Zamiq İbrahimov: “Potu bələdiyyəsində büdcə gəlirlərinin artımı istiqamətində işlər davam etdirilir”
Göyçay rayonunun Potu bələdiyyəsində büdcə gəlirlərinin
artırılması və vergi daxilolmalarının təmin edilməsi istiqamətində həyata
keçirilən tədbirlər müsbət nəticələr verir.
Bələdiyyə sədri Zamiq İbrahimov Belediyye.infoya bildirib ki, ötən ilin müvafiq dövrü ilə
müqayisədə büdcə gəlirləri 31.594 manatdan 65.596 manata yüksələrək 2,1 dəfə
artıb. Vergi daxilolmaları isə 9.755 manatdan 13.919 manata çatıb ki, bu da 43
faiz artım deməkdir.
Sədr qeyd edib ki, bələdiyyənin vergi xidməti büdcə gəlirlərinin
artırılması məqsədilə Bələdiyyələrin Vergi İnformasiya Sisteminin (BVİS) təqdim
etdiyi imkanlardan səmərəli istifadə edir. Vergi uçotunun təkmilləşdirilməsi,
daxilolmaların artırılması və vətəndaşlarla maarifləndirmə işlərinin aparılması
bu istiqamətdə əsas prioritetlərdəndir.
Zamiq İbrahimov Göyçay Rayon İcra Hakimiyyətinin bələdiyyəyə
göstərdiyi dəstəyi xüsusi vurğulayaraq, fəaliyyətlərinin daha səmərəli təşkili
üçün Göyçay Regional Ədliyyə İdarəsinin metodiki tövsiyələrindən də mütəmadi
yararlandıqlarını bildirib.
Hazırda bələdiyyənin növbəti dövr üçün büdcə layihəsi
müzakirə olunur. Layihənin əsas məqsədi yerli gəlirlərin artırılması, maliyyə
imkanlarının genişləndirilməsi və əhalinin ehtiyaclarına uyğun tədbirlərin həyata
keçirilməsidir.
Bələdiyyə sədri vətəndaşlara müraciət edərək vergi ödənişlərini vaxtında həyata keçirmələrinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, noyabrın 15-dən sonra gecikdirilən hər gün üçün Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq dəbbə pulu hesablanır. Bu səbəbdən sakinlərdən vergi öhdəliklərini gecikdirməmələri və ödənişləri vaxtında etmələri xahiş olunur.
Belediyye.info
Rəylər
0 Rəy