2023-cü ilin ən yaxşı təşkilatları sırasında Xətai Bələdiyyəsi də yer alıb
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasında (AHİK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi
münasibətilə keçirilmiş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə
2023-cü ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin
mükafatlandırılması mərasimi baş tutub.
Beynəlxalq
Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş 2024-ci ildə Ümumdünya Əməyin Mühafizəsi
Günü – “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri” devizi
altında keçirilən tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli,
Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, Dövlət Əmək Müfəttişliyi
Xidmətinin rəisi Vəli Quliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Zakir Əzimov, BƏT-nin Azərbaycan
üzrə əlaqələndiricisi Yaşar Həmzəyev, AHİK-ə üzv təşkilatların sədrləri,
müsabiqədə qalib olmuş müəssisələrin rəhbərliyi və KİV nümayəndələri iştirak
ediblər.Əvvəlcə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin,
eyni zamanda istehsalat qəzalarında həlak olanların əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbirdə
çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, 2009-cu ildən başlayaraq
keçirilən bu müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti
yaratmaq, bu sahəyə məsul olan şəxslərin məsuliyyətini artırmaq və işəgötürənlərin
əməyin mühafizəsi məsələlərinə daha həssas yanaşmalarına nail olmaqdır.
AHİK sədri
vurğulayıb ki, 2023-cü il ərzində 448 müəssisə və təşkilatda ictimai müayinə
işi aparılıb və 1641 pozuntu aşkarlanıb: “Bununla bağlı işəgötürənlərə 274 təqdimat
verilib. Pozuntuların 86,59 %-nin aradan qaldırılmasına nail olunub. Nəticədə
59 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə
gətirilib, 237 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Əməyin mühafizəsinə dair
ayrılan vəsaitin düzgün və məqsədyönlü xərclənməsinə həmkarlar ittifaqı komitələri,
əməyin mühafizəsi komissiyaları, üzv təşkilatların texniki əmək müfəttişləri tərəfindən
həyata keçirilən ictimai nəzarət sayəsində 818 tədbir keçirilib, attestasiya
olunmuş iş yerlərinin sayı 2022-ci illə müqayisədə 11,89 %, tibbi müayinədən
keçirilən işçilərin sayı isə 6,36 % artıb”.
Konfederasiya
sədri diqqətə çatdırıb ki, əməyin mühafizəsi sahəsində təbliğat işinin daha
yaxşı təşkil edilməsi məqsədi ilə 8 yeni əməyin mühafizəsi kabineti və 718 guşə
yaradılıb, bununla da kabinetlərin sayı 61-ə, guşələrin sayı isə 2060-a
çatdırılıb: “Ötən 15 il ərzində bu müsabiqəyə 25000-dən çox müəssisə və təşkilat
qatılıb, onlardan 645-i bu yüksək ada layiq görülərək fəxri fərman və qiymətli
hədiyyələrlə mükafatlandırılıb. Bu, o deməkdir ki, 25000-dən yuxarı müəssisənin
işəgötürənləri müsabiqədə iştirak etmək üçün təşəbbüs və fəallıq göstəriblər.
Müsabiqənin keçirildiyi müddətdə ölkənin bütün şəhər və rayonlarında 2331 nəfərin
iştirak etdiyi seminar, yığıncaq, toplantı və dəyirmi masa təşkil olunub, AHİK
və üzv təşkilatları maarifləndirici tədbirlər keçiriblər. Bu müsabiqədə iştirak
etmək üçün AHİK-in müsabiqə komissiyasına 2560-dan artıq müəssisə, təşkilat, sex və
sahədən 291-inin sənədi daxil olub. Onlardan 67-si İcraiyyə Komitəsinin
qərarı ilə qalib elan olunub”.
Çıxışının
sonunda Səttar Möhbalıyev müsabiqənin qaliblərini qazandıqları bu yüksək
nailiyyətə görə tədbir iştirakçıları və şəxsən öz adından təbrik edib, onlara gələcək
əmək fəaliyyətlərində uğurlar diləyib.
Tədbirdə
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, BƏT-nin Azərbaycan
üzrə əlaqələndiricisi Yaşar Həmzəyev çıxış edərək öz fikri və mülahizələrini
bölüşüblər.
Sonda
müsabiqənin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası
da daxil olmaqla sahələr üzrə həmkarlar
ittifaqını təmsil edən 67 qalib müəssisəyə diplomlar və hədiyyələr təqdim
olunub.
Qaliblər sırasında Xətai bələdiyyəsinin kollektivi də var.