Kamandar Zeynalov: “Xocalı soyqırımı bütövlükdə Azərbaycan xalqının taleyinə yönəlmiş cinayət idi”
Kamandar
Zeynalov: “Xocalı soyqırımı bütövlükdə Azərbaycan xalqının taleyinə yönəlmiş
cinayət idi”
“Fevral
ayı gəldikdə hər birimiz Xocalı soyqırımını bir daha xatırlayırıq. Xocalı
soyqırımı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Lakin bu faciə
həm də milli birliyin, siyasi iradənin və tarixi ədalətə inamın rəmzinə
çevrilmişdir”, – bu fikirləri Belediyye.info-ya Xəzər rayonu Bilgəh bələdiyyəsinin
sədri Kamandar Zeynalov bildirib.
1992-ci
il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş
kütləvi qırğın təkcə bir şəhərə deyil, bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş
cinayət idi.
Ümummilli
Lider Heydər Əliyev Xocalı faciəsini “bütün bəşəriyyətə qarşı tarixi cinayət”
kimi qiymətləndirərək bu hadisəyə hüquqi-siyasi qiymət verilməsinin vacibliyini
xüsusi vurğulamışdır. Məhz Onun təşəbbüsü ilə faciəyə ilk dəfə rəsmi səviyyədə
siyasi-hüquqi qiymət verilmiş və müvafiq sənədlər qəbul edilmişdir. Bu mövqe
sonrakı illərdə dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Rəsmi
statistikaya görə, faciə zamanı 613 nəfər qətlə yetirilmiş (63 uşaq, 106 qadın,
70 ahıl), 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş,
487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. 150 nəfərin taleyi isə bu
günədək məlum deyil. Bu rəqəmlər sadəcə statistika deyil – hər biri bir insan
taleyini, yarımçıq qalmış bir həyat hekayəsini ifadə edir.
Sədr
qeyd edib ki, 2020-ci ilin sentyabr–noyabr aylarında 44 günlük Vətən müharibəsi
zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi möhtəşəm Zəfər
nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən
işğalına son qoyulmuş, dövlətimizin ərazi bütövlüyü bərpa edilmişdir. Son iki əsrə
yaxın dövrdə Azərbaycan xalqına saysız-hesabsız fəlakətlər gətirən erməni
şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə vurulmuşdur. Xocalı soyqırımını
və digər cinayətləri törədənlər layiqli cavablarını döyüş meydanında almışlar.
Bu gün Xocalıda həyat yenidən canlanır, dağıdılmış evlərin yerində yeni binalar ucalır, Azərbaycan bayrağı azad səmalarda dalğalanır. Xocalı artıq yalnız faciə simvolu deyil, həm də dirçəlişin, qələbənin və ədalətin təntənəsinin rəmzidir. Xocalı qurbanlarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy