Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-04-2023 , 23:10

2453

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +
"Dövlət qurumları və sahibkar-məmurların bələdiyyələrin işinə müdaxiləsi durdurulmalıdır"

Bələdiyyə idarəetməsinin səmərəliliyi problemi həmişə aktual olub. Müasir şəraitdə bələdiyyə idarəetməsinin düzgün seçilməmiş strategiya və taktikasının nəticələri bələdiyyələr üçün fəlakətli olur. İdarəetmədə elmi metodlardan çoxşaxəli təcrübədən və strateji planlaşdırmada istifadə etməklə yanlış qərarların qəbulu riskini azaltmaq həyati zərurətə çevrilib. Müasir idarəetmə metodlarına keçid müəyyən çətinliklərlə bağlıdır. Yerli özünüidarənin əsas vəzifələri həm yerli əhəmiyyətli problemlər, həm də dövlət tərəfindən yerli özünüidarə orqanlarına verilən səlahiyyətlərlə müəyyən edilir. Azərbaycanda isə, bələdiyyələrin əksəriyyətinin adı var, amma...
Bizimyol.info xəbər portalının bu suallarını Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli cavablandırıb.
- Azərbaycanda bələdiyyə 1999-cu ildən yaransa da demək olar ki, heç inkişaf edə bilmədi. Bələdiyyə dedikdə torpaq satan, basqa torpağa sənəd verən və ya məişət tullantısı təmizləyən qurum yada düşür... Azərbaycanda bələdiyyələrin hansı vəzifə və səlahiyyətləri var?
- Bələdiyyələrin fəaliyyətinin təmin edilməsi ilə bağlı çoxlu qanunvericilik aktları, qanunlar, qərarlar, qaydalar var. Digər məcəllə və qanunlarda bələdiyyələrlə bağlı məsələlər öz əksini tapıb. Bələdiyyə institutu Azərbaycanda ümummilli lider Heydər Əliyevin imzası ilə ilk dəfə müstəqillik illərində yaradıldığı üçün yeni təsisatdır. Ona görə də bələdiyyə idarəetməsinin inkişafı üçün bəzi universitet və ali təhsil müəssisələrində fakültələr olsa da bu sahədə kadr potensialı zəifdir. Bələdiyyə seçkili qurum olduğu üçün bura təsadüfi adamlar da düşə bilir. Bu problemi qurumun kollegiallığı həll etmək iqtidarında olsa da yerli və dövlət qurumlarının "bələdiyyələrin müstəqilliyinə müdaxilələri", "zorakı bələdiyyəçilik etmək istəkləri" mane olur. Bələdiyyələrin geniş səlahiyyətləri var. Dövlət qurumlarının bələdiyyə fəaliyyətinə dəstək verməsi qanunlarda öz əksini tapıb. Məsələn: problemlərin həll yeri olan məhkəmələrə müraciət edərkən bələdiyyələr ödənişlərdən azaddır. Eləcə də pul ödənişləri haqqında qərarları bələdiyyə məclisi müstəqil verir və icra sənədi statusundadır. Bələdiyyələrin yaratdığı müəssisələr mənfəət vergisini dövlətə deyil, bələdiyyə büdcəsinə ödəyir. Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi bələdiyyə büdcəsinin nağdsız formalaşdırılması müsbət imkandır. Bələdiyyə sədrlərinin əksəriyyəti özlərini mərkəzi icra hakimiyyətinin yerlərdəki iki nömrəli icra nümayəndəsi kimi görürlər. Halbuki onlar icmanın inkişafı üçün təşəbbüslərlə çıxış etməli, yerli məsələləri yerindəcə həll etməli, rifah halının yüksəldilməsinə çalışmalıdırlar.
- Bələdiyyə Azərbaycanda niyə digər ölkələrdə olduğu kimi inkişaf edə bilmədi?
