Məqsədimiz vergi uçot sistemində olan çatışmazlıqları aradan qaldırmaqdır-BƏLƏDİYYƏ SƏDRİ YAZIR
Mən Şəhid Baş Leytenant Aslanov Qoşqarın həyat
yoldaşı və Zığ bələdiyyəsinin sədri kimi bələdiyyə sahəsində ilk təcrübəmdir.
Dövlətimiz tərəfindən ərazi bütövlüyümüz uğrunda şəhid olanların ailələrinə və
müharibə iştirakçılarına daim diqqət və qayğı göstərilir, onların problemlərinin
həlli istiqamətində tədbirlər həyata keçirilir. Şəhid ailələrinin və müharibə
iştirakçılarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, onların mənzillə
təmin olunması, həmçinin şəhidlərin və Qarabağ müharibəsi əlillərinin
övladlarının təhsil haqqından azad edilməsi, ölkə ictimaiyyəti tərəfindən yüksək
minnətdarlıqla qarşılanır. Şəhid ailəsinin üzvü kimi dövlətin və ictimaiyyətin
qayğısını və diqqətini mən həmişə hiss
edirəm. Bələdiyyə üzvlüyünə namizədliyimin dəstəklənməsi, seçicilərin və bələdiyyə
üzvlərinin mənə etimad göstərməsi həmin diqqətin bariz nümunəsidir. Bütün
bunlara görə ilk növbədə Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevə, müvafiq
dövlət qurumlarının rəhbərlərinə və Zığ qəsəbəsinin sakinlərinə dərin minnətdarlığımı
bildirirəm.
Azad cəmiyyətin əsasını təşkil edən yerli
özünüidarəetmənin ölkəmizdə təsis olunması Ulu Öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Müdrik kəlamda deyildiyi kimi, “yerli özünüidarəetmə institutları
olmadan millət azad hökumət yarada bilər, lakin o, azadlıq ruhunu duya bilməz”.
Azərbaycan üçün ən gənc təsisat olan yerli özünüidarəetmənin yaradılması
prosesi məhz Ulu Öndərin müəllifi olduğu Konstitusiyamızda bələdiyyələrin təşkilinin
və fəaliyyətinin əsas prinsiplərinin təsbit edilməsi ilə başlamışdır. Özümü
xoşbəxt hiss edirəm ki, mən də bu demokratik təsisatın üzvü olaraq bələdiyyə sədri
seçilmişəm.
Bələdiyyə sədri seçildiyim qəsəbədə ilk
gördüyüm işlərdən biri şəhid ailələrini ziyarət etmək olmuşdur. Qəsəbədə qazilər,
şəhid ailələri, imkansız ailələr daim diqqət mərkəzimizdədir, hər zaman onlara
problemlərinin həllində maddi və mənəvi dəstək olacağımızı bildirmişəm. Fəaliyyətə
başladığım ilk gündən başlayaraq qəsəbənin
problemləri ilə müəyyən qədər tanış olmuşam, tez-tez vətəndaş qəbullarımda
olur, sakinlərin müraciətlərini dinləyirəm. Sakinləri narahat edən məsələləri bələdiyyə
iclasında müzakirə edərək onların həlli ilə bağlı müvafiq qərarlar qəbul
edirik. Maliyyə imkanlarımız daxilində qeyd olunan problemlərin həllinə
çalışırıq. Ərazinin təmizlik və abadlıq işlərinə bələdiyyə olaraq tərəfimizdən mütəmadi olaraq
nəzarət olunur.
Şübhəsiz ki, qəsəbəmizin
abadlaşdırılması, ərazinin daima təmiz və səliqəli saxlaması, həmçinin sosial
qayğıya ehtiyacı olan sakinlərimizə maddi və mənəvi dəstəklərin göstərilməsi
üçün müəyyən büdcəyə sahib olmalıyıq. Bunun üçün qarşımızda duran əsas vəzifələrdən
biri və ən əsası maliyyə imkanlarımızın
genişləndirilməsidir. Məqsədimiz vergi
uçot sistemində olan çatışmazlıqları aradan qaldırmaqdır. Ümid edirəm ki, bu məsələdə
həmişə olduğu kimi Milli Assosiasiyanın
əməkdaşları gələcəkdə də bizə dəstək olacaqlar.
Məlumat üçün bildirim ki, assosiasiya əməkdaşlarının köməkliyi ilə BAMS proqramının imkanlarından düzgün istifadə etməklə əmlak və torpaq vergilərinin yığımında əvvəlki illər ilə nisbətdə əhəmiyyətli dərəcədə artım müşahidə olunmuşdur. Belə ki, 2023-cü ildə əmlak vergisi 48716, torpaq vergisi 7684 manat idisə, 2024-cü il üzrə əmlak vergisi 33 faiz artımla 64742, torpaq vergisi isə 7 dəfə artaraq 54563 manat olmuşdur. Hesab edirəm ki, bu göstəriciləri daha da artırmağa potensial imkanlarımız vardır.
Məqsədimiz gələcək fəaliyyətimizdə bütün
inkanlarımızı səfərbər edərək sakinlərimizi narahat edən məsələləri vaxtında həll
etməyi bacarmaq və onların etimadını doğrultmaqdır.
Arzu Aslanova
Suraxanı rayon Zığ bələdiyyəsinin sədri
Rəylər
0 Rəy