Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-04-2023 , 20:48

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə Nazirliyi tərəfindən akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan konfrans keçirilib

Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə dövlət başçısı İlham Əliyevin imzaladığı Sərəncama müvafiq olaraq yubiley tədbirləri çərçivəsində aprelin 19-da Ədliyyə Nazirliyi Tibb baş idarəsinin təşkilatçılığı ilə “Zirvələrə yüksələn zərif insan ömrü” mövzusunda konfrans keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin rəhbər və məsul əməkdaşları, tibb işçiləri, Milli Məclisin deputatları, Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Milli Oftalmologiya Mərkəzinin, Vəkillər Kollegiyasının təmsilçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, media nümayəndələri iştirak ediblər.

Konfransda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə, nurlu xatirəsinə işıq salınaraq tibb elminin inkişafında əvəzsiz xidmətləri qeyd olunub, mənalı ömür yoluna həsr olunan film nümayiş etdirilib.

Çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Əhliman Əmiraslanov bütün insanlar üçün örnək olan Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanımın gözəl və təvazökar insan, istedadlı mütəxəssis-alim kimi yetişməsində ailə mühitinin son dərəcə mühüm rol oynadığını qeyd edib və görkəmli oftalmoloqun Azərbaycan elmini dünyada təmsil edən çox böyük şəxsiyyətlərdən olduğunu vurğulayıb.

Bildirib ki, Zərifə Əliyevanın həyat və fəaliyyəti ilə tanış olduqda onun, hələ gənc yaşlarında oftalmologiyanın ən çətin və ən az təhlil olunmuş sahələrinə maraq göstərdiyini görürük. O, bu sahədə böyük uğurlara imza atıb, özündən sonra elmi məktəb yaradıb və bu məktəb hazırda onun adını daşıyan Oftalmologiya Mərkəzində uğurla davam etdirilir.

Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev görkəmli oftalmoloq-alimin gözün traxoması, eləcə də professional xəstəliklərinin müalicəsi və profilaktikasında əldə etdiyi nailiyyətlərdən ətraflı bəhs edib, böyük bir nəsil həkim-oftalmoloqlar yetişdirmiş, insanlara nur və həyat bəxş edən Zərifə xanımın əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulayıb.

Sonra Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri Paşa Qəlbinur, Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri Yazgül Abdiyeva çıxış ediblər.

Konfransda görkəmli alimin peşəkar oftalmoloq-həkim kimi fədakarlığından, sanballı tədqiqatları ilə tibb elminin inkişafına mühüm töhfələrindən və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında əvəzsiz rolundan danışılıb. Zərif və nəcib insan Zərifə Əliyevanın yüksək mənəvi keyfiyyətləri, səmimiliyi və humanistliyi, ailəcanlılığı və insanlara qayğıkeş münasibəti ilə ürəkləri fəth etdiyi vurğulanıb.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı kimi dünya şöhrətli siyasətçinin ən yaxın silahdaşı missiyasını şərəflə yerinə yetirdiyi, qəlblərində daim Azərbaycan sevgisi yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirdiyi, dövlətimizə, xalqımıza Prezident İlham Əliyev kimi müzəffər Ali Baş komandan bəxş etdiyi xüsusi qeyd olunub. Azərbaycan gənclərinin yollarına işıq saçan akademik Zərifə Əliyevanın irsindən indiki və gələcək nəsillərin hər zaman lazımınca bəhrələnəcəyi, elmin yeni zirvələrini inamla fəth edəcəyi bildirilib.

Sonra tədbir Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunan bədii hissə ilə davam edib.