Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-11-2023 , 20:51

943

Son xəbərlər

Bütün xəbərlər

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Bələdiyyənin sədr müavini: "Noyabr ayında Sumqayıt Bələdiyyəsi  rekord həddə vergi toplaya bilıib"

Sumqayıt Bələdiyyəsinin sədr müavini Nərmin Mehdiyeva ilə müsahibəni təqdim edirik :

-Bildiyimiz kimi, bələdiyyələr özünü idarə edən qurumdur. Belə olan halda bələdiyyələrin maliyyəsinin əsaslarını nə təşkil edir? 

-Azərbaycan Respublikasının Konstitusiyasına görə 3 - dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları var. Bələdiyyə mülkiyyətinə aid olan bələdiyyə torpaqlarıdır ki, biz onları bələdiyyə olaraq vətəndaşların ərizəsi əsasında icarəyə veririk, buna görə vətəndaşla bələdiyyə arasında torpaq icarə müqaviləsi bağlanır. Həmin müqaviləyə əsasən vətəndaş fəaliyyəti zamanı bələdiyyəyə torpaq icarə haqqı ödəyir. Yəni, ilk növbədə bələdiyyənin maliyyəsi torpaq icarə haqqından asılıdır, bundan başqa fiziki şəxslərin əmlak və  torpaq vergisidir. Ümumiyyətlə, bələdiyyə vergiləri il ərzində bir dəfə yığılır. Avqustun 15-dək tədiyyə bildirişləri paylanır, noyabrın 15-dək isə vergi yığımları olmalıdır. Bilirsiniz ki, Ədliyyə Nazirliyində bələdiyyələrin məlumatlarının avtomatlaşdırılmış sistemi var. Orada bələdiyyələrin bu cür fəaliyyətlərini görmək olur. 15 Noyabradək vergi ödənişləri olmayıbsa, onun üzərinə faiz gəlir. Biz də çalışırıq ki, vətəndaşı kifayət qədər məlumatlandıraq ki, son tarixədək vergilər ödənilsin və ödəniş haqqının üzərinə əlavə faizlər gəlməsin. 

-Sahibkar bələdiyyəyə nə üçün vergi ödəməlidir? 

-Az öncə vurğuladığım kimi, sahibkar ilə bələdiyyə arasında torpaq icarə müqaviləsi imzalanır, torpaq icarə müqaviləsində bütün şərtlər əksini tapır. Sumqayıt şəhərində 6 zona var ki, həmin zonalarda hər kv.m- ə görə qiymətləndirmə aparılır. Sahibkar bizə müraciət edərkən həmin zona üzrə onun qiymətləndirməsini veririk, əgər razıdırsa, torpaq icarə müqaviləsi bağlayırıq və həmin torpaqdan istifadəyə görə sahibkar bələdiyyə büdcəsinə pul ödəməlidir. Müqavilənin şərtlərində öz əksini tapır ki, ödənişin edilməsində gecikmə olarsa, və ya bir il müddətində pul ödənilməzsə, müqavilə şərtlərinə riayət edilməzsə, artıq biz məhkəmə qaydasında torpaq icarə müqaviləsinin ləğvini tələb edirik. Eyni zamanda müqavilədə belə bir şərt var ki, sahibkar torpağın icarəsini verməzsə, təyinatı üzrə istifadə etmərzsə və digər şərtləri yerinə yetirməzsə, o zaman torpaq hansı vəziyyətdə sahibkara verilibsə, o vəziyyətdə də geri qaytarılmalıdır. Yəni, əsas odur ki, torpaq icarə müqaviləsi əsasında sahibkar bələdiyyə büdcəsinə ödəniş etməlidir. 

- Bələdiyyəyə daxil olan vergilərə hansılar aiddir və vergitutma hansı formada həyata keçirilir? 

-Fiziki şəxslərin əmlak və torpaq vergisi ilə yanaşı torpaq icarə haqqı dövlət və bələdiyyə torpağı olmasından asılı olmayaraq, bələdiyyə büdcəsinə ödənilir. Dediyimiz kimi, avqustun 15-dək tədiyyələr çıxarılır və Sumqayıt ərazisində vergi ödəyicisi olan sahibkarlara paylanılır, noyabrın 15-dək isə vergilər toplanılır, həmin tarixdən sonra gecikmə olarsa, ödənişin üzərinə dəbbə pulu gəlir. 

-Yerli vergilər yığıldıqdan sonra o nəyə xərclənir?

-Cari ilə başlamamışdan öncə bələdiyyənin öz büdcə planlaması olur və bələdiyyə üzvlərindən ibarət büdcə komissiyaları var. İllik yığıma əsasən büdcə komissiyalarında gəlirlərin hara xərclənəyi ilə bağlı planlama gedir. Cari-2023-cü ili misal çəksək, bələdiyyədə yığımlar ən çox asfaltlamaya xərclənib. Daha sonra bir sıra sosial layihələr var ki, bələdiyyə büdcəsindən pullar ayrılıb. Bildiyiniz kimi, Bələdiyyə Parkı nəzdimizdədir və orada ictimai sanuzellə bağlı problem aradan qaldırıldı. Daha sonra bu il Bələdiyyə parkında təxminən 10 min ədədə yaxın güllər və ağaclar əkmişik. "1 İyun -Uşaqların beynəlxalq müdafiəsi günü" ilə bağlı şəhərimizdəki uşaqların pulsuz şəkildə yararlanması üçün atraksionlar gətirmişdik.  Bələdiyyəyə ümid kimi yaxınlaşan qazi,  şəhid və sosial durumu zəif olan  ailələr var ki, onlar üçün dərman pulu və yaxud evin kira pulunda çətinlik olanda köməklik göstərmişik. Corat bağlarında Göygöl, 52-ci məhəllədə Savalan, Yaşıl Dərədə Əli Mustafayev küçələrinin , 76 -cı məhəllədə şəhidimiz Nicat Nəbiyevin adını daşıyan və  Kimyaçılar qəsəbəsində şəhidimiz Şöhrət Qasımovun küçəsinin asfaltlanma işləri edilib. Daha sonra Novxanıda 4 -cü döngə adlanan ərazidə asfaltlanma işləri aparılıb. Bununla yanaşı,76-cı məhəllə, Kimyaçılar qəsəbəsi, "Beton Zavod" ərazisində, Yaşıl Dərədə  küçələrin işıqlandırılması probleminin həlli üçün büdcədən maliyyə vəsaiti ayırmışıq. Bunu deyim ki, qarşımıza daha böyük layihələrə imza atmağı hədəf qoymuşuq və İnşallah ki, hədəflərimizə çatacağıq. 

-Sumqayıt Bələdiyyəsi ötən ayla müqayisədə bu ay nə qədər vergi yığıb?

-Sumqayıt Bələdiyyəsi ötən - oktyabr ayını 135 min manata yaxın vergi yığımı ilə tamamlayıb, noyabrda isə təxminən 200 min manata yaxın vergi yığımımız olub. Qeyd edim ki, bu ödənişlər Sumqayıt Bələdiyyəsi tarixində rekord sayıla bilər. Keçən il Sumqayıt Bələdiyyəsi vergi yığımına görə ilk sırada idi, əminəm ki, bu ildə bələdiyyəmiz eyni, uğurlu nəticəni göstərəcək.

-Son olaraq yerli sahibkarlara hansı müraciət etmək istəyərdiniz?

-İstərdik ki, sahibkarların vergiyə olan baxış bucağı dəyişilsin. İnanıram ki,  bu problem də sahibkarlar daha da maarifləndikcə aradan qalxacaq.


Rəylər

0 Rəy


Rəy yaz