Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-09-2023 , 09:39

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: "Nərimanov bələdiyyəsini məlumatlandırmadan ərazi  "AZ PERA" MMC--nin  icarəsinə hansı səbəbdən verilib" 

“Nərimanov bələdiyyəsi olaraq bu gün əsas məqsədimiz büdcə gəlirlərini artırmaqla sakinlərimizin qarşılaşdığı problemlərin həllinə nail olmaqdır. Bələdiyyənin vergi xidməti orqanı bunun üçün  ciddi şəkildə çalışaraq rayon ərazisində vergi obyektlərini uçota almaqla vergiyə cəlb edir, həm də ərazidə inventarlaşdırma apararaq vergidən yayınanlar barədə əldə olan məlumatları araşdıraraq müvafiq orqanlar qarşısında məsələ qaldırır. Bu müraciətlərdən birini bu günlərdə etmişik”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasyasının sədri Təmraz Tağıyev bildirib.

Sədrin sözlərinə görə, Nərimanov rayonu N.Yusifbəyli küçəsiylə Azadlıq prospektinin kəsişməsində yerləşən 450 kv.m-lik torpaq sahəsi bələdiyyə iclasının qərarıyla  14.09.2006-cı ildə tarixli 83 saylı müqavilə ilə vətəndaş Həsənov Müseyib Niftalı oğluna icarayə verilmişdir.  2018-ci ilədək mütəmadi olaraq icarədar tərəfindən avtodayanacaq kimi istifadə edilən əraziyə görə bələdiyyə büdcəsinə müəyyən miqdarda  maliyyə vəsaiti  də ödənilib. 

Təəssüf ki, Nərimanov bələdiyyəsini məlumatlandırmadan Bakı ŞİH-nin sabiq başçısı Hacıbala Abutalıbov ərazidə “AZ PERA” MMC-yə qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında 20 aprel 2018-ci il tarixli 249 nömrəli Sərəncam imzalayıb.

Layihənin icrasıyla bağlı bir sıra ciddi məqamlara toxunan sədr qeyd edib ki, qanunvericliklə qəbul edilən sərəncamın icrası üç il ərzində həyata keçirilmirsə,  sənəd qüvvədən düşmüş hesab olunur, odur ki tikintinin başlanılması üçün  müvafiq orqan tərəfindən sənəd  yenilənməli idi. Təhillər göstərir ki, qanunun bu tələbinə məhəl qoyulmayıb. Yəni ərazidə tikintiyə icazə sərəncamdan dörd il sonra verilib. Hətta sərəncamın 5-ci  bəndində qeyd edilir ki, “yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə sərəncamın ləğv edilməsi  məsələsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılacadır.”

Sədr bildirib ki, sərəncamda sabiq icra başçısı Hacıbala Abutalıbovun imzasının  saxtalaşdırıldığını da ehtimal etmək olar.  Yəqin ki, bununla bağlı müraciət edəcəyimiz məhkəmə instansiyası öz sözünü deyəcəkdir.

Beləliklə, sərəncamın həqiqiliyinə şübhə ilə yanaşan sədr başqa maraqlı bir məqamı da qeyd edib. Sədrin sözlərinə görə, sərəncamın 3 maddəsində qeyd edilir ki, “tikintiyə icazə üçün  müraciətdən əvvəl Azərbaycan Respulikası “Torpaq məcəlləsinin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq Bakı ŞİH-in nəzdində olan “İnterservis” Müdriyyətinin sifarişçi ilə torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasını təmin etməlidir.” Haqlı olaraq sual olunur, Nərimanov bələdiyyəsinin inzibati ərazisi və mülkiyyətində olan əraziyə  icarə müqaviləsi niyə “İnterservis” müdriyyətilə bağlanılmalıdır.

Xatırladaq ki,  “İnterservis” müdriyyəti Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə 1996-cı ilin may ayında fəaliyyətə başlayıb. “İnterservis” Bakı şəhərində yerləşən diplomatik korpusa, başqa xarici nümayəndəliklərə və təşkilatlara lazım olan şəraitlərin yaradılmasında müxtəlif xidmətlər göstərir. Yəni bu ərazidə hər hansı diplomatik korpus üçün inzibati bina deyil, məhz qeyri-yaşayış sahənin layihələndirilməsi nəzərdə tutulursa bununla bağlı icarə müqaviləsi niyə “İnterservis”lə bağlanmalıdır. İkincisi, inşa edilən tikinti sahəsi avtodayanacaq üçün nəzərdə tutulsa da obyektə vizual baxışda avtodayanacaqdan əsər-əlamət belə olmadığını 7-dən  77 –yə təsdiq edə bilər.

Bələdiyyə olaraq biz dəfələrlə müraciət etsəkdə həmin ərazidə tikinti aparan şəxslərlə əlaqə qurub onları vergiyə cəlb etmək belə mümkün olmamışdır. Bizim məqsədimiz bələdiyyənin ərazisində  və mülkiyyətində olan torpaq sahəsinin bazar dəyərinin bələdiyyə büdcəsinə ödənilməklə üzərində mülkiyyət hüququnun əldə edilməsinə nail olmaq və bununla da vergiyə cəlb etməkdir.

Sədr bildirib ki, həmin ərazinin bazar qiyməti bu gün 300 min manat ətrafında təşkil edir. Qarşı tərəfin müraciətlərimizə məhəl qoymadığını nəzərə alıb bu günlərdə məhkəməyə üz tutmaq məcburiyyətində qalmışıq. Onu da qeyd edək  ki, bununla bağlı bələdiyyə əldə olunacaq maliyyə vəsaitinin yarısının “Yaşat” Fonduna keçirməyi qərara alıb.

Sədr sonda bildirib ki, bununla biz həm bələdiyyə büdcəsinə vergi və rüsum şəklində  əlavə maliyyə vəsaitinin cəlb olunmasına nail oluruq, həm də qəbul edilmiş qanun və normativ aktların aliliyini qorumuş oluruq.

P.S. Yazıda adı çəkilən şəxslərin fikir və mülahizələrini saytda yerləşdirməyə hazırıq.