Yüklənir...
"İllik büdcəsi 5 min və 2 nəfər işçisi olan rayon bələdiyyəsi hansı prosesə nəzarət edə bilər ki..."
Son zamanlar məişət tullantılarının qalaqlanması, yandırılması və ya təmizlənməməsi ilə bağlı tez-tez bələdiyyə sədrlərinin cərimə edildiyinə şahid oluruq. Məsələn, bir müddət əvvəl Ağstafada ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb. Belə ki, Ağstafada sanitariya- gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. Araşdırmalar zamanı ikisi bələdiyyə sədri olmaqla ümumilikdə 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub. Bir müddət əvvəl isə, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Şabran şəhər, Dəvəçi və Aygünlü kənd bələdiyyələrinin sədrləri, Şabran şəhər Mənzil Kommunal Təsərrüfatının müdiri, “Dəvəçi Kolxoz” bazarının rəhbərliyi və Dəvəçi kəndi ərazisində bir vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Qısaca, son aylarda bu kimi hadisələrə daha çox şahid oluruq.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyin sədri Vüqar Tofiqli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki,
Azərbaycanda formalaşmış 1606 bələdiyyəyə müfaviq mərkəzi icra orqanları tərəfindən cərimə və ya sanksiya tətbiq edilməsi və yaxud bir çox hallarda bələdiyyə sədrlərinə qarşı cərimə sanksiyasının tətbiq edilməsi son vaxtlar müəyyən mənada artıb.
Vüqar Tofiqli deyir ki, burada ədaləti bərpa etmək üçün müəyyən məqamlara toxunmaq lazımdır. Bələdiyyələr öz ərazilərinin ekoloji məsələlərin təmin edilməsi ilə bağlı hansı addımları ata bilər və yaxud hansı addımları atmalıdırlar ki, onlar bu cərimə sanksiyaları ilə üz-üzə qalmasınlar…
"“Bələdiyyələrin statusu haqqında qanunun” 6-cı maddəsində qeyd edilir ki, bələdiyyələr yerli ekoloji proqramlar tərtib edə bilərlər. Yerli ekoloji proqramların tətbiq edilməsində əsas məqsəd isə dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onları əlavə olaraq, yerli əhəmiyyətli ekoloji təmizlənmə məsələlərin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsi məqsədi daşıyır. Yəni burada söhbət ondan gedir ki, bələdiyələr ərazilərininin təmizliyi ilə bağlı, istehsalat-məişət tullantılarının daşınması ilə bağlı, ekoloji durumun sağlamlaşdırılması ilə bağlı və yaxud da ekoloji tarazlığın qorunması, saxlanılması ilə bağlı müəyyən lahiyələri öz ərazilərində həyata keçirə bilərlər.
Məsələn, ərazinin yaşıllaşdırılması ilə, abadlaşdırılması ilə və yaxud da digər lahiyələrin icrası ilə bağlı müəyyən addımların atılmasını həyata keçirə bilər. Ancaq, bu da o demək deyil ki, bələdiyyələr öz ərazilərində konkret olaraq, ekoloji proqramların həyata keçirilməsinə və yaxud hansısa bir addımın atılmasına məsuliyyət daşıyırlar və yaxud da ümumiyyətlə məsuliyyət daşımalıdırlar.
Qanunvericilik göstərir ki, bələdiyyələr əhali arasında müəyyən təbliğat işlərinin aparılmasını, müəyyən addımlar atılmasını həyata keçirə bilər.
“İstehsalat və məişət tullantıları haqqında qanunun” 5-ci maddəsində yerli özünü müdafiyə orqanları tərəfindən tullantıların idarə olunmasının qanunvericiliyə uyğun təmin edilməsi göstərilib. Yəni burda müəyyən bir nəzarətdən söhbət gedir. Və tullantıların idarə olunması sahəsində isə yerli özünü müdafiyə orqanlarının səlahiyyətləri qanunvericiliklə müəyyən edilməyib. Yəni üzərinə konkret, müəyyən bir vəzifə qoyulmayıb"-deyə Tofiqli bildirib.
Sədrin sözlərinə görə, “İstehsalat və məişət tullantıları haqqında” qanunun 17-ci maddəsində qeyd edilib ki, tullantılarla bağlı fəaliyyətə ictimai nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada ictimai birliklər, əmək kollektivləri, vətəndaşları tərəfindən həyata keçirilir və ictimai nəzarətin məqsədi dövlət orqanları və bələdiyələr, eləcə də hüquqi və fiziki şəxsiyyət tərəfindən bu qanun tələblərinin yerinə yetirilməsini araşdırmaqdan ibarətdir.
Vüqar Tofiqli vurğulayıb ki, bütün hallarda - istər Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalarda, istər qanunvericiliklə qəbul edilmiş qanunlarda ərazilərdə ekoloji durumun sağlamlaşdırılması, ekoloji mühitə ziyan vurulmaması ilə bağlı və yaxud da, son vaxtlar müəyyən ərazilərdə, küçələrdə, meydanlarda, hansısa hüquqi və fiziki şəxslərə məxsus obyektlərin qarşısında zibil tullantıların daşınmaması ilə bağlı bələdiyyələrə müfaviq mərkəzi icra orqanları tərəfindən cərimələrin yazılmasını heç bir məntiqi əsası yoxdur. Bunun isə müxtəlif səbəbləri var. İlk olaraq həmin inzibati ərazilər tam şəkildə hüquqi baxımdan bələdiyyələrə təhvil verilməli idi. Hələ ki, bu proses tam başa çatdırılmayıb. Ümumiyyətlə, bələdiyyələr öz ərazilərinin tam mülkiyyətinə hələ ki, sahib deyillər.
Vüqar Tofiqli qeyd edib ki, qanunvericilik qaydasında bu proses hələ ki, demək tənzimlənməyib və bələdiyyələr üzərində hərhansı bir məsuliyyət yükü qoyulmayıb. Mütəxəssisin fikrincə, bələdiyyələrə qarşı bu addımların atılması yolverilməzdir.
“Bu kimi hallaırn qarşısnın alınmasında bələdiyyələrin üzərinə müəyyən bir məsuliyyət düşür ki, onlar öz fəaliyyətləri ilə istər media sahəsində, istərsə də, sakinlər, seçicilər və vergi ödəyiciləri arasında təbliğat işlərini genişləndirməlidirlər. Belə olan təqdirdə, müvafiq orqanlar da onların fəaliyyəti ilə bağlı məlumatlı olar və onları bir orqan kimi daha yaxından tanımış olar”-deyən Vüqar Tofiqli xüsusi olaraq vurğulayıb ki, qanunvericiliklə məişət tullantılarının yığılması və daşınmasıyla bağlı bələdiyyələrin üzərinə hər hansı bir vəzifə qoyulmayıb. Nazirlər kabinetinin məhz bu məsələ ilə bağl bağlı qəbul edilmiş qaydalarında bu məsələlər öz əksini tapıb.
Vüqar Tofiqli hesab edir ki, istənilən halda bu və ya digər hallarda həmin o ərazinin təmiz saxlanılması, ekoloji mühitə nəzarətin həyata keçirilməsi, bu və digər məsələlərdə əsas məsuliyyət yükü həmin rayonun icra hakimiyyətinin tabeliyində olan rayon və yaxud şəhər Mənzil Komunal Təsərrüfat Birliklərinə aid edilir. Onların yerlərdə olan Komunal İstismar sahələri bu prosesi həyata keçirməlidir və məsuliyyət də məhz bu orqanların üzərinə düşür. Sözsüz ki, fiziki və hüquqi şəxsə məxsus olan məqamlarda məsuliyyət həmin fiziki və hüquqi şəxsin üzərinə düşür. Yəni burada söhbət bələdiyyədən getməməlidir. Əslində, bələdiyyənin məsələsi sadəcə odur ki, müvafiq orqanları, həmin ərazidə zibil tullantılarının və yaxud da müəyyən nöqsanların olması ilə bağlı məlumatlandırmalıdır. Yəni bələdiyyənin üzərinə düşən əsas məsuliyyət hüququ bununla bağlıdır.
“Cərimə olunanların əksəriyyəti rayon, kənd bələdiyyələridir. Təsəvvür edin ki, rayon bələdiyyəsinin illik büdcəsi 5 min manat olduğu, cəmisi iki nəfər işçisi olduğu halda o həmin prosesə necə nəzarət edə bilər və yaxud hansı şəkildə o prosesi həyata keçirə bilər? Düşünürəm ki, bu məqamlarda biz daha ciddi addımların atılmasına nail olmalıyıq.
Milli Bələdiyyə assosasiyaları və qeyri hökümət təşkilatları, o cümlədən də bir sıra ekspertlər bu sahədə də ciddi addımlar atırlar. Milli Bələdiyyə assosasiyalarının bu istiqamətdə nəzərdə tutduğu addımların atılması və o cümlədən də Ədliyyə nazirinin inzibati nəzarət qaydasında bu proseslərlə bağlı tövsiyyə məktublarının olması, gələcəkdə bələdiyyələrə qarşı ədalətsiz şəkildə cərimələrin yazılmasının müəyyən mənada qarşısını almış olacaqdır”-deyə Tofiqli vurğulayıb.
P.S. Göründüyü kimi ətraf mühitin təmizlənməsi, məişət tullantılarının qalaqlanması və daşınması işi ilə bələdiyyələr məşğul olmur. Nədənsə cərimə edilən, haqqında inzibati qaydada tənbeh tədbirləri həyata keçirilənlər isə bələdiyyələrdir. Məncə, burada bələdiyyələr, Türklər demiş sadəcə “günah keçisi” rolunu oynayır…
İradə Cəlil, Bizimyol.info
https://www.bizimyol.info/az/news/463319.html
Rəylər
0 Rəy