Telman Ağabəyov: “Əsas məqsədimiz Salyan bələdiyyəsinin maliyyə imkanlarını gücləndirməkdir”
Salyan bələdiyyəsinin 2027-ci il üzrə büdcə layihəsi 14 oktyabr 2026-cı il tarixində keçirilən bələdiyyə iclasında müzakirə edilərək qəbul olunub. Bu barədə Salyan bələdiyyəsinin sədri Telman Ağabəyov məlumat verib.
Telman Ağabəyov bildirib ki,
2027-ci il üçün büdcə gəlirlərinin 250 min manat həcmində proqnozlaşdırılması nəzərdə
tutulub. Büdcənin gəlir hissəsinin formalaşmasında əsas mənbələri fiziki şəxslərdən
tutulan torpaq və əmlak vergiləri, torpaq sahələrinin icarəsindən daxilolmalar,
eləcə də bələdiyyə mülkiyyətində olan torpaqların qanunvericiliyə uyğun olaraq
özgəninkiləşdirilməsindən əldə edilən vəsaitlər təşkil edir.
Sədrin sözlərinə görə, büdcə
gəlirlərinin artırılması, yerli maliyyə imkanlarından səmərəli istifadə
olunması və mövcud gəlir mənbələrinin genişləndirilməsi bələdiyyənin qarşıya
qoyduğu əsas vəzifələrdəndir. Bu istiqamətdə vergi və digər ödənişlərin
vaxtında və tam şəkildə yerli büdcəyə ödənilməsinin təmin edilməsi, həmçinin bələdiyyə
torpaqlarından səmərəli istifadə olunması diqqət mərkəzində saxlanılır.
Bildirilib ki, 2027-ci il üzrə
büdcə xərclərinin əsas istiqamətləri yerli özünüidarəetmə orqanının fəaliyyətinin
və saxlanmasının təmin edilməsi, əhalinin aztəminatlı təbəqələrinə sosial
yardımların göstərilməsi, mədəni-kütləvi tədbirlərin təşkili, yaşayış məntəqələrində
abadlıq və quruculuq işlərinin aparılması, avtomobil yollarının təmiri, eləcə də
aqrar sahənin inkişafına dəstək göstərilməsi ilə bağlı olacaq.
Telman Ağabəyov qeyd edib ki,
büdcə vəsaitlərinin bölüşdürülməsi zamanı əhalinin sosial ehtiyacları, yaşayış
məntəqələrinin mövcud problemləri və yerli əhəmiyyətli məsələlərin həlli əsas
meyarlar kimi nəzərə alınacaq. Xərclərin məqsədyönlü və səmərəli istifadəsi,
görülən işlərin keyfiyyəti və büdcə intizamının qorunması da prioritet istiqamətlərdəndir.
Bələdiyyə sədrinin sözlərinə
görə, son illərdə yerli büdcə gəlirlərində müsbət dinamika müşahidə olunur. Belə
ki, Salyan bələdiyyəsinin 2025-ci ilin ilk 10 ayı ərzində gəlirləri 125 min 580
manat, 2026-cı ilin müvafiq dövründə isə 144 min 440 manat təşkil edib. Bu, əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 18 min 860 manat və ya təxminən 15 faiz artım
deməkdir.
Sədr vurğulayıb ki, gəlirlərin
artması bələdiyyənin yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində maliyyə
imkanlarının genişlənməsinə şərait yaradır.
Əsas məqsədimiz Salyan bələdiyyəsinin maliyyə imkanlarını gücləndirmək, büdcə vəsaitlərindən səmərəli istifadə etməklə əhalini narahat edən yerli problemlərin mərhələli şəkildə həllinə nail olmaq, yaşayış məntəqələrində abadlıq və quruculuq işlərini genişləndirməkdir, – deyə Telman Ağabəyov bildirib.
Belediyye.info
Rəylər
0 Rəy