Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-05-2023 , 20:15

Son xəbərlər

Bütün xəbərlər

Solovyov erməni milyonçuların puluna satılıb

Gündəlik Xəbərlər
27-03-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Oğurluq da olacaq, özbaşınalıq da    

Qəbiristanlıqlara “dikilən baxışlar” dəyişməlidir

İdarəetmənin bütövlükdə bələdiyyələrə verilməsi təmin edilməlidir 

Qəbiristanlıqlarda oğurluq halları azalmır, əksinə, artır. Gah baş daşları oğurlanır, gah dəmir məhəccərlər, barmaqlıqlar, hətta güldanlar da. Oğurluq edənlərin kimliyi və oğurluq malı kimə satdıqları da üzərində düşünülməli məqamdır. Oğurluq edənlər ya keçmiş məhbuslar, bəzənsə məzar daşlarının düzəldildiyi emalatxanaların işçiləri də olur. Keçmiş məhbusların niyə oğurluğa əl atdığı təxminən, məlumdu. İş yox, qazanc yox. Bəzisi də zəhrimar narkotikin əsiridi, dəmir, metal oğurlayıb satırlar. Təkcə qəbiristanlıqlardan yox, bağ evlərindən, həyətlərdən. 

Məzar daşı sexlərinin fəhlələri isə işlənmiş materialı yenidən dövrəyə verməklə ikiqat qazanc əldə etməyə çalışırlar. Daş əllərinin altındadır, uzağa getməyə gərək yoxdur. Bu günlərdə məzarlıqda növbəti oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında bildirilir ki, Yasamal rayonu ərazisində yerləşən qəbiristanlıqda məzarların kənarından dəyəri 3000 manatdan çox olan dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumatlar daxil olub. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əflatun Bağırov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
  Məzarlıq müqəddəs yer sayılır. İnsanların cisimlərinin əmanət edildiyi yerdən oğurluq olmamalı, harama əl atılmamalıdır. Nə olsun ki, ölülər səsini çıxara bilmir, oğurluğu görüb qeydə alanlar var axı!..  Məzarlıqlardan oğurluq hallarının artması bu sahəyə nəzarətin hansı quruma tapşırılması mövzusunu da gündəmə gətirir.     

  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında məzarlıqlarla bağlı mövcud problemə toxundu:

 - “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun və həmin Qanunun tətbiqi haqqında 18 yanvar 2018-ci il tarixli, Prezident Fərmanının icrası istiqamətində tədbirlərlə bağlı, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarından  sonra Bakı ŞİH-in Mənzil-Kommunal Təsərrüfatı Departamentinin  Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin balansında olan qəbiristanlıqların ərazilər üzrə bələdiyyələrin balansına verilməsinə başlanıldı. İlk növbədə dolu, habelə trest tərəfindən xidmət göstərilməyən, əslində isə bu quruma yük olanların çox operativ şəkildə bələdiyyələrə verilməsinə başlanıldı. Hazırda istifadədə olan, habelə xidmət sahələri olmuş qəbiristanlıqların isə  təhvil  verilməsi nəzərdə tutulmadı. Təəssüf  ki, üstündən xeyli vaxt keçməsinə baxmayaraq, təhvil-təslim prosesi hələ də başa çatdırılmayıb. İstifadədə olan qəbiristanlıqların  bələdiyyələrin balansına verilməməsinin isə konkret səbəbi  hər kəsə aydındır. Necə ola bilər ki, Zabrat qəsəbəsindəki boş yeri olmayan iki qəbiristanlıq bələdiyyənin balansına rahatlıqla verilir, ancaq kifayət qədər boş yeri olan xristian qəbiristanlığı ilə üzbəüz ərazidəki qəbiristanlıq isə təhvil verilmir. Xətai rayonunda olan qəbiristanlıqlar da eyni taleyi yaşayır. Müvafiq qurum, yəni  Əhaliyə Vətəndaşlıq Xidməti Tresti həmin qəbiristanlıqlardakı boş yerləri də satıb,  sonra yəqin ki, bələdiyyələrin balansına verəcəyini indidən düşünmək olar. Bu gün Zabrat qəsəbəsindəki qəbiristanlıqda iki nəfərlik məzar yeri 2000-3000 manata, Xətai rayonundakı ərazidə isə daha baha qiymətə təklif olunur. Qeyd edim ki, bu qiymətləri 7-77-yə  hər kəs yaxşı bilir. Müşahidələrimiz göstərir ki, bu gün  trestin balansında olan qəbiristanlıqlar bələdiyyələrə “alayarımçıq” şəkildə  təhvil verilib. Yəni qəbiristanlığın ərazisinin “idarəetməsindən” başlamış,  ərazidə qanuni və qanunsuz fəaliyyət göstərən məzar daşı sexlərinədək olan məsələlərin yaratdığı problemlər bugünədək öz həllini tapmayıb. Təhvil-təslim aktının altında ərazinin xəritəsi, qəbiristanlıq reyestrinin olmadan akti sədrlərə bəzən məcbur imzalatdırıblar. Yəni sual olunur, qəbiristanlığın əhatə etdiyi torpaq sahəsi, habelə ərazidə yerləşən ziyarətgahlar, ən əsası məzar daşı sexləri hansı səbəbdən  bələdiyyə mülkiyyətinə verilməyib? Bu gün Xətai, Suraxanı, Qaradağ, Binəqədi və Sabunçu rayonu ərazilərində qəbiristanlıqların ərazisindəki məzar daşı sexlərinin bələdiyyələrin balansına verilməsi  niyə “düyünə düşüb”? Min bir bəhanə ilə bu prosesin icrası ləngidilir. 
  V.Tofiqli qeyd etdi ki, qəbiristanlıqlardakı məzar daşı sexlərinin dövlətə vergi ödəyib-ödəmədiyi də naməlumdur: 
- Bununla bağlı Dövlət Vergi Xidmətində hansısa məlumat varmı?  Üstəlik, ziyarətgahlardan toplanan ianələrin hara xərcləndiyini bilən varmı? Niyə toplanan ianələrdən bələdiyyə büdcəsinə müəyyən vəsait ödənmir? Necə ola bilər ki, bələdiyyə ərazisində və balansında olan ziyarətgahdan ianə toplanır, amma bələdiyyə büdcəsinə vəsait köçürülmür, ancaq əraziyə xidməti bələdiyyələrdən tələb edirik. Qaradağ, Xəzər, Suraxanı və  Sabunçu  rayonlarındakı bir çox qəsəbələrdə, o cümlədən rayonların əksəriyyətində “havadan asılı vəziyyətdə” olan qəbiristanlıqların taleyi hazırda həll olunmamış qalıb. “Havadan asılı vəziyyətdə” olan qəbiristanlıqlar əsasən heç bir qurumun balansında olmadığı üçün  onun bələdiyyələr tərəfindən rəsmiləşdirilməsində problem yaşanır. Və etiraf edək ki, bu boşluqdan bəzi işbazlar məharətlə istifadə edib, kifayət qədər maliyyə vəsaiti qazanırlar. Qəbiristanlıqlar sanki “inhisara alınmış” vəziyyətdədir. Elə fikir yaranır ki, qəbiristanlıqlar bələdiyyədən kənar qurumlar və şəxslər tərəfindən idarə olunur,  qəbir yerlərini və onun qiymətini də məhz həmin şəxs və qurumlar müəyyən edir. Bu da danılmaz faktdır ki, paytaxt qəbiristanlıqlarında bir qəbir yerinin qiyməti 500-8000 manat arasında dəyişir. Bu qiyməti də məhz həmin kənar qüvvələrin müəyyən etdiyini güman etmək olar.  Bu gün yuxarıda qeyd etdiyimiz “havadan asılı vəziyyətdə olan” qəbiristanlıqların bələdiyyələrə təhvil verilməməsi həm vətəndaşlara, həm bələdiyyələrə, həm də yerli icra strukturlarının özlərinə  də ciddi problem yaratmaqdadır.  Bələdiyyələrə təhvil verilməli olan qəbiristanlıqlar tam tərkibdə, yəni üzərində olan bütün sexlər və digər xidmət sahələriylə birgə, habelə qəbiristanlıq reyestri də daxil olmaqla təhvil verilməlidir. Həmçinin qəbiristanlıqlara “dikilən baxışlar” dəyişməli, idarəetmənin bütövlükdə bələdiyyələrə verilməsi təmin edilməlidir. 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonunda yeni iş yerləri

Gündəlik Xəbərlər
23-02-2024

Bələdiyyə sədri üçün özəl gün

Gündəlik Xəbərlər
23-02-2024

Assosiasiya sədri üçün özəl gün

Gündəlik Xəbərlər
15-02-2024