Təmraz Tağıyev COP31 çərçivəsində binalarda enerji səmərəliliyi və bələdiyyələrin roluna dair müzakirələrdə iştirak edib
16 noyabr 2026-cı il tarixində Türkiyənin Antalya şəhərində
keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində
“Binalarda enerji səmərəliliyi: yerli özünüidarəetmə orqanları” mövzusunda
panel müzakirə təşkil olunub. Tədbirdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli
Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və Assosiasiyanın baş məsləhətçisi
Rövşən Məmmədov dəvətli qonaq qismində iştirak ediblər.
Paneldə binalarda enerji istehlakının optimallaşdırılması,
ekoloji dayanıqlılığın təmin edilməsi və yerli idarəetmə səviyyəsində iqlim
siyasətinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı çıxış edən Təmraz Tağıyev qeyd edib ki,
dayanıqlı şəhər mühitinin yaradılması üçün enerji resurslarından səmərəli
istifadə və binalarda enerji itkilərinin azaldılması prioritet istiqamətlərdən
biri olmalıdır. Onun sözlərinə görə, bu prosesdə bələdiyyələrin iştirakı xüsusi
əhəmiyyət daşıyır. Belə ki, yerli özünüidarəetmə orqanları əhalinin gündəlik
ehtiyaclarını və ərazilərin xüsusiyyətlərini nəzərə alaraq ekoloji təşəbbüslərin
həyata keçirilməsinə mühüm töhfə verə bilərlər.
AŞBMA sədri Azərbaycanda bələdiyyə sisteminin inkişafı
istiqamətində həyata keçirilən islahatlara da toxunub. Bələdiyyələrin
institusional və maliyyə imkanlarının genişləndirilməsi, yerli resursların idarə
edilməsinin təkmilləşdirilməsi və rəqəmsal idarəetmə alətlərinin tətbiqinin bu
sahədə mühüm əhəmiyyət daşıdığını bildirib.
Təmraz Tağıyev vurğulayıb ki, bələdiyyələrin ekoloji təşəbbüsləri
yalnız öz inzibati binalarında enerji qənaətinin təmin edilməsi ilə məhdudlaşmamalıdır.
İctimai binalarda enerjiyə qənaət edən texnologiyaların təşviqi, müasir
işıqlandırma sistemlərinin tətbiqi, yaşıllıq sahələrinin artırılması və əhali
arasında ekoloji maarifləndirmənin gücləndirilməsi də yerli idarəetmənin əsas fəaliyyət
istiqamətlərindən olmalıdır.
Çıxışda, həmçinin bələdiyyələrin bu sahədə daha səmərəli fəaliyyət
göstərməsi üçün onların texniki bilik və maliyyə imkanlarının artırılmasının,
beynəlxalq təcrübəyə çıxışının təmin edilməsinin vacibliyi qeyd olunub. Enerji
səmərəliliyi üzrə yerli fəaliyyət planlarının hazırlanması və bərpaolunan
enerji həllərinin təşviqi də bələdiyyələrin töhfə verə biləcəyi istiqamətlər
sırasında göstərilib.
Sonda COP31-in yerli özünüidarəetmə orqanları arasında təcrübə
mübadiləsinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti
vurğulanıb. Təmraz Tağıyev Azərbaycan bələdiyyələrinin bu prosesdə fəal iştirak
etməyə, beynəlxalq təşəbbüslərə töhfə verməyə və əldə etdikləri təcrübəni
bölüşməyə hazır olduğunu bildirib.






Rəylər
0 Rəy