Mingəçevir bələdiyyəsi hesabat verir
Mingəçevir Bələdiyyəsinin 2023-cü ildəki
fəaliyyəti barədə
HESABATI
“Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq,
Mingəçevir Bələdiyyəsi 2023-cü ildəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə
təqdim edir.
2023-cü ildə bələdiyyə 23 iclas keçirib.
Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 241 məsələ
salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə
olunmuş məsələlərdən 134-ü icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə,
12-si şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və
bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 10-u
maddi yardımlarla, 85-i təşkilati və digər məsələlərlə bağlı olub.
Hesabat dövründə bələdiyyəyə 577 ədəd ərizə
və məktub daxil olub. Bunlardan 55-i maddi yardımla, 136-sı sahibkarlıq
fəaliyyəti ilə məşğul olmaq üçün və 114-ü fərdi yaşayış evi tikintisi üçün
torpaq sahələri ayrılması ilə, 5-i tikinti və təmir işləri, 267-si arayış və
məlumatlar almaqla bağlı müraciətlər olub.
Maddi yardımla bağlı müraciət edənlərdən 16
nəfərə pul və material yardımları edilib, digərlərinə Qurban payı verilib.
Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 25 nəfərinə mövsümi
ictimai-iaşə, ticarət xidmətləri ilə məşğul olmaq üçün icazə verilib, icarə
müddəti bitmiş 12 nəfərin icarəsinə, 5 nəfərin mülkiyyətinə torpaq sahələri
ayrılıb. İcarəyə verilən torpaq sahələrindən 3-ü şəhid ailəsinə ayrılıb. Fərdi
yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq sahələrinin mülkiyyətə verilməsi
barədə bələdiyyə 21 nəfər üçün qərar verib. Onlardan biri şəhid ailəsidir.
267 nəfər arayış və məlumatla bağlı müraciət
edib və bu müraciətlər müsbət həll olunub. Digər müraciətlərə də “Vətəndaşların
müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa
müvafiq olaraq, vaxtında baxılıb, vətəndaşlara əsaslandırılmış cavablar
verilib.
Hesabat dövründə ağac kəsimi və budanması ilə
bağlı 26 ərizə daxil olub. Müraciətlərin icrası ilə əlaqədar 8 saylı Regional
Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edilib.
Hesabat dövründə bələdiyyəyə rəsmi
orqanlardan 698 ədəd sənəd və məktub daxil olub. Onlardan 173-ü Mərkəzi İcra
Hakimiyyətlərindən, 94-ü yerli İcra Hakimiyyətindən, 2-si Milli Məclisdən,
431-i müxtəlif idarə və təşkilatlardan göndərilib. Məktublara qanunvericiliyin
tələb etdiyi müddətdə cavablar cerilib. Ədliyyə Nazirliyinin Bərdə Regional
Ədliyyə İdarəsindən, Bələdiyyələrlə İş Mərkəzindən göndərilmiş tövsiyə,
təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar istifadə
üçün komissiya və şöbələrə verilib.
Qəbula gələnlərin sayı 213 nəfər olub.
2023-cü ildə bələdiyyənin
gəlirləri 376.621,77 manat olub. 01.01.2023-cü ilə ötən ildən 87680,67 manat
xərclənməmiş vəsait qalıb.
Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:
- fiziki
şəxslərdən torpaq vergisi 10.256.04 manat;
- fiziki
şəxslərdən əmlak vergisi 20.861.24 manat;
- yerli
əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 12.396,44 manat;
- bələdiyyə
tərəfindən xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə
görə ödəniş 9627 manat;
- bələdiyyə
ərazisində mehmanxana, sanatoriya-kurort və turizim xidmətləri göstərən
şəxslərdən alınan ödəniş 3616 manat;
-
bələdiyyyə ərazisində müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat
vasitələrinin daimi və ya müvəqqəti dayanacaqlardan ödəniş 2897 manat;
- bələdiyyə
əmlakının satışından daxil olan gəlirlər 53.230 manat ;
- icarəyə
verilmiş torpaq sahələrindən alınan icarə haqqı 175.058.05 manat;
- icarəyə
verilmiş əmlakdan icarə haqqı 12.000 manat;
- dövlət
büdcəsindən ayrilan dotasiya 55.000 manat;
- bələdiyyənin
digər fəaliyyətindən (“Dəfn mərasimi” xidmətləri sahəsindən) gəlirlər
21.680 manat olub.
