Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-12-2025 , 09:57

377

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Suraxanıda “Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma” mövzusunda konfrans keçirilib.

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu:Suraxanıda yeni sosial yanaşma” adlı konfrans keçirilib. Tədbir “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində təşkil olunub.

Öncə “Şiddətə qarşı sülhün səsi” adlı pantomim tamaşa nümayiş olunub. 

Daha sonra mövzuya həsr olunmuş video-çarx təqdim edilib. 

Açılış nitqi ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Azərbaycan qadınlarının cəmiyyətin sosial, iqtisadi və siyasi həyatında artan rolunun ölkəmizin inkişafına mühüm töhfə verdiyini qeyd edib. 

İcra başçısı bildirib ki, sevindirici haldır ki, Azərbaycanda həyata keçirilən gender siyasəti tarixi ənənələrlə müasir çağırışları uğurla birləşdirir. Onun sözlərinə görə, müstəqillik dövründə qadınların cəmiyyətdə rolunun gücləndirilməsi Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin prioritet istiqamətlərindən biri olmuş, məhz Ulu Öndərin rəhbərliyi ilə ölkədə qadın hərəkatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. O, qadınların hüquq bərabərliyinin Konstitusiyada təsbit edilməsinin və Azərbaycanın bu sahədə bütün mühüm beynəlxalq sənədlərə qoşulmasının gender siyasətinin davamlı inkişafı üçün möhkəm zəmin yaratdığını əlavə edib. 

A.Əliyev bildirib ki, qadınların cəmiyyət həyatında fəal iştirakı və imkanlarının genişləndirilməsi ölkəmizin davamlı inkişafının əsas şərtlərindəndir. Onun sözlərinə görə, həyata keçirilən layihələr və maarifləndirici fəaliyyətlər qadınların rolunu gücləndirir və yeni uğurların qapısını açır. İcra başçısı vurğulayıb ki, birlikdə çalışdıqca daha güclü, bərabər və davamlı gələcək qurmaq mümkündür və hər kəsi şəxsi və ictimai fəaliyyətində gender bərabərliyinin təşviqinə töhfə verməyə çağırıb. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransın gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası çərçivəsində təşkil olunduğuna diqqət çəkərək, kampaniyanın ilk növbədə rəqəmsal mühitdə genişlənən zorakılıq formalarına qarşı mübarizənin milli və beynəlxalq səviyyədə həmrəyliyə  və birgə fəaliyyətə əsaslanmasının vacibliyini önə çıxardığını vurğulayıb. 

Komitə sədri əlavə edib ki, son tədqiqatların göstərdiyi kimi, rəqəmsal məkanda zorakılığın 16%-dən 58%-ə qədər dəyişən yayılma göstəriciləri problemin dərinliyini və mürəkkəbliyini təsdiqləyib, həmçinin rəqəmsal dünyada insan hüquqlarının qorunması, təhlükəsizliyin və bərabər imkanların təmin olunmasının isə artıq qlobal miqyasda mühüm prioritetə çevrildiyini göstərib.

O, qadınlara və qızlara qarşı, o cümlədən rəqəmsal müstəvidə törədilən zorakılığın cəmiyyətin inkişafını zəiflədən ciddi sosial problem olduğunu vurğulayıb. Qeyd edib ki, bu kimi halların ağır nəticələri nəzərə alınaraq, dövlətimizin beynəlxalq və milli səviyyədə öz öhdəliklərinə sadiqliyi xüsusi əhəmiyyət daşıyır.

B.Muradova bildirib ki, ilk növbədə, ölkə prezidenti cənab İlham Əliyevin bu sahədəki qərar və sərəncamları, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və tövsiyələri, cəmiyyəti bu problemlə mübarizəyə daha yaxından səfərbər etmək naminə müntəzəm təşəbbüsləri əldə edilən müsbət nəticələrin əsas hərəkətverici qüvvəsidir.

Sosial davranışların dəyişdirilməsi və mənfi stereotiplərin aradan qaldırılması istiqamətində qısa zaman ərzində qanunverici, icra və məhkəmə orqanlarının fəaliyyəti nəticəsində cəmiyyətdə nəzərəçarpan irəliləyişlər əldə olunduğunu bildirən sədr, qeyd edib ki, 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı uğurla icra olunub və hazırda aidiyyəti qurumların təklifləri nəzərə alınmaqla ikinci Milli Fəaliyyət Planının layihəsi hazırlanır. Bu sənədin gələcək fəaliyyətin daha sistemli və səmərəli həyata keçirilməsinə xidmət edəcəyinə inandığını vurğulayıb.

Suraxanıda bu mövzunun müzakirəsinin təsadüfi olmadığını bildirən B.Muradova rayonun çoxmədəniyyətli və həmrəy sosial mühitinin, eləcə də özünəməxsus sosial-iqtisadi xüsusiyyətlərinin burada icma dəstəyinin gücləndirilməsi və sosial layihələrin həyata keçirilməsi üçün xüsusi imkanlar yaratdığını da əlavə edib. 

Yerli səviyyədə koordinasiyanın təmin olunmasında əsas institusional dayaqlardan birinin şəhər və rayon icra hakimiyyətləri olduğunu vurğulayan Komitə sədri, onların icmalarla birbaşa təması və operativ müdaxilə imkanları zərərçəkmişlərin təhlükəsizliyinin artırılmasına, problemlərin erkən aşkarlanması və risk qruplarının müəyyən edilməsinə mühüm töhfə verdiyini bildirib. 

