Əziz Zeynalov: “Məqsədimiz rayon sakinlərinə göstərilən xidmət səviyyəsini yüksəltməkdir”
Nəsimi bələdiyyəsində büdcə gəlirlərinin artırılması istiqamətində müsbət dinamika müşahidə olunur.
2026-cı ilin sentyabr ayında Nəsimi bələdiyyəsinin büdcə gəlirləri
ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Belə ki,
2025-ci ilin sentyabr ayı ilə müqayisədə cari ilin sentyabrında büdcə gəlirləri
45 faiz artaraq 236 880 manata çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə
73 802 manat çox vəsaitin bələdiyyə büdcəsinə daxil olması deməkdir.
Bu barədə Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov məlumat
verib.
Sədr bildirib ki, büdcə gəlirlərinin artmasında bələdiyyənin
vergi xidmətinin sistemli və səmərəli fəaliyyətinin mühüm rolu var. Onun sözlərinə
görə, vergi daxilolmalarının daha effektiv təşkili, mövcud imkanlardan düzgün
istifadə və bələdiyyə gəlirlərinin artırılması istiqamətində həyata keçirilən tədbirlər
müsbət nəticələr verir.
Əziz Zeynalovun sözlərinə görə, 2026-cı ilin ilk doqquz ayı ərzində
Nəsimi bələdiyyəsinin büdcəsinə ümumilikdə 1 862 542 manat vəsait daxil olub.
Bu vəsaitin 1 542 818 manatı əmlak vergisinin, 8 557 manatı torpaq vergisinin,
283 494 manatı mehmanxana rüsumlarının, 26 690 manatı avtodayanacaqlardan
daxilolmaların, 979 manatı isə reklam ödənişlərinin payına düşüb.
Göstəricilər bələdiyyənin əsas gəlir mənbəyinin əmlak
vergisi olduğunu göstərir. Belə ki, doqquz ay ərzində əldə olunan ümumi gəlirlərin
böyük hissəsi məhz əmlak vergisi hesabına formalaşıb. Bu isə əmlak vergisinin bələdiyyənin
maliyyə imkanlarının təmin edilməsində əsas mənbələrdən biri olaraq qaldığını
göstərir.
Müqayisəli göstəricilər də gəlirlərin ayrı-ayrı istiqamətlər
üzrə artım dinamikasının olduğunu göstərir. Belə ki, 2026-cı ilin ilk doqquz
ayında əmlak vergisi üzrə daxilolmalarda ötən ilin müvafiq dövrü ilə müqayisədə
23 faizlik artım qeydə alınıb. Digər gəlir istiqamətləri üzrə də müsbət
dinamikanın müşahidə olunduğu bildirilir.
Bələdiyyə sədrinin sözlərinə görə, qarşıdakı dövrdə əsas məqsədlərdən
biri mövcud gəlir mənbələrindən daha səmərəli istifadə etməklə büdcə
daxilolmalarını artırmaqdır.
“Bələdiyyələrin Vahid İnformasiya Sisteminin yaratdığı
imkanlardan istifadə etməklə vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsi,
məlumat bazasının daha da dəqiqləşdirilməsi və daxilolmaların artırılması
istiqamətində işlər davam etdirilir. Hesab edirik ki, bu imkanlardan daha geniş
istifadə ilin sonunadək bələdiyyə büdcəsinin gəlirlərinin artım tempinin
qorunmasına və daha yüksək nəticələrin əldə olunmasına şərait yaradacaq”, – deyə
Əziz Zeynalov bildirib.
Sədr vurğulayıb ki, bələdiyyənin fəaliyyətində əsas hədəf
yalnız büdcə gəlirlərinin artırılması deyil. Əsas məqsəd əldə olunan maliyyə
imkanlarından səmərəli istifadə etməklə rayon sakinlərinə göstərilən xidmətlərin
keyfiyyətini yüksəltmək və vətəndaş məmnunluğunun təmin olunmasına töhfə verməkdir.
“Bizim əsas məqsədimiz büdcə gəlirlərini artırmaqla yanaşı,
bu vəsaitlərin səmərəli idarə olunmasına nail olmaq, rayon sakinlərinə göstərilən
xidmət səviyyəsini yüksəltmək və vətəndaş məmnunluğunu təmin etməkdir. Bələdiyyənin
maliyyə imkanları genişləndikcə əhalinin ehtiyaclarına daha çevik və effektiv
reaksiya vermək imkanlarımız da artır”, – deyə Əziz Zeynalov qeyd edib.
Beləliklə, 2026-cı ilin ilk doqquz ayının nəticələri Nəsimi
bələdiyyəsinin gəlirlərinin artırılması istiqamətində müsbət dinamikanın
formalaşdığını göstərir. Qarşıdakı dövrdə əsas hədəfin bu dinamikanı qorumaq,
vergi daxilolmalarının yığımını daha da təkmilləşdirmək və əldə olunan vəsaitləri
rayon sakinlərinin rifahına xidmət edən layihə və tədbirlərə yönəltmək olduğu
bildirilir.
Belediyye.info
Rəylər
0 Rəy