Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-11-2026 , 15:30

107

Son xəbərlər

Bütün xəbərlər

Zəfərin əbədi varisləri

Elmi-Praktik Məsələlər
07-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Kaş ki, irəli sürülən təklif simvolik xarakter daşımayaydı: BİR DAHA DSMF BORCU BARƏDƏ

Maliyyə naziri cənab Sahil Babayev bu gün verdiyi açıqlamada bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borclarının silinməsinin mümkün olmadığını bildirib.

Əslində, cənab nazirin bu yanaşmasını müəyyən mənada başa düşmək olar. Çünki söhbət dövlətin və ya bələdiyyələrin sərəncamında olan vəsaitdən deyil, hər bir vətəndaşın sosial təminatı, gələcək pensiya hüququ və əmək fəaliyyəti dövründə formalaşan sosial sığorta kapitalı ilə bağlı ödənişlərdən gedir. Başqa sözlə, burada söhbət sadəcə bir qurumun digər quruma olan borcundan deyil, uzun illər bələdiyyələrdə çalışmış vətəndaşların gələcək sosial təminatından gedir.

Məsələnin ən həssas tərəfi də məhz budur. Bələdiyyələrdə əmək fəaliyyəti göstərmiş, lakin müxtəlif səbəblərdən sosial sığorta haqları vaxtında ödənilməmiş vətəndaşlar gələcəkdə pensiya hüquqlarının reallaşdırılması zamanı ciddi çətinliklərlə üzləşə bilərlər. Bu insanlar işləyiblər, əmək sərf ediblər, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə töhfə veriblər. İndi isə bələdiyyələrin maliyyə öhdəliklərini yerinə yetirə bilməməsinin nəticələrini vətəndaşların özlərinin yaşaması nə dərəcədə ədalətli olardı?

Məhz buna görə də bu məsələyə yalnız maliyyə və ya borc problemi kimi yanaşmaq düzgün deyil. Burada sosial ədalət, vətəndaşların əmək hüquqlarının qorunması və gələcək pensiya təminatı kimi mühüm məsələlər də var. Dövlətin əsas vəzifələrindən biri də vətəndaşların sosial təminat hüquqlarının hər hansı bir qurumun maliyyə çətinlikləri səbəbindən pozulmasının qarşısını almaqdır.

Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, cənab nazirin açıqlamasında problemin mövcudluğu qəbul edilsə də, onun həlli ilə bağlı konkret, real və əsaslandırılmış mexanizm təqdim olunmadı. Halbuki bu məsələ uzun müddətdir müzakirə olunur və artıq ümumi yanaşmalardan konkret addımlara keçməyin vaxtıdır.

Kaş ki, irəli sürülən təklif simvolik xarakter daşımayaydı, real nəticəyə hesablanmış və problemin köklü həllinə xidmət edən təşəbbüs olardı.

Məncə, ilk növbədə, məsələnin həlli istiqamətində müvafiq qərarlar qəbul edilənədək bələdiyyələrin DSMF-yə olan mövcud borclarına əlavə faiz və maliyyə sanksiyalarının hesablanmasının müvəqqəti dayandırılması məsələsinə baxılmalıdır. Çünki problemin araşdırılması, borcların dəqiqləşdirilməsi və onların ödənilməsi mexanizminin müəyyənləşdirilməsi müəyyən zaman tələb edəcək. Bu müddət ərzində borcların üzərinə yeni faizlərin hesablanması isə onsuz da çətin maliyyə vəziyyətində olan bələdiyyələrin yükünü daha da ağırlaşdıracaq və problemin həllini çətinləşdirəcək.

Digər tərəfdən, bələdiyyələrin maliyyə imkanlarının məhdud olduğunu da nəzərə almalıyıq. Onların bir çoxunun mövcud gəlirləri nə gündəlik fəaliyyətlərini lazımi səviyyədə təşkil etməyə, nə də illər ərzində yığılmış borcları ödəməyə kifayət edir. Belə olan halda, məsuliyyəti yalnız bələdiyyələrin üzərinə qoymaqla problemin həllinə nail olmaq real görünmür.

Düşünürəm ki, problemin birdəfəlik həlli üçün bir neçə istiqaməti əhatə edən kompleks yanaşma tətbiq edilə bilər. İlk növbədə, borcların yaranma səbəbləri və dövrləri üzrə ətraflı inventarlaşdırma aparılmalı, onların hansı hissəsinin bilavasitə vətəndaşların sosial sığorta hüquqlarına təsir etdiyi müəyyənləşdirilməlidir. Eyni zamanda, dövlət tərəfindən bələdiyyələrə ayrılan dotasiyaların həcminin artırılması, borcların mövcud maliyyə imkanları nəzərə alınmaqla mərhələli şəkildə ödənilməsi və ya qanunvericilik çərçivəsində müəyyən hissəsinin restrukturizasiya edilməsi imkanları araşdırılmalıdır.

Mən cənab Maliyyə nazirindən məhz belə bir yanaşma və konkret təklif gözləyirdim. Çünki bu məsələnin həlli təkcə mövcud borcların azaldılması demək deyil. Bu, həm də yerli özünüidarəetmə institutuna inamın möhkəmləndirilməsi, bələdiyyələrin fəaliyyət imkanlarının genişləndirilməsi və ən başlıcası, vətəndaşların gələcək sosial təminatına verilən dəyərin göstəricisi olardı.

Əgər bu gün real mexanizm hazırlanmasa, problem sabah daha da böyüyə, borclar arta, faizlər yığıla və məsələnin həlli daha mürəkkəb xarakter ala bilər. Ona görə də problemə vaxtında müdaxilə etmək, müvəqqəti tədbirlərlə kifayətlənməyərək sistemli və uzunmüddətli həll yolu tapmaq vacibdir.

Hər halda, problemin artıq hökumət səviyyəsində səsləndirilməsi və ictimai müzakirəyə çıxarılması özü də kiçik uğur sayıla bilər. Bu, məsələnin diqqətdən kənarda qalmadığını göstərir. Lakin hesab edirəm ki, bundan sonrakı mərhələdə əsas diqqət açıqlamalara deyil, konkret qərarların qəbuluna və onların icrasına yönəlməlidir.

Gözləyək və ümid edək ki, bu dəfə məsələ yalnız müzakirə səviyyəsində qalmayacaq, real addımlar atılacaq və problemin birdəfəlik həllinə nail olunacaq.

P.S. Yeri gəlmişkən, Maliyyə Nazirliyinin əməkdaşlarından xahiş edirəm ki, tərəfimdən nazirliyə ünvanlanmış iki məktubun cavablandırılması prosesinin sürətləndirilməsinə köməklik göstərsinlər. Ümid edirəm ki, bu müraciətim də diqqətdən kənarda qalmayacaq.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz