Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-09-2026 , 06:20

108

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Hümbət Hüseynov: “Niyə Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara çıxarış vermir?”

“Administrasiyanın Bələdiyyələrlə iş sektorunun, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin və Milli Məclisin Regional məsələlər Komitəsinin bələdiyyələrlə sıx əməkdaşlığı nəticəsində ölkəmizdə bələdiyyə sisteminin daim inkişaf etdiyini müşahidə edirik. Doğrudan da, ötən illər ərzində həm Milli Məclis tərəfindən qəbul edilmiş qanunlar, həm də digər dövlət qurumlarının dəstəyi nəticəsində bələdiyyələrin fəaliyyətində müəyyən müsbət dəyişikliklər baş vermişdir. Əvvəllər ölkə üzrə 1606 bələdiyyə fəaliyyət göstərirdisə, hazırda onların sayı 685-dir. Kəmiyyət baxımından bələdiyyələrin sayı azalsa da, əsas yerli vergi və ödənişlərin yığımı təxminən 1,5 dəfə artmışdır. Bu isə bələdiyyələrin maliyyə imkanlarının və inzibati fəaliyyətinin müəyyən dərəcədə yaxşılaşdığını göstərir”- bu fikirləri Azərbaycan Qəsəbə  Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Milli Məclisin Regional Məsələlər Komitəsinin payız sessiyasının ilk iclasında deyib.  

Sədr deyib ki, lakin, təbii ki, əldə olunan nəticələrlə yanaşı, həlli vacib olan problemlərimiz də qalmaqdadır. Biz bu məsələləri mütəmadi olaraq aidiyyəti qurumların diqqətinə çatdırırıq və inanırıq ki, onların həllində Milli Məclisin Regional məsələlər Komitəsi də öz dəstəyini göstərəcəkdir.

Belə problemlərdən biri də sənədsiz fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsidir.

Məlum olduğu kimi, Bakı şəhərində sənədsiz evlərin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilib. Əvvəllər bu rəqəmin 500 minə yaxın olduğu bildirilirdi, sonrakı məlumatlarda isə təxminən 350 min sənədsiz evdən söhbət gedirdi. Bu evlərin sırasında bələdiyyələr tərəfindən 2007-ci il 1 dekabr tarixinədək qəbul edilmiş qərarlar əsasında verilmiş sənədlər əsasında inşa olunmuş yaşayış evləri də yer alır.

Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi və sənədləşdirilməsi ilə bağlı prosesə 2025-ci ildən başlanılması bu istiqamətdə mühüm addım olmuşdur. Bu müddət ərzində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən minlərlə qeyri-yaşayış sahəsinin sənədləşdirilməsi həyata keçirilmişdir. Lakin yaşayış sahələrinin sənədləşdirilməsi məsələsində problem hələ də qalmaqdadır və bu, həm vətəndaşlar, həm də bələdiyyələr üçün ciddi çətinliklər yaradır.

Məsələnin diqqət çəkən tərəfi ondan ibarətdir ki, bələdiyyələr tərəfindən vaxtilə qəbul edilmiş qərarlar əsasında da vətəndaşların torpaq və əmlakla bağlı hüquqları formalaşıb. Bəzi hallarda vətəndaşlar bələdiyyə qərarlarının hüquqi əsas olduğunu təsdiqləmək üçün məhkəməyə müraciət edir və məhkəmə qərarından sonra həmin əmlaka çıxarış əldə edə bilirlər.

Əgər məhkəmə bələdiyyənin qərarını hüquqi əsas kimi qəbul edir və həmin qərara əsasən vətəndaşın mülkiyyət hüququnun rəsmiləşdirilməsinə şərait yaranırsa, burada haqlı olaraq belə bir sual meydana çıxır: nə üçün vətəndaş bu hüququn rəsmiləşdirilməsi üçün məcburən məhkəməyə müraciət etməlidir? Nə üçün qanunvericiliyin tələblərinə cavab verən bələdiyyə qərarları əsasında sənədləşdirmə prosesi birbaşa həyata keçirilməsin?

Hesab edirəm ki, bu məsələnin həlli üçün sənədsiz yaşayış evlərinin sənədləşdirilməsinə mərhələli şəkildə yanaşılması daha məqsədəuyğun olardı. İlk növbədə, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarların hüquqi əsasları və onların qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılaraq, həmin qərarlar əsasında formalaşmış torpaq sahələrinin və fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsinə baxılması məqsədəuyğun olardı.

Bu baxımdan təklif edirəm ki, ilk mərhələdə 2007-ci il 1 dekabr tarixinədək bələdiyyələr tərəfindən qəbul edilmiş, qanunvericiliyin tələbləri nəzərə alınmaqla qəbul edilmiş qərarlar əsasında formalaşmış torpaq sahələrinin və fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsinə baxılsın.

Düşünürəm ki, belə bir mərhələli yanaşma, ilk növbədə, uzun illərdir sənədləşdirmə problemi yaşayan minlərlə vətəndaşın mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə imkan yarada bilər. Eyni zamanda, sənədləşdirilmiş əmlakların uçotunun aparılması və bələdiyyələrin vergi bazasının genişləndirilməsi baxımından da müsbət nəticələr verə bilər.

Ona görə də təklif edirəm ki, bu məsələ aidiyyəti dövlət qurumları və bələdiyyələrin iştirakı ilə müzakirə olunsun və qanunvericiliyin tələbləri nəzərə alınmaqla qəbul edilmiş bələdiyyə qərarları əsasında formalaşmış torpaq sahələrinin və fərdi yaşayış evlərinin sənədləşdirilməsi üçün sadələşdirilmiş və işlək mexanizmin yaradılması imkanlarına baxılsın.

Hesab edirəm ki, bu, həm vətəndaşların uzun illərdir davam edən probleminin həllinə, həm də bələdiyyələrin maliyyə imkanlarının genişlənməsinə mühüm töhfə verə bilər.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Əziz Zeynalova ağır itki üz verib

Bakı
22-06-2026
1817