Hesabat dövründə bələdiyyənin xərcləri
424.344.92 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir:
- əmək
haqqı və onunla bağlı sair ödəmələrə 207333.43 manat;
- əmək
haqqına üstəlik (DSMF, işsizlik sığortası, icbari sığortalar) 69077.96 manat;
- dəftərxana
ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına
4010.66 manat;
- nəqliyyat
xidmətləri haqqının ödənilməsinə 1752.77 manat;
- rabitə
xidmətləri haqqının ödənilməsinə 1825.23 manat;
- inventar
və avadanlığın alınmasına 263.45 manat;
- ezamiyyə
xərclərinə 1050 manat;
- elektrik
enerjisi haqqının ödənilməsinə 2370 manat;
- qaz
sərfi haqqının ödənilməsinə 1024,25 manat;
- su
və kanalizasiyadan istifadə haqqının ödənilməsinə 500 manat;
- abadlıq
və tikinti işlərinə 93187.91 manat;
- əsas
vəsaitlərin alınmasına 3831 manat;
- maddi
yardımlara 12184.02 manat;
- bank
xidmətlərinə 1607.56 manat;
- mətbuata
abunə xərclrinə 1256.80 manat;
- sair
xərclərə ( Bələdiyyələrin Milli Assosiasiyasına üzvlük haqqı, reyestr
idarəsinə, arxiv idarəsinə, audit yoxlamasına, printer və kondisionerin
təmirinə, mediasiya xidmətinə, ərazi tikinti-planlaşdırma mərkəzinə, maaş
kartlarının alınmasına, aviabiletlərin alınmasına, vəkil xidmətinə,
İcra-Probasiya İdarəsinə, dövlət rüsumu, torpaq sahəsinə baxışa, ekspert
xərclərinə) 23069.88 manat vəsait xərclənib.
2023-cü ildə dövlət büdcəsindən ayrılmış dotasiya
hesabına şəhərin müxtəlif ərazilərində “Abad məhəllə” layihələri icra olunub.
Şəhərin Sağ sahil hissəsindəki parka dörd
dəst idman qurğusu (trenajorlar) və bir dəst dəmir çərçivəli, torlu, dirəkli
hasar quraşdırılıb. Bu məqsədlə büdcədən 6062 manat vəsait ayrılıb.
Ş.İ.Xətai küçəsinin sakinləri bələdiyyəyə və
şəhər İcra Hakimiyyətinə məhəllələrindəki boş və bərbad vəziyyətdə qalmış
ərazinin abadlaşdirilması barədə müraciət etmişdilər. Bələdiyyə müraciəti
nəzərə alaraq həmin ərazidə mini-park salınması haqqında qərar verərək işə
başladı və qısa zamanda parkı sakinlərə təhvil verdi. 2200 m2 sahə qreyderlə
hamarlandı, 620 m2 sahəyə tamet düzüldü, 520 m uzunluğunda bordür qoyuldu, 9
ədəd oturacaq, 2 ədəd söhbətgah yerləşdirildi, 150 ədəd küknar ağacı, 8 ədəd
dekorativ ağac və müxtəlif gül kolları
əkildi.
Mingəçevir şəhərinin 75 illiyi ərəfəsində
Təbriz küşəsindəki 21 və 23 saylı binaların sakinlərinin müraciətlərini nəzərə
alaraq binaların arxasında, boş və baxımsız ərazidə istirahət parkı salınıb.
Ərazi səliqəyə salınıb, 652 m2 sahəyə tamet döşənib, 360 metr bordür düzülüb, 10 ədəd oturacaq, 2
ədəd söhbətgah qoyulub.
Bələdiyyə mülkiyyətində olan “Sahil” parkında
da səliqə-sahman işləri aparılıb. Park ərazisində sıradan çıxmış aqlay və
tametlər yenisi ilə əvəzlənib, əraziyə 1000 ədəd müxtəlif dizaynda güllər
əkilib.
N. Nərimanov prospektində iki xeyir-şər
mağarında boyama işləri aparılıb, bir mağara dəmir şifer vurulub.
