Yasamal rayonunda Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir keçirlib
Qərbi Azərbaycan İcmasının Bakı şəhəri üzrə Yasamal rayonu
nümayəndəliyində Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir
keçirlib.
Tədbir iştirakçıları ilk öncə Fəxri xiyabanda Ulu Öndər Heydər
Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri
düzüblər.
Tədbirin rəsmi hissəsində əvvəlcə Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi
uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Bakı şəhəri üzrə Yasamal
rayonu nümayəndəsi Tahir Məmmədov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar
Nəbiyev, Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov, Akademik
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov,
YAP Yasamal rayon təşkilatının və Qərbi Azərbaycan İcmasının Bakı şəhəri üzrə
Yasamal rayonu nümayəndəliyinin üzvləri iştirak edib.
Çıxış edən Qərbi Azərbaycan İcmasının Bakı şəhəri üzrə
Yasamal rayonu nümayəndəsi Tahir Məmmədov tədbiri açıq elan edərək qeyd edib
ki, Qərbi Azərbaycan İcması Ulu Öndər Heydər Əliyevin milli yaddaşın qorunması,
tarixi ədalətin bərpası və deportasiya olunmuş soydaşlarımızın hüquqlarının
müdafiəsi istiqamətində yaratdığı ideoloji xətti bugün ardıcıl şəkildə davam
etdirir. Prezident İlham Əliyevin qətiyyətli siyasi mövqeyi sayəsində Qərbi Azərbaycana
qayıdış hüququ bu gün beynəlxalq səviyyədə daha güclü şəkildə müdafiə olunur.
Dövlətimizin əldə etdiyi Zəfər və bərpa etdiyi suverenlik milli iradənin gücünü
sübut edərək qayıdış konsepsiyasının real siyasi hədəfə çevrilməsinə şərait
yaradıb. Qərbi Azərbaycan İcmasının Bakı şəhəri üzrə Yasamal rayonu nümayəndəliyi
də bu missiyaya sadiq qalaraq maarifləndirici tədbirlər, görüşlər keçirir.
Bütün bu fəaliyyətlər göstərir ki, Qərbi Azərbaycana qayıdış artıq yalnız
tarixi iddia deyil, dövlətin gücünə, Qələbəsinə və siyasi iradəsinə söykənən
strateji məqsəddir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev
bildirib ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti Ulu Öndər Heydər Əliyevin
formalaşdırdığı milli ideologiyanın mühüm istiqamətlərindən birinin – tarixi
torpaqlara bağlılıq və deportasiya ədalətsizliyinin aradan qaldırılması
prinsipinin – davamıdır. O, hakimiyyəti dövründə Qərbi Azərbaycan həqiqətlərinin
beynəlxalq aləmdə tanıdılması üçün hüquqi, siyasi və tarixi əsasların
yaradılmasını təmin etmişdi. Bu xətt Prezident İlham Əliyev tərəfindən daha
güclü, daha qətiyyətli və daha təsirli şəkildə davam etdirilir. Məhz dövlət
başçısının apardığı siyasət nəticəsində Qərbi Azərbaycana qayıdış hüququ beynəlxalq
hüquqa əsaslanan, legitim və siyasi baxımdan tanınan mövqeyə çevrilmişdir. Azərbaycan
dövlətinin əldə etdiyi böyük Qələbə milli iradənin gücünü nümayiş etdirərək bu
proses üçün tamamilə yeni tarixi fürsət yaratdı. Suverenliyin bərpası, regionda
güc balansının dəyişməsi və Azərbaycanın artan beynəlxalq nüfuzu qayıdış
konsepsiyasının reallaşmasını təkan verdi. Bu konsepsiyanın təbliği və kütləvi
şüurda möhkəmləndirilməsi Qərbi Azərbaycan İcmasının əsas fəaliyyət istiqamətidir.
