Ruhin Orucov: “Əldə olunan nəticələr büdcə gəlirlərinin artırılması istiqamətində görülən işlərin müsbət nəticələrini göstərir”
Sabunçu rayonu, Bakıxanov bələdiyyəsinin 2027-ci il büdcə planları və gəlirlərin artırılması istiqamətində görüləcək işlərlə bağlı suallarımızı bələdiyyənin sədri Ruhin Orucov cavablandırır.
- Bakıxanov Bələdiyyəsində 2027-ci ilin büdcə layihəsinin
müzakirəsi aparılıbmı? Növbəti il üçün büdcənin əsas xərc
istiqamətləri hansılardır?
- Bəli,
Bakıxanov Bələdiyyəsinin 2027-ci il üçün büdcə layihəsinin müzakirəsi
aparılmışdır. Belə ki, 14 oktyabr 2026-cı il tarixində keçirilən müzakirə 31
saylı protokolla rəsmiləşdirilmişdir.
2027-ci
ildə büdcə vəsaitlərinin əsasən bir neçə istiqamət üzrə xərclənməsi nəzərdə
tutulur. Bunlara əməyin ödənişi xərcləri, mədəni-kütləvi
və bayram tədbirlərinin təşkili, əhaliyə sosial yardımların göstərilməsi, həmçinin
bələdiyyə ərazisində abadlıq və bərpa işlərinin həyata keçirilməsi daxildir.
Əsas məqsəd mövcud maliyyə imkanlarından səmərəli istifadə etməklə əhalinin
sosial rifahına və ərazinin inkişafına töhfə verməkdir.
- 2027-ci ildə bələdiyyə büdcəsinin gəlir hissəsinin
nə qədər olacağı proqnozlaşdırılır?
- 2027-ci
il üçün büdcə gəlirlərinin əvvəlki illə müqayisədə 4,5 faiz artırılması nəzərdə
tutulmuşdur. Proqnoza əsasən, gəlirlərin ümumi məbləğinin 574 min manat təşkil
edəcəyi planlaşdırılır. Bu hədəfə nail olmaq üçün yerli vergi və ödənişlərin
yığımının yaxşılaşdırılması, mövcud gəlir mənbələrindən daha səmərəli istifadə
edilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
- Bələdiyyə
büdcəsinin gəlirlərinin artırılması üçün hansı təkliflər və tədbirlər müzakirə
olunub?
- Büdcə gəlirlərinin artırılması üçün əsas istiqamətlərdən
biri yerli vergi və ödənişlərin yığılmasının təkmilləşdirilməsidir. Bu məqsədlə
bələdiyyə ərazisində yerləşən daşınmaz əmlakların, sahibkarlıq obyektlərinin və
torpaq sahələrinin tam inventarizasiyasının aparılması nəzərdə tutulur.
İnventarizasiya
zamanı qeydiyyata alınmamış və ya vergi öhdəliklərini tam yerinə yetirməyən
obyektlərin müəyyənləşdirilməsi, onların müvafiq məlumat bazasına daxil edilməsi
və vergi uçotunun təmin olunması planlaşdırılır. Hesab edirik ki, bu tədbirlər
yerli vergi və ödənişlərin yığım səviyyəsinin yüksəldilməsinə, nəticə etibarilə
isə bələdiyyə büdcəsinin gəlirlərinin artmasına müsbət təsir göstərəcəkdir.
-
2025
və 2026-cı illərin ilk 10 ayı üzrə büdcə gəlirlərində hansı dəyişikliklər
müşahidə olunub?
-
Son
iki ilin müvafiq dövrünün müqayisəsi bələdiyyə büdcəsinin gəlirlərində müsbət
dinamikanın olduğunu göstərir. Belə ki, 2025-ci ilin ilk 10 ayı ərzində büdcə gəlirləri
442 992 manat, 2026-cı ilin eyni dövründə isə 487 839 manat təşkil etmişdir.
Göründüyü
kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 847,11 manat artım qeydə
alınmışdır. Bu isə təxminən 10,1 faiz artım deməkdir.
Əldə olunan nəticələr büdcə gəlirlərinin artırılması istiqamətində görülən işlərin müsbət nəticələrini göstərir. Qarşıdakı dövrdə də yerli vergi və ödənişlərin yığımının təkmilləşdirilməsi, vergi bazasının genişləndirilməsi və büdcə daxilolmalarının artırılması istiqamətində tədbirlər davam etdiriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy