Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-12-2024 , 14:59

105

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə seçkilərinə MARAQ NİYƏ AZDIR? – ƏSAS SƏBƏBLƏR 

Azərbaycanda 1999-cu ildə yaradılan bələdiyyə institutunda zaman-zaman islahatlar həyata keçirilib, yerliözünüidarəetməni tənzimləyən qanunlara müvafiq dəyişikliklər edilib. 2024-cü ildə də yeni bələdiyyə islahatına start verilib. Ölkə üzrə bələdiyyələrin sayı 685-ə endirilib. Bu bələdiyyələrə üzv seçiləcək vətəndaşların sayı isə 8071-dir.

Hazırda ölkəmizdə yeni bələdiyyə seçkilərinə hazırlıq gedir. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun dekabrın 13-də açıqladığı məlumata görə, 108 dairə üzrə 548 bələdiyyədən namizədlik üçün müraciət edənlərin sayı 3662 nəfərə çatıb.

Göründüyü kimi, gələn il yanvarın 29-a təyin edilən seçkilərdə 8071 yer üçün hələlik 3662 nəfər namizədliyini irəli sürüb. Sözsüz ki, müəyyən olunmuş vaxta qədər namizədlərin irəli sürülməsi prosesi davam edəcək. Bununla belə, bələdiyyə üzvü olmağa marağın az olması açıq-aşkar hiss olunur. İndiki statistikanı əsas götürsək, bir yer uğrunda iki nəfər güclə mübarizə aparacaq.

Maraqlıdır, vətəndaşların bələdiyyə seçkisinə marağı niyə belə azdır? Nə üçün ölkə vətəndaşları bu seçkili orqanın bir üzvü olmaq istəmirlər? Problemlər nədir?

Mövzu ilə bağlı Medianews.az-a danışan “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib ki, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə dekabrın 10-dan başlanılıb və qanunla müəyyən edilmiş vaxt ərzində əlavə namizədlərin olacağı şübhəsizdir.

Onun sözlərinə görə, seçkiöncəsi sönüklüyün kökündə seçicilərin də günahı var: “Güman edirəm ki, biz bələdiyyə seçkilərində çox ciddi mübarizənin şahidi olacağıq. Sözsüz ki, burada bələdiyyə seçkilərini nə prezident, nə də parlament seçkiləri ilə eyniləşdirmək olmaz. Bu strukturun 25 yaşı hələ təzə tamam olub. Hələ indi-indi daha geniş müstəvidə çıxış etməyə başlayıb. Bu birləşdirmənin də əsas məqsədi sözsüz ki, bələdiyyənin çəkisini, nüfuzunu və hörmətini qaldırmaqdır. Xüsusən də onların maliyyə və büdcə gəlirlərinin artırılmasına yönələn bir addımdır. Yanvarın 6-na kimi davam edəcək bu prosesdə yəqin ki, bir yerə minumum iki namizəd qeydiyyatdan keçmiş olacaq. Düzdür, hələ ki, sönüklük hiss olunur. Bu sönüklüyün kökündə bizim də bir seçici olaraq günahımız var. Amma ümumilikdə götürdükdə, bələdiyyə seçkilərinə seçicilər tərəfindən parlament və prezident seçkilərində olduğu kimi böyük diqqət yoxdur. İndiyə kimi cəmi 3600 namizədin qeydiyyat üçün sənədlərinin alınması sözsüz ki, az rəqəmdir. Bu sönüklüyün, marağın az olmasının digər mühüm səbəbi bələdiyyələrin özünün fəaliyyəti ilə bağlıdır. Uzun illər boyu bəzi rayon icra hakimiyyətlərinin bələdiyyələrə münasibəti birmənalı olmayıb. Zaman-zaman müəyyən neqativ halların bələdiyyələrin üzərinə atılması da bu prosesə öz təsiri göstərib. Düşünürəm ki, o proseslər, müdaxilələr, bələdiyyələrə narahatlığın yaradılması məsələləri artıq geridə qalıb. Ulu öndər Heydər Əliyevin yadigarı olan bələdiyyə sisteminin 2025-ci ildən yeni dövrü başlayır”.

QHT sədri deyib ki, bu yeni dövrdə seçicilər də prosesə ciddi yanaşmalı, təcrübəsi və bacarığı, işgüzarlığı, təhsili olan, həmçinin məhkumluğu olmayan namizədlərə səs verməli, etimad göstərməli, bununla da yaşadıqları ərazidə yerli problemlərin həllində mühüm rol oynamalıdırlar: “Əgər biz bu proseslərə diqqətli olub, həmin o parametrlərə cavab verən namizədlərə səs vermiş olsaq, ilk növbədə elə öz problemimizi həll etmiş olacağıq. Çünki işgüzar, təhsili, bacarığı, təcrübəsi olan insan bələdiyyə üzvü seçilibsə, istənilən halda bələdiyyə büdcəsinin artırılmasına yönələn addımlar atacaq. Nəticə etibarıilə bələdiyyənin büdcəsi də gələcəkdə müəyyən addımların atılmasına şərait yaradacaq. Düşünürəm ki, yanvarın 6-a kimi namizədlərin sayı bir qədər də artacaq. Ümid edək ki, ən azı bir yer uğrunda ikidən çox insan mübarizə aparacaq. Bundan əvvəlki proseslərdə də belə sönüklük olmuşdu. Fikrimcə, budəfəki seçki prosesi fərqlənir. Çünki biz artıq 1606 deyil, 685 bələdiyyəyə görə seçki formalaşdıracağıq. Burada da istənilən halda 8071 üzv olmalıdır. Düşünürəm ki, seçici olaraq burada aktivliyi artırmalıyıq. Həmçinin bələdiyyələrin özləri də bu istiqamətdə ciddi iş aparmalıdır. Müəyyən məsələlərdə hər kəs bu prosesə öz töhfəsini verməlidir”.

Nailə QASIMOVA

https://medianews.az/2024/12/17/belediyye-seckilerine-maraq-niye-azdir-esas-sebebler-foto


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024
589

Yeni seçiləcək bələdiyyə üzvlərinin sayı məlum oldu

Gündəlik Xəbərlər
02-12-2024
590

Anim günündə şəhid polkovnikin ailəsi ziyarət olunub 

Gündəlik Xəbərlər
01-12-2024
496