Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-06-2026 , 09:31

240

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, 2025-ci ildə dövlət büdcəsindən bələdiyyyələrə ayrılan maliyyə vəsaitinin həcmi dövlət büdcəsində nəzərə tutulan rəqəmdən 410.000 manat az olub. Ötən il həm də subvensiya layihələrinin icrası üçün nəzərdə tutulan 1.500.000 manatlıq vəsaitdə  bələdiyyələrə ayrılmayıb. Beləliklə, il ərzində bələdiyyələrə ayrılmalı olan vəsait 1.910.000 manat kəsirlə ödənilib. Yəqin ki, istifadə edilməmiş vəsait yenidən, geri, dövlət büdcəsinə qaytarılıb.

Bununla yanaşı, bələdiyyələrin birləşdirilməsi ilə bağlı məqamları əsas gətirib bələdiyyələrə dotasiya yalnız sentyabr ayında ayrılması da təəssüf hissi doğurdu.  Halbuki ilin birinci yarısında bələdiyyələrə büdcədə nəzərdə tutulan bu vəsait ayrılmalı idi.

Etiraf edək ki, bələdiyyələrin birləşdirilməsindən yaranan suallara gec aydınlıq gətirildiyindən dotasiyanın ayrılmasındakı ləngimə də  müəyyən mənada obyektivlik var idi. Lakin bu vəsaitin kəsirlə verilməsi, üstəlik subvensiyanın ayrılması ilə bağlı gətirilən səbəblər heç bir məntiqə söykənmir. Əgər bu vəsaitin büdcədən ayrılması nəzərdə tutulubsa, sual olunur, niyə vaxtında bələdiyyələrə ayrılmır? İkinicisi subvensiya layihələrinə vəsaitin ayrılmamasını necə başa düşək?

Bütün hallarda etiraf edək ki,  Maliyyə nazirliyinin bələdiyyələrə dotasiyanın və  subvensiyanın verilməsində əvvəlki illərdə müəyyən problemləri olub. Və əsas problem  isə bu sahədə şəffaflığın təmin edilməməsini hesab etmək olar.

Dotasiyanın və subvensiyanın bələdiyyələrə hansı prinsiplərlə ayrılması barədə məlumatı necə əldə etmək olar? Üstəlik, son illərdə subvensiyanın verilməsi necə həyata keçirilib? Bilən varmı. Bu günədək  20-dək bələdiyyəyə ayrılan  subvensiya layihələrinin icrası, gedişi və gələcək taleyi barədə nazirlikdə  hər hansı bir məlumat varmı? Həmin məlumat nazirliyin internet resursundan əldə etmək mümkündürmü?  Nəhayət, həyata keçirilən layihələrin monitorinqi aparılıbmı? Bu barədə ictimaiyyətin hər hansı bir məlumatı varmı? Suallar çoxdur. Və bəzən də verilən suallardan çoxsaylı “qəlpələr” ayrılır. Nə isə...

Fikrimcə, dotasiya bələdiyyələrə, əsasən kənd bələdiyyələrinə, xüsusəndə DSMF və digər borcu olan bələdiyyələrə ayrılması nəzərdə tutulmuş olsaydı daha məqsədəuyğun olardı.

Qısası,  bələdiyyələrə dotasiya və subvensiyanın ayrılması ilə bağlı nazirliyin strateji xəttində dəyişiklik edilməlidir. Konkret. Nazirlik tərəfindən bu sahədə yeniliyin edilməsinə, xüsusəndə şəffaflığın təmin edilməsinə bu gün çox böyük ehtiyac var. Çünki ümumi prosesin  bu cür qeyri-şəffaf keçirilməsi heç bir  bələdiyyəni qane etmir.

Yəni həm bələdiyyələr, həm də ictimaiyyət nazirlikdən bu sahə ilə bağlı yeni strateji proqramı gözləyir. Ölkənin bütün sahələrinin “rəqəmsallaşmaya” keçdiyi bir vaxtda nazirlik bələdiyyələrdən hansısa anketi, sənədi və ya layihəni kağız formatında nə vaxtadək tələb edəcək, maraqlıdır. Tövsiyə edərdim ki, nazirlik bu sahədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin zəngin təcrübəsindən yararlansın. Nə isə...

Belə bir məqamda haqlı olaraq sual yarana bilər, siz nə istəyirsiniz?

Qısa şəkildə cavab verim ki, biz prosesin tam şəffaf keçirilməsini, prosesin icrasının rəqəmsallaşmasını, mövcud olmuş neqativ halların təkrarlanmamasını istəyirik. Özü də bunu tək biz yox, ölkəmizdə formalaşan 685 bələdiyyə də çalışanların hər biri  səbrsizliklə gözləyir. Etiraf edim ki, bu suala daha geniş, daha maraqlı, çoxsaylı faktlarla da cavab verə bilərdim. Sadəcə vaxt almaq istəmirəm.  

Əlavə edim ki, bu ildə bələdiyyələrə 7.5 milyon manat dotasiya, 1.550.000 manat subvensiya ayrılması dövlət büdcəsində təsdiq edilib. Əgər təsdiq edilibsə, demək bu icra olunmalıdır. Daha ləngidib, kəsirlə payızda verməyin nə mənası var?

İnanıram ki, nazirlik rəsmiləri bu kiçik bir yazıda qaldırılan suallara aydınlıq gətirəcəkdir.

Son olaraq onu da əlavə edim ki, əslində mən bələdiyyələrə dotasiyanın verilməsinin tərəfdarı deyiləm. Yerli vergi və rüsumların tarif dərəcələrinə yenidən baxılsa, habelə bələdiyyələrə Əmlak məsələləri Dövlət Xidməti tərəfindən göstərilən ögey münaisbətə son qoyulsa bələdiyyələrə dotasiya ehtiyac olmayacaq. Büdcədə dotasiya üçün nəzərdə tutulan vəsaitin isə subvensiya layihəsi şəklində və müsabiqə keçirməklə bələdiyyələrə verilməsi daha məqsəduyğun ola bilərdi. Nə isə...

Biz fikirlərimizi söylədik. Söz Maliyyə Nazirliyindədir.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
239

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
521