Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-11-2026 , 22:57

126

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Telman Ağabəyov: “Əsas məqsədimiz Salyan bələdiyyəsinin maliyyə imkanlarını gücləndirməkdir”


 Salyan bələdiyyəsinin 2027-ci il üzrə büdcə layihəsi 14 oktyabr 2026-cı il tarixində keçirilən bələdiyyə iclasında müzakirə edilərək qəbul olunub. Bu barədə Salyan bələdiyyəsinin sədri Telman Ağabəyov məlumat verib.

Telman Ağabəyov bildirib ki, 2027-ci il üçün büdcə gəlirlərinin 250 min manat həcmində proqnozlaşdırılması nəzərdə tutulub. Büdcənin gəlir hissəsinin formalaşmasında əsas mənbələri fiziki şəxslərdən tutulan torpaq və əmlak vergiləri, torpaq sahələrinin icarəsindən daxilolmalar, eləcə də bələdiyyə mülkiyyətində olan torpaqların qanunvericiliyə uyğun olaraq özgəninkiləşdirilməsindən əldə edilən vəsaitlər təşkil edir.

Sədrin sözlərinə görə, büdcə gəlirlərinin artırılması, yerli maliyyə imkanlarından səmərəli istifadə olunması və mövcud gəlir mənbələrinin genişləndirilməsi bələdiyyənin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Bu istiqamətdə vergi və digər ödənişlərin vaxtında və tam şəkildə yerli büdcəyə ödənilməsinin təmin edilməsi, həmçinin bələdiyyə torpaqlarından səmərəli istifadə olunması diqqət mərkəzində saxlanılır.

Bildirilib ki, 2027-ci il üzrə büdcə xərclərinin əsas istiqamətləri yerli özünüidarəetmə orqanının fəaliyyətinin və saxlanmasının təmin edilməsi, əhalinin aztəminatlı təbəqələrinə sosial yardımların göstərilməsi, mədəni-kütləvi tədbirlərin təşkili, yaşayış məntəqələrində abadlıq və quruculuq işlərinin aparılması, avtomobil yollarının təmiri, eləcə də aqrar sahənin inkişafına dəstək göstərilməsi ilə bağlı olacaq.

Telman Ağabəyov qeyd edib ki, büdcə vəsaitlərinin bölüşdürülməsi zamanı əhalinin sosial ehtiyacları, yaşayış məntəqələrinin mövcud problemləri və yerli əhəmiyyətli məsələlərin həlli əsas meyarlar kimi nəzərə alınacaq. Xərclərin məqsədyönlü və səmərəli istifadəsi, görülən işlərin keyfiyyəti və büdcə intizamının qorunması da prioritet istiqamətlərdəndir.

Bələdiyyə sədrinin sözlərinə görə, son illərdə yerli büdcə gəlirlərində müsbət dinamika müşahidə olunur. Belə ki, Salyan bələdiyyəsinin 2025-ci ilin ilk 10 ayı ərzində gəlirləri 125 min 580 manat, 2026-cı ilin müvafiq dövründə isə 144 min 440 manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18 min 860 manat və ya təxminən 15 faiz artım deməkdir.

Sədr vurğulayıb ki, gəlirlərin artması bələdiyyənin yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində maliyyə imkanlarının genişlənməsinə şərait yaradır.

Əsas məqsədimiz Salyan bələdiyyəsinin maliyyə imkanlarını gücləndirmək, büdcə vəsaitlərindən səmərəli istifadə etməklə əhalini narahat edən yerli problemlərin mərhələli şəkildə həllinə nail olmaq, yaşayış məntəqələrində abadlıq və quruculuq işlərini genişləndirməkdir, – deyə Telman Ağabəyov bildirib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər