Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-11-2023 , 09:53

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

"Tərəkəmə Yurdu" folklor turizmi məkanında açıq səma altında  Birinci Beynəlxalq Gəgəli Simpoziumu keçirilib

22-23 noyabr 2023-cü il tarixlərində Ağsu rayonu Gəgəli kəndində Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli”nə həsr olunan “Bələdiyyələr tarixi” Birinci Beynəlxalq Gəgəli Simpoziumu baş tutub. Simpozium Ağsu rayonu Gəgəli bələdiyyəsinin təşkilatçılığı və "Bələdiyyələrin Fəaliyyətinin Təbliği" İctimai Birliyi, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, İtaliya Beynəlxalq YOCOCU Assosiasiyası, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutu, Şimali Makedoniya Sosial Mədəni Antropologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilib. Simpozium Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində yaradılan "Tərəkəmə Yurdu" folklor turizmi məkanında açıq səma altında baş tutub. Simpoziumda Azərbaycan, Türkiyə, Şimali Makedoniya, İtaliya, Gürcüstan, Çin, Özbəkistan və digər dövlətlərdən 50-ə qədər alim və tədqiqatçı məruzələrlə çıxış edib.

Simpoziumun yerli və xarici iştirakçıları əvvəlcə Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin bələdçiliyi ilə Gəgəli kəndinin Şəhdilər xiyabanını ziyarət ediblər. Fariz Xəlilli Gəgəli kəndinin tarixi və kəndin 13 şəhidinin qəhrəmanlıqları haqqında məlumat verib. Professor Kübra Əliyeva Şəhidlər xiyabanı haqqında fikirlərini bölüşüb və burada daimi səslənən musiqiyə yer verilməsi təklifi ilə çıxış edib. Sonra professor Aişə Çalık Ross bir kənddə dəyərlərin belə yüksək səviyyədə qorunması ilə bağlı xoş sözlər deyib və Gəgəli xeyriyyəçilərinin bu işini örnək fəaliyyət adlandırıb.

Sonra simpozium iştirkaçılarına “Tərəkəmə yurdu” folklor turizmi məkanı təqdim edilib. Məkanın ideyası, layihənin məqsədi, festival meydanı, səhnə, çadırlar, qazma ev, ənənəvi üslubda heyvan nümayiş mərkəzi, tərəkəmə folklor nümunələri haqqında danışan Fariz Xəlilli layihənin başa çatdıqdan sonra davamlı olacağını, bundan sonra da bələdiyyə və onun müəssisələri tərəfindən müxtəlif müsabiqə, olimpiada, marafon, aksiya, sərgi, infotur keçirəcəklərini vurğulayıb. O, qeyd edib ki, burada təqdim olunan maddi və mənəvi mədəni irs elementləri folklor nümunəsi olmaqla yanaşı, yazılı qaynaqlara əsaslanır. Bu gün iştirakçılara təqdim olunan milli yemək növləri - əriştə və düyü (plov) məhz məşhur səyyah İbn Bəttutənin XIV əsrdə türk obaları arasında yediyi və təsvir etdiyi yeməklərdir.

Simpoziumun açılış mərasimində Azərbaycan Respublikasının himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi yad edilib. Simpoziumun Təşkilat Komitəsinin sədri Fariz Xəlilli giriş sözü ilə simpoziumu açıq elan edib. O, bildirib ki, Azərbaycanda bələdiyyə institutunun memarı Ümummilli Lider Heydər Əliyevdir. Qanunlar, qərarlar, sərəncamlar bələdiyyə institutunun inkişafı üçün münbit şərait yaradıb. İcmaların fəallığı gələcəkdə bu institutun bütün imkanlarını ortaya çıxaracaqdır. Sonra Ağsu rayonu İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kənan Tacızadə Simpoziumun işinə uğurlar arzulayıb, alim və tədqiqatçıları dinləmək imkanı yaradıldığına görə minnətdarlıq edib. 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Mübariz Abdullayev Gəgəli bələdiyyəsinin bələdiyyələrlə bağlı elmi simpozium keçirmək təşəbbüsünü təqdir edib. Bələdiyyə üzvlərinin belə tədbirlərdə alimlərin məruzələrini dinləməsinin əhəmiyyətindən danışıb. Simpozium iştirakçıları 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə ədliyyə işçilərini təbrik ediblər. Sonra qiraətçi Əbdül Məcidli Mübariz Abdullayevin Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi şeiri səsləndirib. 

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi İsmayıllı Regional Turizm İdarəsinin əməkdaşı Anar Həbibov simpoziumun keçirildiyi "Tərəkəmə Yurdu" folklor turizmi məkanının Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin maliyyəsi ilə yaradıldığını, gələcəkdə tanıtım və turlar sahəsində birlikdə əməkdaşlıq edəcəklərini bildirib. Qarabağ Müharibə Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağsu rayon şöbəsinin rəhbəri Allahverdi Qənbərov kəndlərdə bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının gördüyü işlərin əhəmiyyətindən və vacibliyindən danışıb. AMEA Arxeologiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin professoru Kübra Əliyeva həmişə bələdiyyələrin kənd həyat tərzinin inkişafına dəstəyini arzuladığını və konkret işlər görməyə çalışdığını bildirib. Bu mənada Gəgəli bələdiyyəsinin "Tərəkəmə Yurdu" folklor turizmi məkanını açıq səma altında muzey kimi yaratmasını mühüm addım adlandırıb. Türkiyə Respublikası Kocaeli Universitetinin professoru Aişə Çalık Ross Bələdiyyələr tarixi Gəgəli Simpoziumunun keçirilməsinin nəinki Azərbaycan bələdiyyələrinin mədəni fəaliyyətlərini təbliğ etmək platforması olduğunu, o cümlədən təmsil etdiyi Gülnar bələdiyyəsi timsalında Türkiyə bələdiyyələrinin də təbliğ məkanı olacağını qeyd edib. O, Gülnar bələdiyyəsinin nəşrlərini və kitablarını Həqiqət Musayev adına Gəgəli kənd Ümumi orta məktəbinin direktoru Sabit Abdullayevə təqdim edib. Sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əməkdaşı Rəfael Tağızadə, Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialının dosenti Sabir Məmmədov, Gəgəli kənd sakini Musa Musayev çıxış ediblər.

Simpoziumun plenar iclasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, professor Lütviyyə Əsgərzadə "Heydər Əliyev: Müstəqilliyin bərpası siyasi və iqtisadi müstəvidə (Naxçıvan-1990-1993)", AMEA Arxeologiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin əməkdaşları professor Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, dosent Elmira Abbasova, dosent Töhfə Hüseynova və Çinarə Əhmədova "Nərgizava nekropolunda 2023-cü il arxeoloji qazıntılarının ilkin nəticələri", Türkiyə Respublikası Kocaeli Universitetinin professoru Aişə Çalık Ross "Türk kültür mirasında Gülnar (Mersin) və Gülnar bələdiyyəsinin önəmi", Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov "Yeni Laçın", Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin əməkdaşı, dosent Nəzmin Cəfərova və Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı Cəmil Tağıyev "Mədəni-dərketmə turizminin inkişafında bələdiyyələrin rolu" mövzusunda məruzə ediblər.

Simpoziumun birinci bölmə iclasında Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialının müəllimləri dosent Sabir Məmmədov və dosent Fazil Cəfərov "Ulu Öndər Heydər Əliyevin bələdiyyələrin inkişafına qayğısı", "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə heyətinin üzvləri Fariz Xəlilli və Məleykə Hüseynova "Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsi", Türkiyə Respublikası Kocaeli Universitetinin müəllimi Səhər Çəmən "Türkiyədəki bələdiyyələrin səhiyyə xidmətləri", AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Tahirə Əliyeva "Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inşa edilən memarlıq abidələri" mövzusunda məruzə ediblər.

Simpoziumun ikinci bölmə iclasında AMEA Arxeologiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin professoru Kübra Əliyeva "Xınalıq sənət beşiyidir", Azərbaycan Kooperasiya Universitetinin professoru Vüqar Mikayılov və Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin əməkdaşı Könül Baloğlanova "Bələdiyyələrin maddi bazasının daha sürətli inkişafı üçün kənddə bələdiyyə hesabına qida sənayesinin rolu və inkişafı", Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialının müəllimləri dosent Sabir Məmmədov, dosent Seymur Süleymanov və dosent Fazil Cəfərov "Gövhər ağa məscidi və Uzunqız ocağının qorunmasında bələdiyyələrin rolu", Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli ""Tərəkəmə yurdu" folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi" layihəsi", Həqiqət Musayev adına Gəgəli kənd Ümumi orta məktəbinin direktoru Sabit Abdullayev "Çilingağac: Tanıdılması və təbliği vacib olan tərəkəmə oyunu" mövzusunda məruzə ediblər.

Simpoziumun bədii hissəsində “Xançoban" musiqi qrupunun konserti olub. Musiqiləri xanəndə Ruslan Adgözəlov, aşıq İxtiyar Qocayev, müğənni Elvin Abdullayev, Cahid Mikayilov (qarmon), Elsəvər Rəsulov (nağara), Ruhid Allahyarov (skripka), Nizami Camallı (saz), Dadaş Məmmədov (sintezator) ifa ediblər.

Simpozium çərçivəsində iştirakçılara "Çilingağac oyunu" nümayiş etdirilib.

Qonaqlara tanıtım məqsədilə Gəgəli bələdiyyəsinin istehsalı olan "Gəgəli" noxudu hədiyyə olunub.

Simpozium 23 noyabr 2023-cü il tarixində öz işini onlayn formatda davam etdirib. Məruzələr Gəgəli TV Yutub kanalında yerləşdirilməklə yanaşı, ayrıca kitab kimi nəşr ediləcəkdir.