B.Muradova Suraxanı Rayon İcra Hakimiyyətinin təcrübəsinin məişət zorakılığı ilə mübarizədə uğurlu model kimi diqqətəlayiq olduğunu və digər bölgələr üçün nümunə olaraq öyrəniləcəyini diqqətə çatdırıb. 

O çıxışının sonunda qarşıda qadın və qızların rəqəmsal savadlılığının artırılması, hüquqi müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və icmaların daha fəal iştirakı kimi mühüm vəzifələr durduğunu qeyd edib. 

Konfrans panel müzakirələrlə davam edib.

“Qadın hüquqlarının qorunması-davamlı inkişafın əsas prinsipi“ mövuzusunda keçirilən birinci sessiyaya Dövlət Komitəsinin hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova moderatorluq edib. 

T.İbrahimova bildirilib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci məqsədi məhz gender bərabərliyinin təmin edilməsinə həsr edilib. 

Gender bərabərliyinin yalnız hüquq məsələsi deyil, eyni zamanda cəmiyyətdə sülhün, təhlükəsizliyin və rifahın əsas təməli olduğunu vurğulayan moderator, Azərbaycanın bu çağırışa daim cavab verdiyini və qadınların cəmiyyətdə rolunun artırılması, hüquq və imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdiyini qeyd edib. 

Sessiyada Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək,  İcra Hakimiyyəti yanında yaradılmış  MƏQ-in məişət zorakılığı hallarının izlənməsi, zərərçəkmiş şəxslərin sosial və hüquqi müdafiəsinin təmin olunması, mühafizə orderlərinin verilməsi, zorakılıq törədən şəxslərlə profilaktik tədbirlərin görülməsi, eləcə də ictimai maarifləndirmə və gender bərabərliyinin təşviqi məqsədilə keçirdiyi müxtəlif tədbirlər və layihələr barədə məlumat verib. 

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Kəmalə Ələkbərova, Daxili İşlər Nazirliyi tərəfindən Ailə-məişət zəminində törədilən cinayətlərlə bağlı yeni Tədbirlər Planı hazırlandığını bildirib və əlavə edib ki, bu istiqamətdə mütəxəssislər üçün təlimlərin keçirilməsi də təmin olunur. Həmçinin yetkinlik yaşına çatmayanların işləri üzrə qadın polislərin sayının artırılması təklif olunub. 

Çıxış edən “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova bildirib ki, artıq sosial xidmət mərkəzləri dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Vurğulayıb ki, 2022-ci ildən etibarən qadınlar üçün 24 saat fəaliyyət göstərən qaynar xətt xidməti yaradılıb və bu müddət ərzində 11 mindən çox müraciət daxil olub ki, onların da əksəriyyəti məişət zorakılığı ilə bağlıdır.

‘’Zorakılığa qarşı mübarizədə ictimai həmrəylik və hüquqi dəstək’’ mövzusunda müzakirələrin aparıldığı ikinci panel sessiyanın moderatoru isə BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru Ceyhun Qaracayev olub.

Panelçi Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, ailə, məktəb və dövlət məfhumunun birlikdə uşaqların düzgün formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, bir neçə ildir davam edən “Məktəblinin dostu” layihəsi artıq bütün Azərbaycan üzrə genişləndirilib və bu, şagirdlərin həm icma, həm də ailə mühitində qarşılaşdıqları zorakılıq halları üzrə rahat şəkildə müraciət etməsinə şərait yaradır. Məktəblilər üçün digər dəstək mexanizmləri də gücləndirilib, həmçinin məktəblərdə sosial pedaqoqların fəaliyyəti təmin olunub.

Azərbaycan Televiziyasının Teleradio Akademiyasının rektoru Almaz Mahmud medianın cəmiyyətdə həm dağıdıcı və eyni zamanda formalaşdırıcı gücə malik olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, informasiya yalnız məlumat ötürmək deyil, həm də ictimai rəy yaratmaq funksiyasını daşıyır. 

A.Mahmud vurğulayıb ki, həm ənənəvi, həm də sosial mediada xüsusilə qadınlar və uşaqlarla bağlı mövzularda empatiya hissi güclü olmalı, məsuliyyətli yanaşma nümayiş etdirilməlidir. O əlavə edib ki, cəmiyyətin düzgün maarifləndirilməsi üçün media savadlılığının artırılması vacib prioritetlərdən biri olaraq qalır.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Lalə Nağıyeva məişət zorakılığı hadisəsinə qarşı mütləq operativ reaksiya göstərilməli olduğunu deyib. Qeyd olunub ki, bəzi şəxslər həyatlarında qarşılaşdıqları halların zorakılıq olduğunu belə dərk etmirlər, çünki zorakılığın yalnız fiziki deyil, psixoloji, iqtisadi və digər formaları da mövcuddur. 

O əlavə edib ki, mühafizə orderinin tətbiqi zərərçəkmişlərin təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə effektiv və səmərəli reaksiya mexanizmlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.

Konfrans müzakirələrlə davam edib, panelçilərə ünvanlanan suallar cavablandırılıb.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ağdaşdan "bir fırtına" keçdi...


Gündəlik Xəbərlər
29-08-2025
1087

Özünüzü yığışdırın, ayıbdır!!! CİDDİ

Gündəlik Xəbərlər
26-08-2025
1426

RİH-lərin ləğvi zəruriətə çevrilsə də...

Gündəlik Xəbərlər
18-08-2025
1825