Novruz bayramı ərəfəsində S. Vurğun adına
mədəniyyət və istirahət parkında cari təmir işləri aparılıb.
Şəhid bulağının ətrafına iki ədəd oturacaq,
müxtəlif ünvanlardakı məhəllələrə altı ədəd oturacaq, Heydər məscidinin
həyətinə iki ədəd oturacaq, Qarabağ müharibəsi əlilinin məhəlləsinə bir ədəd
oturacaq və N. Nərimanov prospekti, 34 saylı binanın qarşısına bir ədəd
söhbətgah qoyulub.
Bütün bu abadlıq işlərinə bələdiyyə
büdcəsindən 90850.62 manat vəsait xərclənib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının
100 illiyi ilə əlaqədar Bələdiyyə müxtəlif mövzularda yığıncaqlar və tədbirlər
keçirib və tədbirlər ilin sonunadək davam edib. Həmin tədbirlərdən biri “KÜR”
Olimpiya Tədris Mərkəzində
H. Əliyevin xatirəsinə həsr olunmuş
yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika turnirinin
keçirilməsidir. Turnirdə 12 rayondan 160 idmançı iştirak edib. Fərqlənən
idmançılara bələdiyyə tərəfindən kubok,
medal və hədiyyələr verilib. Bələdiyyə işçiləri Həmkarlar təşkilatı
Respublika Komitəsi fəxri yerləri tutan üç komandanı pul mükafatı ilə təltif
edib.
Qurban bayramında bələdiyyə şəhid ailələrinə,
Qarabağ müharibəsi əlillərinə və imkansız ailələrə, ümumilikdə 500 kq Qurban
əti paylayıb. Bu məqsəd üçün bələdiyyə büdcəsindən 7000 manat vəasit ayrılıb.
Qum-çınqıl karxanalarının ötən illərdən
qalmış mədən vergisi borcu əvəzinə sakinlərin müraciətləri nəzərə alınaraq, ara
yollara və eyni zamanda şəhərdə abadlıq işləri gedən ərazilərə bələdiyyə
tərəfindən 1600 m3 çınqıl tökülüb.
Hesabat dövründə imkansız vətəndaşlara maddi
yardımların verilməsi bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri olub.
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin müraciətlərinə xüsusi diqqətlə
yanaşılıb. Yardımlar müxtəlif formada həyata keçirilib. Bələdiyyə yas və dəfn
mərasimlərinə, qəbirüstü abidələrin düzəldilməsinə yardımçı olub. Antiterror
əməliyyatı zamanı şəhid olmuş üç həmyerlimizin qəbirüstü abidələri bələdiyyənin
sifarişi ilə hazırlanaraq Şəhidlər Xiyabanına qoyulub. Şəhid İbrahimov Atiq
Ariz oğlunun bulaq kompleksinin ətrafının abadlaşdırılması üçün şəhidin atası
İbrahimov Ariz Zülqədər oğluna 400 manat, şəhid ailəsi Kərimova Gül Veyis
qızına 100 manat, şəhid ailəsi Babayeva İradə Məmmədtağı qızına 100 manat, I
qrup Qarabağ müharibəsi əlili Abdullayev Abdulla Süleyman oğluna 600 manat,
Qarabağ müharibəsi veteranı Məmmədov Xəyal Vidadi oğluna 100 manat yardımı
edilib. Vətən müharibəsi əlili Muradov Orxan Fazil oğlunun ailəsinə ərzaq
yardımı göndərilib.
Şəhid ailələrinin uşaqları üçün bələdiyyədə
şənlik təşkil olunub və onlara Yeni il hədiyyələri verilib.
Bundan əlavə, 12 nəfər imkansız ailəyə pul
yardımı olunub.
C. Əliyev küçəsindəki 24 və 26 saylı
binaların qarşısındakı xeyir-şər mağarının dam örtüyünün dəyişdirilməsinə və şəhər
stadionunun geyinmə-soyunma otağının təmir işlərinə mal- material yardımı
edilib.
Bütün yardımlara ümumilikdə bələdiyyə
büdcəsindən 14382.32 manat vəsait ayrılıb.