- Birincisi, bələdiyyə insitutu Azərbaycanda yenidir, onun elmi əsasları hələ yeni müəyyən edilir. İkincisi, kadrların hazırlığı ləng gedir, hazırlanan kadrlar bələdiyyə idarəçiliyinə gəlmir. Düşünürəm ki, universitetlər bu fakültələrin məzunlarının karyera statistikasını araşdırmalı, problemin səbəblərini müəyyən etməlidirlər. Çünki, dövlət bu sahəyə vəsait xərcləyirsə, nəticəsi də olmalıdır. Üçüncüsü, bəzi sahibkar və məmurlar bələdiyyə işlərinə şəxsi mənafe zəminində müdaxilə edirlər. Çünki, onların çoxlu torpaqları var, cüzi ödənişlə həmin torpaqları istifadə etmək niyyətindədirlər. Dördüncüsü, bəzi dövlət qurumları ya problemi həll etmək həvəsində və ya iqtidarında deyil, ya da həmin problemin varlığını dərk eləsələr də qeyri-müəyyən gələcəyə dondururlar. Beşincisi, qanunla müəyyən edilən maliyyə resurslarına bələdiyyələrin çıxışı məhduddur. Subvensiya və qrant müsabiqələri azdır və ya bələdiyyələr ora müraciət edə bilmir. Kreditlərin bələdiyyələrə və ya bələdiyyə müəssislərinə verilməsi təcrübəsi yox kimidir. Hüquqi şəxslərin torpaq vergisini dövlət büdcəsinə verilməsi isə ayrıca problemdir. Əksər bələdiyyələrin ərazisindəki pay torpaqlarını hüquqi şəxslər alıb və bələdiyyə büdcəsi torpaq vergisindən qanunla məhrum edilib.
- Bələdiyyələri bu vəziyyətdən çıxarmaq üçün hansı addımlar atılmalıdır?
- Öz təcrübəmizdən deyə bilərəm ki, birincisi, dövlət qurumlarının, sahibkar-məmurların bələdiyyələrin işinə müdaxiləsinin qarşısı alınmalıdır. Çətindir, amma Gəgəli bələdiyyəsi bunu etdi və nəticəsi göz qarşısındadır. Dörd il əvvəl bələdiyyə büdcəsi heç 10000 manatı keçmirdi, keçən il bizim bələdiyyənin dövriyyəsi 77000 manat olub. Ağsunun ən gəlirli bələdiyyəsiyik. Elə sahibkar-məmurlar var idi ki, onların torpaqları bələdiyyə tarixində icarə ödənişinə cəlb edilməmişdi. Biz onları sistemə daxil elədik. İcarə ödənişlərini bazar qiymətinə uyğunlaşdırmaq üçün sahibkar-məmurlar müqavimət göstərirlər, amma biz onların icra sənədini İcra və Probasiya şöbəsinə yönəltməklə ödənişlərini təşkil edirik. İkincisi, nağdsız ödənişlər bələdiyyənin büdcə imkanlarını artırır və şəffaflıq yaradır. Biz vergi və ödənişləri Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi vasitəsilə qəbul edirik. Xərclərimizin də həmin sistemdə qeydiyyatını aparırıq. Biz icarədarlarımıza icarə haqları ilə bağlı elektron qaimələr göndərməklə həmin VÖEN-lərin işlək olmasına da səbəb oluruq. Ona görə də bələdiyyələrin rəhbərlərini nağdsız ödənişlərə alışdırmaq lazımdır. Üçüncüsü, bələdiyyələr müəssisələr yaratmalı və istehsalata başlamadırlar. Biz dörd bələdiyyə müəssisəsi yaratmışıq və ilkin istehsal və xidmət işlərini görürük. Təmiz kənd MMC kənddən məişət tullantılarını toplayır, onları çeşidləyir və utilizasiyasını təşkil edir. Zəfər parkı MMC yeni layihələrlə çıxış edib və layihələrin həyata keçirilməsi üçün müvafiq banklarla məsləhətləşmələr aparılır. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Tərəkəmə yurdu folklor turizmi meydanının yaradılması layihəmizi dəstəkləyib və qrant ayırıb. Axtaçı obası MMC həmin meydanın işlədilməsi ilə məşğul olacaq. Yerli media MMC bələdiyyənin tanıdılmasında xüsusi rol oynayır. Düşünürəm ki, Gəgəli bələdiyyəsinin nümunəsində Azərbaycanda bələdiyyəçiliyin sürətli inkişafına nail olmaq olar.
İradə Cəlil, Bizimyol.info
https://www.bizimyol.info/az/news/448653.html

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

 Qəhrəmanlarımızla fəxr edirik!

Region
28-05-2025
425