İcma müxtəlif konfranslar, görüşlər və araşdırmalarla həm tarixi faktları, həm
hüquqi bazanı, həm də siyasi məntiqi cəmiyyətə çatdırır. Yasamal Rayon nümayəndəliyi
bu fəaliyyətin yerli səviyyədə effektiv həyata keçirilməsində mühüm rol
oynayır. Nümayəndəlik icma üzvləri və gənclərlə, ziyalılarla görüşlər təşkil
edir və qayıdış ideyasının dövlətçilik xətləri çərçivəsində təbliğini yerinə
yetirir. Qərbi Azərbaycanla bağlı keçirilən müzakirələrdə həm Ulu Öndərin
mirası, həm də Prezident İlham Əliyevin siyasi xətti paralel şəkildə təqdim
olunur. Nəticə olaraq Qərbi Azərbaycana qayıdış ideyası artıq həm dövlət siyasəti,
həm də milli təfəkkürün ayrılmaz bir parçası kimi daha güclü möhkəmlənir.
Sonda çıxış edən Böyük Qarakilsə rayon icmasının sədri Zahid
Cəfərov qeyd edib ki, Qərbi Azərbaycan İcması Ulu Öndər Heydər Əliyevin
yaratdığı dövlətçilik təməlini və tarixi yaddaş konsepsiyasını bu gün strateji
şəkildə davam etdirən mühüm qurumdur. Ulu Öndərin müəyyən etdiyi siyasi kursda
Qərbi Azərbaycan məsələsi milli kimliyin, tarixi varisliyin və hüquqi həqiqətin
ayrılmaz hissəsi kimi dəyərləndirilirdi. Prezident İlham Əliyev bu ideyanı yeni
dövrün reallıqlarına uyğunlaşdıraraq onu dövlət siyasətinin prioritet istiqamətinə
çevirib. Azərbaycanın əldə etdiyi tarixi Zəfərlər, dövlətin hərbi-siyasi
gücünün təsdiqi və regionda yaranmış yeni reallıqlar Qərbi Azərbaycana qayıdış
üçün strateji əsasları daha da gücləndirib. Bu gün qayıdış hüququ yalnız tarixi
iddia deyil, beynəlxalq hüququn prinsip və normalarına söykənən tam legitim tələbdir.
Qərbi Azərbaycana qayıdış konsepsiyası həm tarixi ədalətin bərpasını, həm
sülhün, təhlükəsizliyin və uzunmüddətli sabitliyin təminini nəzərdə tutur.
İcmanın fəaliyyəti genişmiqyaslı siyasi, hüquqi, humanitar və ideoloji istiqamətləri
özündə birləşdirir. Mütəmadi keçirilən tədbirlər, elmi müzakirələr və ictimai
çağırışlar qayıdış ideyasını cəmiyyətin düşüncə fəzasında daha da gücləndirir.
Yasamal Rayon nümayəndəliyi bu missiyanın yerli icra mexanizmidir və
konsepsiyanın həm gənclər, həm ziyalılar, həm də müxtəlif sosial qruplar
arasında təbliğini aparır. Burada keçirilən görüşlərdə qayıdış prosesinin Ulu
Öndərin ideoloji xətti və Prezident İlham Əliyevin siyasi iradəsi ilə birbaşa
bağlı olduğu vurğulanır. Bu istiqamətdə aparılan maarifləndirici işlər Qərbi Azərbaycan
həqiqətlərinin unudulmamasına, əksinə daha geniş yayılmasına xidmət edir.
Çıxışlardan sonra Qərbi Azərbaycan İcması sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib. Vəsiqə alanlardan Ruhiyyə Bayramova Qərbi Azərbaycan həqiqətlərinin cəmiyyətə dolğun şəkildə çatdırılmasının və tarixi ədalətin bərpası istiqamətində ictimai birlik və maarifləndirmənin vacibliyini vurğulayaraq İcmanın işinə uğurlar arzuladı.
Rəylər
0 Rəy