2023-cü ildə bələdiyyə tərəfindən fərdi
yaşayış evinin tikintisi üçün zəbt edilmiş ərazilərdən 21vətəndaşın
mülkiyyətinə cəmi 0,5977 ha torpaq
sahəsi verilib. O cümlədən, 1 nəfər şəhid ailəsinə 700 kv.metr ödənişsiz
torpaq sahəsi ayrılıb.
Bələdiyyə hesabat dövründə şəhərdə
sahibkarlığln inkişafına dəstək məqsədilə sahibkarlıq fəaliyyəti üçün 0,0305 ha
torpaq sahəsi mülkiyyətə verilib. Eyni zamanda 8,4637 ha torpaq sahəsi
sahibkarlıqla məşğul olmaları üçün sahibkarların icarələrinə ayrılıb.
Ümumilikdə sahibkarlıq fəaliyyəti üçün 17 nəfərə hərracla torpaq sahəsi verilib
ki, onlardan 2 nəfəri şəhid ailəsidir.
Hesabat dövründə bələdiyyə tərəfindən
müxtəlif tədbirlər həyata keçirilib. Məhəllə komitələrinin sədrləri ilə, KİV
nümayəndələri ilə, QHT təmsilçiləri ilə bələdiyyədə görüşlər keçirilib. Dövlət
və milli bayramlarda bələdiyyə üzv və qulluqçuları fəal iştirak ediblər.
Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə
İdarəsinin əməkdaşları tərəfindən Mingəçevir Bələdiyyəsində seminar-müşavirələr
keçirilib.
Ümummilli liderin 100 illiyi münasibəti ilə
“Heydər Əliyev müasir Azərbaycanın banisidir” mövzusunda bələdiyyənin
təşkilatçılığı ilə videokonfrans keçirilib.
Həmçinin “Heydər Əliyev ili”nə həsr olunmuş
bələdiyyənin təşkilatçılığı və maliyyəsi ilə respublika miqyaslı Yunan-Roma
güləşi üzrə turnir keçirilib. Turnirdə 12 rayondan 160 güləşçi 13 çəkidə
güclərini sınayıblar və nəticədə qaliblər mükafatlandırılıblar.
Mingəçevirin 75 illik yubileyi münasibətilə
keçirilən tədbirlərdə bələdiyyə fəal iştirak edib. Yubiley ərəfəsində Sağ Sahil
yaşayış massivində sakinlərin istifadəsinə yeni istirahət parkı təhvil verilib.
Mingəçevir Bələdiyyəsi keçən ildən “İqtisadi
inkişafı dəstəkləyən bələdiyyə sədrləri” layihəsinin üzvüdür. Layihə
çərçivəsində elan olunmuş müsabiqədə bələdiyyəmiz də fəal iştirak edib və
qaliblərdən biri olub. Layihənin işçi qrupu il ərzində xarici ölkə nümayəndələrinin
keçirdikləri təlimlərdə iştirakçısı olublar. Bələdiyyənin sədri R. Əliyev və
layihənin əlaqələndiricisi Z. Qasımlı Gürcüstanın Batumi şəhərində Avropa
Birliyinin Şərq tərəfdaşlığı dövlətlərinin nümayəndələri ilə keçirilən
beynəlxalq forumda iştirak ediblər.
Bələdiyyənin sədr müavini Ə. Əliyev nümayəndə
heyətinin tərkibində Mingəçevir şəhəri ilə qardaşlaşmış Qazaxıstanın Uralsk
şəhərində təşkil olunan “Şəhər günü” tədbirlərinə qatılıb. Mingəçevir
bələdiyyəsinin təşkilatçılğı ilə “Gender əsaslı zorakılıqla mübarizə”
mövzusunda seminar keçirilib. Bələdiyyənin “Gender bərabərliyi” komissiyasının
sədri və üzvləri Ailə, Qadin və Uşaq problemləri üzrə Komitənin və beynəlxalq
təşkilatın genderlə bağlı təşkil etdikləri tədbirlərdə iştirak ediblər.
Bələdiyyənin “İdman və gənclərlə iş” komissiyasının təşəbbüsü ilə “Gələcəyimiz düşünək. Narkomahiyaya “yox” deyək” mövzusunda onlayn seminar keçirilib.
Mingəçevir bələdiyyəsi
Rəylər
0 Rəy