Oqtay Məsimov: “Əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə qurulması bələdiyyənin qarşılaşdığı problemlərin həllinə də müsbət təsir göstərir”
Bələdiyyənin inkişafı onun büdcə gəlirlərinin vəziyyətindən, büdcə gəlirləri isə vergi xidmətinin səmərəli və sistemli fəaliyyətindən birbaşa asılıdır. Hazırda vergi xidmətinin əsas məqsədi növbəti il üçün vergi bildirişlərinin onlayn qaydada göndərilməsinə dair hazırlıq işlərini başa çatdırmaqdır.
Bu fikirləri Belediyye.infoya Göygöl bələdiyyəsinin sədri
Oqtay Məsimov bildirib.
Sədr qeyd edib ki, cari ildə vergi xidmətinin fəaliyyəti nəticəsində
büdcə gəlirlərində on aylıq göstəricilərə əsasən, ötən ilin müvafiq dövrü ilə
müqayisədə 66 faiz artım müşahidə olunub. Bununla yanaşı, yerli vergilərin
yığımında da 78 faizlik artım qeydə alınıb.
Oqtay Məsimov bildirib ki, hazırda bələdiyyənin vergi xidməti
növbəti büdcə ilinə ciddi şəkildə hazırlaşır. Belə ki, Bələdiyyələrin Vahid
İnformasiya Sistemində təkrar məlumatlar aradan qaldırılır, vergi ödəyicilərinə
dair əsas əlaqə məlumatları yenidən dəqiqləşdirilir.
“Əsas məqsədimiz büdcə gəlirlərini artırmaqla şəhər ərazisində
vətəndaş məmnunluğunun təmin edilməsinə töhfə verməkdir. Növbəti ildən vergi
bildirişlərinin müvafiq dəyişikliklərə uyğun olaraq onlayn qaydada göndərilməsi
bələdiyyənin vergi xidmətinin üzərinə daha böyük məsuliyyət qoyur”, – deyə sədr
vurğulayıb.
O, həmçinin bildirib ki, hazırda bələdiyyənin növbəti il
üçün büdcə layihəsi bələdiyyə iclasında müzakirə olunur. Hər bir iclasda bələdiyyə
üzvləri layihə ilə bağlı öz təkliflərini irəli sürürlər. Yaxın günlərdə keçiriləcək
iclasda büdcənin təsdiq olunması nəzərdə tutulur.
Bununla yanaşı, sədr qeyd edib ki, Göygöl bələdiyyəsi cari
ildə əldə etdiyi maliyyə vəsaiti hesabına şəhər ərazisində bir sıra iri həcmli
layihələr həyata keçirib.
Oqtay Məsimovun sözlərinə görə, bələdiyyə bu gün öz fəaliyyətində Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyini hiss edir. Əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə qurulması bələdiyyənin qarşılaşdığı problemlərin həllinə də müsbət təsir göstərir.
Belediyye.info
Rəylər
0 Rəy