Anar İsmayılov: "Məqsədimiz nəzərdə tutduğumuz sosial-iqtisadi və ekoloji layihələri icra etməklə əhaliyə daha yaxşı xidmət göstərməkdir"
"Mingəçevir bələdiyyəsinin cari ildə əsas vəzifəsi büdcə gəlirlərini artırmaqla seçicilərin üzləşdiyi problemləri vaxtında həll etməkdir"- bu fikirləri Belediyye.infonun sorğusuna cavab olaraq Mingəçevir bələdiyyəsinin sədri Anar İsmayılov deyib.
Sədr Mingəçevir bələdiyyəsinin büdcəsinə ötən ilin aprelində daxil olmuş maliyyə vəsaiti ilə bu ilin aprelində daxil olmuş vəsaitin müqayisəsini belə təqdim edib:
-2024 -cü ilin aprelində əmlak vergisinin həcmi 621 manat, torpaq vergisi həcmi 2.155 manat, icarə haqqı 12935 manat, torpaq satışı 22.264 manat, dayanacaqlardan ödəniş 49 manat, mehmanxana rüsumu 215 manat olmuşdur.
2025-ci ilin aprelində isə büdcə daxilolmalar aşağıdakı kimi olub: əmlak vergisi 1.919 manat, torpaq vergisi 650 manat, icarə haqqı 13.662 manat, torpaq satışı 5.843 manat, dayanacaqlardan ödəniş 338 manat, mehmanxana rüsumu 385 manat olub.
Sədr bildirib ki, yalnız torpaq vergisi və torpaq satışında azalmalar olmuşdur. Səbəb torpaq vergisinin il boyu yığılmasıdır, vergilər əsasən yay aylarında ödənilir. Torpaq satışında isə bələdiyyədən asılı olmayan səbəblərdən (qiymətləndirici təşkilatların fəaliyyəti, sənədləşdirmə işlərinin ləngidilməsi və s.) azalma olub.
Əmlak vergisi 68%, icarə haqqı 5,3%, dayanacaqlardan ödəniş 85,5%, mehmanxana rüsumu 44,1% artıb. Hazırda bələdiyyənin DSMF-na borcu yoxdur. Əmək haqları vaxtında ödənilib.
Sədr qeyd edib ki, sakinlərlə, sahibkarlarla mütəmadi görüşlərin keçirilməsi, BAMS proqramından səmərəli istifadə, SMS bildirişlərin göndərilməsi, vergi strukturunun təkmilləşdirilməsi, şəffaflıq və hesabatlıq mühitinin yaradılması vergi, rüsum və ödəniş yığımının artmasına səbəb olan amillərdir.
Məqsədimiz optimal, güclü büdcə fondunun formalaşdırılması və nəzərdə tutduğumuz sosial, iqtisadi, ekoloji layihələri icra etmək, əhaliyə daha yaxşı xidmət göstərməkdir.
Belediyye.info
Rəylər
0 Rəy