Allahverdi Həsənli: “Normativ-hüquqi aktın təsdiqlənməsi gələcəkdə bələdiyyə büdcəsinə əlavə vəsaitlərin daxil olmasına şərait yaradacaq”
Əhmədli bələdiyyəsinin büdcə gəlirlərində cari ilin ilk on ayı ərzində 18 faiz artım qeydə alınıb. Artım həm sentyabr, həm də oktyabr aylarında da müşahidə olunub.
Bu barədə Belediyye.infoya
məlumatı bələdiyyə sədri Allahverdi Həsənli deyib.
Sədrin sözlərinə
görə, ötən ilin ilk doqquz ayında bələdiyyənin gəlirləri 131 min 908 manat
təşkil etdiyi halda, cari ilin eyni dövründə bu göstərici 156 min 431 manata
yüksəlib. Beləliklə, doqquz ay ərzində gəlirlərdə 24 min 523 manat artım əldə
olunub.
Oktyabr ayında da
müsbət dinamika davam edib. Belə ki, ötən ilin müvafiq dövründə 143 min 608
manat təşkil edən gəlirlər cari ildə 169 min 823 manata çatıb. Bu isə 26 min
215 manatlıq artım deməkdir.
Allahverdi Həsənli
bildirib ki, bələdiyyə büdcəsinin gəlirlərinin artırılması, maliyyə
imkanlarının genişləndirilməsi və yerli özünüidarəetmə orqanının fəaliyyətinin
daha səmərəli təşkili istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Bu məqsədlə
bələdiyyə iclasının qərarı əsasında ərazidə fəaliyyət göstərən otel və
dayanacaqlardan maliyyə vəsaitlərinin cəlb edilməsi ilə bağlı normativ-hüquqi
akt hazırlanıb. Müvafiq sənəd Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinə
təqdim edilib və hüquqi sənəd kimi təsdiqini tapıb.
Bələdiyyə sədri
qeyd edib ki, sözügedən normativ-hüquqi aktların təsdiqlənməsi gələcəkdə ərazidə
fəaliyyət göstərən otel və dayanacaqlardan qanunvericiliyə uyğun olaraq
bələdiyyə büdcəsinə əlavə vəsaitlərin daxil olmasına şərait yaradacaq.
Onun sözlərinə
görə, bu istiqamətdə görülən işlər bələdiyyənin maliyyə dayanıqlığının
möhkəmləndirilməsinə, büdcə gəlirlərinin artırılmasına və yerli əhəmiyyətli
layihələrin həyata keçirilməsi imkanlarının genişləndirilməsinə xidmət edir.
Allahverdi Həsənli
gələcək dövrdə də büdcə gəlirlərinin artırılması, mövcud maliyyə mənbələrindən
səmərəli istifadə olunması və yeni gəlir imkanlarının yaradılması istiqamətində
tədbirlərin davam etdiriləcəyini vurğulayıb.
Rəylər
0 Rəy