Kaş ki, irəli sürülən təklif simvolik xarakter daşımayaydı: BİR DAHA DSMF BORCU BARƏDƏ
Maliyyə naziri cənab Sahil Babayev bu gün verdiyi açıqlamada bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borclarının silinməsinin mümkün olmadığını bildirib.
Əslində, cənab nazirin bu yanaşmasını müəyyən mənada başa
düşmək olar. Çünki söhbət dövlətin və ya bələdiyyələrin sərəncamında olan vəsaitdən
deyil, hər bir vətəndaşın sosial təminatı, gələcək pensiya hüququ və əmək fəaliyyəti
dövründə formalaşan sosial sığorta kapitalı ilə bağlı ödənişlərdən gedir. Başqa
sözlə, burada söhbət sadəcə bir qurumun digər quruma olan borcundan deyil, uzun
illər bələdiyyələrdə çalışmış vətəndaşların gələcək sosial təminatından gedir.
Məsələnin ən həssas tərəfi də məhz budur. Bələdiyyələrdə əmək
fəaliyyəti göstərmiş, lakin müxtəlif səbəblərdən sosial sığorta haqları
vaxtında ödənilməmiş vətəndaşlar gələcəkdə pensiya hüquqlarının
reallaşdırılması zamanı ciddi çətinliklərlə üzləşə bilərlər. Bu insanlar işləyiblər,
əmək sərf ediblər, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə töhfə veriblər.
İndi isə bələdiyyələrin maliyyə öhdəliklərini yerinə yetirə bilməməsinin nəticələrini
vətəndaşların özlərinin yaşaması nə dərəcədə ədalətli olardı?
Məhz buna görə də bu məsələyə yalnız maliyyə və ya borc
problemi kimi yanaşmaq düzgün deyil. Burada sosial ədalət, vətəndaşların əmək
hüquqlarının qorunması və gələcək pensiya təminatı kimi mühüm məsələlər də var.
Dövlətin əsas vəzifələrindən biri də vətəndaşların sosial təminat hüquqlarının
hər hansı bir qurumun maliyyə çətinlikləri səbəbindən pozulmasının qarşısını
almaqdır.
Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, cənab nazirin
açıqlamasında problemin mövcudluğu qəbul edilsə də, onun həlli ilə bağlı
konkret, real və əsaslandırılmış mexanizm təqdim olunmadı. Halbuki bu məsələ
uzun müddətdir müzakirə olunur və artıq ümumi yanaşmalardan konkret addımlara
keçməyin vaxtıdır.
Kaş ki, irəli sürülən təklif simvolik xarakter daşımayaydı,
real nəticəyə hesablanmış və problemin köklü həllinə xidmət edən təşəbbüs
olardı.
Məncə, ilk növbədə, məsələnin həlli istiqamətində müvafiq qərarlar
qəbul edilənədək bələdiyyələrin DSMF-yə olan mövcud borclarına əlavə faiz və
maliyyə sanksiyalarının hesablanmasının müvəqqəti dayandırılması məsələsinə
baxılmalıdır. Çünki problemin araşdırılması, borcların dəqiqləşdirilməsi və
onların ödənilməsi mexanizminin müəyyənləşdirilməsi müəyyən zaman tələb edəcək.
Bu müddət ərzində borcların üzərinə yeni faizlərin hesablanması isə onsuz da çətin
maliyyə vəziyyətində olan bələdiyyələrin yükünü daha da ağırlaşdıracaq və
problemin həllini çətinləşdirəcək.
Digər tərəfdən, bələdiyyələrin maliyyə imkanlarının məhdud
olduğunu da nəzərə almalıyıq. Onların bir çoxunun mövcud gəlirləri nə gündəlik
fəaliyyətlərini lazımi səviyyədə təşkil etməyə, nə də illər ərzində yığılmış
borcları ödəməyə kifayət edir. Belə olan halda, məsuliyyəti yalnız bələdiyyələrin
üzərinə qoymaqla problemin həllinə nail olmaq real görünmür.
Düşünürəm ki, problemin birdəfəlik həlli üçün bir neçə
istiqaməti əhatə edən kompleks yanaşma tətbiq edilə bilər. İlk növbədə,
borcların yaranma səbəbləri və dövrləri üzrə ətraflı inventarlaşdırma
aparılmalı, onların hansı hissəsinin bilavasitə vətəndaşların sosial sığorta
hüquqlarına təsir etdiyi müəyyənləşdirilməlidir. Eyni zamanda, dövlət tərəfindən
bələdiyyələrə ayrılan dotasiyaların həcminin artırılması, borcların mövcud
maliyyə imkanları nəzərə alınmaqla mərhələli şəkildə ödənilməsi və ya
qanunvericilik çərçivəsində müəyyən hissəsinin restrukturizasiya edilməsi
imkanları araşdırılmalıdır.
Mən cənab Maliyyə nazirindən məhz belə bir yanaşma və
konkret təklif gözləyirdim. Çünki bu məsələnin həlli təkcə mövcud borcların
azaldılması demək deyil. Bu, həm də yerli özünüidarəetmə institutuna inamın
möhkəmləndirilməsi, bələdiyyələrin fəaliyyət imkanlarının genişləndirilməsi və ən
başlıcası, vətəndaşların gələcək sosial təminatına verilən dəyərin göstəricisi
olardı.
Əgər bu gün real mexanizm hazırlanmasa, problem sabah daha
da böyüyə, borclar arta, faizlər yığıla və məsələnin həlli daha mürəkkəb
xarakter ala bilər. Ona görə də problemə vaxtında müdaxilə etmək, müvəqqəti tədbirlərlə
kifayətlənməyərək sistemli və uzunmüddətli həll yolu tapmaq vacibdir.
Hər halda, problemin artıq hökumət səviyyəsində səsləndirilməsi
və ictimai müzakirəyə çıxarılması özü də kiçik uğur sayıla bilər. Bu, məsələnin
diqqətdən kənarda qalmadığını göstərir. Lakin hesab edirəm ki, bundan sonrakı mərhələdə
əsas diqqət açıqlamalara deyil, konkret qərarların qəbuluna və onların icrasına
yönəlməlidir.
Gözləyək və ümid edək ki, bu dəfə məsələ yalnız müzakirə səviyyəsində
qalmayacaq, real addımlar atılacaq və problemin birdəfəlik həllinə nail
olunacaq.
P.S. Yeri gəlmişkən, Maliyyə Nazirliyinin əməkdaşlarından
xahiş edirəm ki, tərəfimdən nazirliyə ünvanlanmış iki məktubun
cavablandırılması prosesinin sürətləndirilməsinə köməklik göstərsinlər. Ümid
edirəm ki, bu müraciətim də diqqətdən kənarda qalmayacaq.
Vüqar Tofiqli
Rəylər
0 Rəy