. Yerli büdcə layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədlə o, bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssisləri cəlb edə bilər.

Yerli büdcənin layihəsi sosial-iqtisadi proqnozlar və məqsədli proqramlar əsasında tərtib edilir. Bu məqsədlə büdcə kommisiyası büdcənin əsas göstəriciləri üzrə bütün təsərrüfat və büdcə xidməti sahələrinin təkliflərini nəzərə alaraq, onları uzlaşdıraraq mədaxil və məxaric üzrə büdcə layihəsini hazırlayırlar.

Bələdiyyələrin büdcələrinin planlaşdırılmasına gəlirlərin planlaşdırılmasından başlanılır. İlk növbədə ötən ilin büdcəsini təhlil etməklə müxtəlif gəlir mənbələrindən daxil olan gəlirin artması və ya azalması müəyyənləşdirilir. Büdcənin gəlir və xərc hissələrinin balanslaşdırılması üçün dövlət büdcəsindən bələdiyyə büdcəsinə verilən maliyyə ayırmaların (dotasiya, subsidiya, subvensiya) məbləğinin müəyyən edilməsi şərh edilir, əmələ gələn büdcə kəsri, onun səbəbləri, maliyyələşmə mənbələri izah edilir.

Yerli büdcənin gəlirləri “Büdcə sistemi haqqında” Qanunun 33-cü, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 7-ci, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 8-ci və 9-cu maddələrinə uyğun olaraq formalaşır.

Yerli büdcənin tərtibi prosesində xərclərin düzgün bölüşdürülməsi də vacib amildir. Yerli büdcələrin xərclərinin həcmi və istiqamətlərinin müəyyənləşdirilməsində bələdiyyələr müstəqildir. Yerli büdcələrin xərcləri hər il üçün proqnozlaşdırılır və büdcə ili ərzində icra olunur. Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır.

Yerli büdcələrdə həmçinin yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf, habelə ekoloji proqramların maliyyələşdirilməsi üçün xərclər nəzərdə tutula bilər.

Bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədi ilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir.

Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkhaqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz.

Yerli sosial müdafiə, ekoloji, həmçinin iqtisadi və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi ilə bağlı layihələrin həyata keçirilməsi, həmçinin qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə həvalə edilən əlavə səlahiyyətlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsindən yerli büdcələrə subvensiya ayrılması üçün müvafiq bələdiyyələrin və onların təmsil olunduqları milli assosiasiyaların cari il martın 15-dək verilən təklifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 gün müddətində öyrənilir, onların qəbul edilib-edilməməsi barədə aidiyyəti bələdiyyələrə məlumat verilir. İcrası üçün vəsait ayrılmasına razılıq verilmiş layihələrlə bağlı müvafiq maliyyə-iqtisadi əsaslandırmalarla birlikdə “Büdcə sistemi haqqında” Qanunun 11.14-cü maddəsi ilə müəyyən edilən sənədlər və məlumatlar mayın 1-dək bələdiyyələr tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Dövlət büdcəsindən ayrılmış subvensiyalar bələdiyyələr tərəfindən təqdim edilmiş layihələrə uyğun olaraq, hər il fevralın 15-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən bölünür.

Büdcə komissiyası büdcə layihəsini tərtib etdikdən sonra yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Bələdiyyələrin fəaliyyətində şəffaflıq əsas prinsiplərdən biri olduğundan bələdiyyələr yerli büdcə layihəsini hazırlayarkən və ya icra edərkən bu proresə yerli əhalini cəlb etməli və onları davamlı olaraq büdcə haqqında məlumatlandırılmalıdırlar. Bu məqsədlə yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir.

Bələdiyyə iclasında müzakirə olunduqdan sonra  büdcə layihəsi son variantda işlənməsi üçün büdcə komissiyasına qaytarılır. Bələdiyyələrin növbəti iclasında yerli büdcənin layihəsinin yekun variantı bir daha nəzərdən keçirilir və növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir. Növbəti maliyyə ili üçün dövlət büdcəsindən dotasiya nəzərdə tutulan yerli büdcənin layihəsi cari ilin dekabr ayının 25-dən gec olmayaraq bələdiyyənin qərarı şəklində təsdiq edilir.

Bələdiyyələr yerli büdcənin icrası prosesində gəlir və xərc maddələrində büdcə təsnifatı üzrə təsdiq edilmiş təxsisat həddində dəyişikliklər aparıla bilərlər. Lakin dövlət büdcəsindən alınmış məqsədli vəsaitlər burda istisna təşkil edir.

Büdcənin icrası prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait azalarsa və bu, kəsrin son həddi aşmasına gətirib çıxararsa, məxaricin ixtisarı mexanizmi tətbiq edilə bilər. Məxaricin ixtisarı müdafiə olunmuş maddələr istisna olmaqla, büdcənin bütün maddələri üzrə məxaricin mütənasib surətdə azaldılmasından ibarətdir.

“Büdcə sistemi haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları isə növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) iş günü müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, rəsmi internet saytı və s. vasitələrlə çatdırırlar.

Qeyd edirik ki, büdcə prosesinin səmərəli nəticələrə gətirib çıxarması üçün onun strateji planla əlaqəli hazırlanması və həyata keçirilməsi tələb olunur. Bu proses qanunvericiliyə uyğun olaraq müəyyənləşdirilmiş müddətdə və ardıcılıqla həyata keçirilməlidir. Yerli büdcələrin tərtibi prosesində qanunvericiliyin tələblərinə əməl edilməməsi bələdiyyənin müvafiq vəzifəli şəxlərinin vəzifə məsuliyyətini yaradır.

Gülay Mahmudzadə

Lənkəran Regional Ədliyyə

İdarəsinin məsləhətçisi


Rəylər

0 Rəy


Rəy yaz