QHT sədri: WUF13 Azərbaycanın “Ağıllı şəhər” modelini dünyaya təqdim etməsi üçün mühüm platformadır
Azərbaycanın təşkilatçılığı ilə Bakıda təşkil olunan
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) uğurla davam edir. Qeyd
edək ki, şəhərsalma, dayanıqlı inkişaf məsələlərinə həsr olunmuş və dünyanın ən
böyük beynəlxalq platformalarından biri olan WUF13-ün Bakıda keçirilməsi
dünyanın diqqətini Azərbaycan yönəldib.
Tədbirin ölkəmiz üçün siyasi, iqtisadi və sosial faydaları
barədə danışan “Bakı və Regionların Birgə İnkişafı” Platforması İctimai
Birliyinin sədri, Xəzər
rayonu, Buzovna bələdiyyəsinin sədr müavini Təbriz Ağayev AZƏRTAC-a
bildirib ki, 182 ölkədən 45 mindən çox nümayəndənin qeydiyyatdan keçdiyi,
nüfuzlu dünya ölkələrinin nümayəndələrinin iştirak etdiyi mötəbər tədbir bir
sıra aspektdən ölkəmiz üçün faydalı olacaq: “Əvvəla, qlobal iqlim dəyişikliyi
ilə mübarizə dövründə bu cür nüfuzlu platformalarda müzakirələrin açılması,
urbanizasiyanın yaratdığı problemlərin, iqlim dəyişikliyi, ekoloji təhlükəsizlik,
“ağıllı şəhər”lər, yaşıl nəqliyyat, sosial bərabərlik kimi aktual məsələlərin
qlobal beyin mərkəzlərinin gündəminə gəlməsi yaxşı haldır.
Forum BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata
keçirilməsinə dəstək verir. Həmin platforma üzərindən keçirilən müzakirələrdə
dünya ölkələrin hökumət nümayəndələri, şəhərsalma üzrə ekspertlər, ekoloqlar
qabaqcıl təcrübələrini bölüşür, dövlətlər, təşkilatlar arasında yeni əməkdaşlıq
imkanları yaranır. Xüsusilə diqqətçəkən məqamlardan biri tədbirdə yaşıl enerji,
tullantıların, su ehtiyatlarının səmərəli idarə olunması və şəhərsalmada
ekoloji düşüncəyə əsaslanan texnologiyaların tətbiqi məsələlərinin diqqətdə
saxlanılmasıdır. WUF13 kimi nüfuzlu beynəlxalq tədbirlər şəhərsalma, rəqəmsal
texnologiyalar, “ağıllı şəhər” modelləri və müasir infrastruktur layihələri sahəsində
Azərbaycanın qazandığı təcrübənin dünyaya tanıdılması baxımından da mühüm fürsətdir.
Bu cür qlobal platformalar vasitəsilə Azərbaycan son illərdə həyata keçirdiyi
genişmiqyaslı quruculuq, tikinti və yenidənqurma layihələrini dünya ölkələrinə
təqdim etmək imkanı qazanır”.
Birlik sədri fikrini davam etdirərək deyib: “Xüsusilə
işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd”
konsepsiyaları ölkəmizin müasir şəhərsalma sahəsində formalaşdırdığı yeni
inkişaf modelini nümayiş etdirir. Obrazlı desək, Azərbaycan dünyaya yaşıl gələcək
çağırışı edir. Ölkəmizdə yaradılan rəqəmsal idarəetmə sistemləri, alternativ
enerji mənbələrindən istifadə, ekoloji nəqliyyat infrastrukturu, yaşıl
zonaların yaradılması və dayanıqlı tikinti layihələr beynəlxalq mütəxəssislər tərəfindən
maraqla qarşılanır. Forumda iştirak edən xarici qonaqlar Azərbaycanın tətbiq
etdiyi müasir şəhərsalma modelləri və icra olunan layihələrin sosial və ekoloji
üstünlükləri ilə yaxından tanış olurlar. Bu gün Azərbaycan təkcə enerji və
geosiyasi baxımdan deyil, həm də innovativ şəhərsalma modelləri və yaşıl
yanaşması ilə diqqəti çəkir. Bu cür nüfuzlu platformalar, həmçinin qlobal şirkətlər,
şəhərsalma qurumları ilə yeni əməkdaşlıq imkanları açır”.
Müsahibimiz bildirib ki, tədbirin Bakıda təşkil olunması ölkəmizə
olan marağı artırır, Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir: “Azərbaycan
2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin
29-cu Konfransını uğurla təşkil edib, bu il də Ümumdünya Şəhərsalma Forumuna ev
sahibliyi edir. Uğurla davam edən tədbir ölkəmizin mühüm beynəlxalq tədbirlərə
ev sahibliyi etmək imkanlarını göstərir, ölkənin beynəlxalq əlaqələrinin genişlənməsinə
səbəb olur”.
QHT sədrinin dediyinə görə, WUF13 kimi nüfuzlu beynəlxalq tədbirlər
şəhərsalma, rəqəmsal texnologiyalar, “ağıllı şəhər” modelləri və müasir
infrastruktur layihələri sahəsində Azərbaycanın qazandığı təcrübənin dünyaya
tanıdılması baxımından da əhəmiyyətlidir: “Son illər Bakı, Gəncə, Sumqayıt kimi
iri şəhərlərdə, o cümlədən işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda
ekoloji texnologiyalara əsaslanan, insanyönümlü modern şəhərsalma layihələri
icra olunur. “Ağıllı şəhər”, “ağıllı kənd” modelləri tətbiq edilir, nəqliyyat
infrastrukturu yaşıl texnologiyalara əsaslanaraq yenidən qurulur. İri şəhərlərin
küçə və meydanları insanyönümlü olaraq təşkil edilir. Bakıda yaşıl nəqliyyata
keçid istiqamətində mühüm addımlar atılıb. Bu gün paytaxtımızda 140 kilometrdən
çox avtobus zolağı və 80 kilometr uzunluğunda velosiped yolu yaradılıb. Marşrut
xətlərinə elektriklə işləyən avtobuslar buraxılıb. Bakıda yaxın perspektivdə
yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin
yaradılması nəzərdə tutulur. Hazırda paytaxtda ictimai nəqliyyat sisteminin
inkişafı istiqamətində geniş işlər aparılır. Bakıda yeni nəqliyyat növlərinin,
o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur. Həmin
layihənin həyata keçirilməsi şəhərdə mobilliyin artırılmasına, nəqliyyat
sıxlığının azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına səbəb
olacaq”.
Rəylər
0 Rəy