Elman Verdiyev: “Həyata keçirilən layihələrin icrasına Naftalan Şəhər İcra Hakimiyyəti hər zaman öz dəstəyini əsirgəmir”
İlk dəfə idi ki Naftalan bələdiyyəsinin inzibati binasında olurdum. Kollektivin hər bir üzvü iş başında idi. Hər kəs öz üzərinə düşən məsuliyyəti yerinə yetirməklə məşğul idi. Onu da qeyd edim ki, inzibati bina məhz bələdiyyənin büdcə gəlirləri hesabına inşa edilib.
Beləliklə, bələdiyyədə maraqlı görüşüm oldu. İnzibati binada bələdiyyənin hüquqşünası Hikmət Qocayev, bələdiyyənin mühasibi İlkin Rüstəmov, vergi mütəxəssisi Rəşad Zeynalov və Tural Məmmədovun iştirakı ilə keçirilən görüşdə sonradan bələdiyyə
sədri Elman Verdiyev də qoşuldu.
Belə məlum oldu ki, bələdiyyənin vergi xidmətinin səmərəli
fəaliyyəti nəticəsində bu gün bələdiyyə büdcə
gəlirlərini kifayət qədər artırmağa nail olub. Əldə olunan büdcə gəlirləri isə kurort
şəhərində abadlıq-quruculuq işlərinə sərf
edilir.
Naftalan bələdiyyəsinin 2025 və 2026-cı illərin
yanvar-oktyabr ayları üzrə büdcə gəlirlərinin müqayisəli təhlilinə diqqət yetirək.
Bununla bağlı Naftalan bələdiyyəsinin sədri Elman
Verdiyev bildirib ki, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində Naftalan bələdiyyəsinin
büdcə gəlirləri 286.695 manat təşkil etmişdir. 2025-ci ilin müvafiq dövründə isə
bu göstərici 178.006 manat olmuşdur. Beləliklə, cari ilin ilk 10 ayı ərzində bələdiyyənin
büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 108.689 manat və ya 61,06
faiz artmışdır.
Büdcə gəlirlərinin
ayrı-ayrı mənbələr üzrə müqayisəli təhlili də müsbət dinamikanın mövcud
olduğunu göstərir.
Belə ki,
fiziki şəxslərdən torpaq vergisi üzrə daxilolmalar 2025-ci ilin yanvar-oktyabr
aylarında 6.979 manat olduğu halda, 2026-cı ilin müvafiq dövründə 13.348 manat
təşkil etmişdir. Bu, 6 369 manat və ya 91,26 faiz artım deməkdir.
Fiziki şəxslərdən
əmlak vergisi üzrə daxilolmalar 2.595 manatdan 7.823 manata yüksələrək 5.228
manat və ya 201,45 faiz artmışdır.
Torpağın
satışından daxilolmalar 2025-ci ildəki 24.904 manatdan 2026-cı ildə 94.657
manata çatmışdır. Bu istiqamət üzrə artım 69.753 manat və ya 280,09 faiz təşkil
etmişdir.
Sanatoriya,
kurort və mehmanxanalar üzrə ödənişlər 132.722 manatdan 147.309 manata yüksəlmiş,
14.586 manat və ya 10,99 faiz artım qeydə alınmışdır.
İcarəyə
verilmiş torpaqların icarə haqqı üzrə daxilolmalar 3.005 manatdan 15.857 manata
çataraq 12.852 manat və ya 427 faiz artmışdır.
Dayanacaq
rüsumu üzrə daxilolmalar 800 manatdan 700 manata enərək 100 manat və ya 12,5
faiz azalmışdır. Dotasiya üzrə daxilolmalar isə hər iki ildə dəyişməyərək 7 000
manat təşkil etmişdir.
Göstəricilərdən
də aydın olduğu kimi, büdcə gəlirlərinin artımında əsas pay torpağın satışından
daxilolmaların, icarə haqlarının, eləcə də fiziki şəxslərdən toplanan torpaq və
əmlak vergilərinin artımının hesabına təmin edilmişdir.
Sədr Naftalan
Şəhər İcra Hakimiyyəti ilə bələdiyyə arasında mövcud olan qarşılıqlı əməkdaşlıq
münasibətlərinin yüksək səviyyədə olduğunu xüsusi ilə vurğulayıb. Şəhər İcra
Hakimiyyəti bələdiyyənin fəaliyyətinə, yerli əhəmiyyətli məsələlərin həllinə və
şəhər sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslərinə daim
diqqət və dəstək göstərir.
Sədr qeyd
edib ki, bələdiyyə tərəfindən həyata keçirilən layihələrin icrasında, abadlıq və
quruculuq işlərinin aparılmasında, şəhərin sosial-iqtisadi inkişafına xidmət edən
tədbirlərin reallaşdırılmasında Naftalan Şəhər İcra Hakimiyyəti hər zaman
yaxından iştirak edir və öz dəstəyini əsirgəmir. İcra Hakimiyyəti ilə bələdiyyə
arasında formalaşmış qarşılıqlı etimad, anlaşma və səmərəli əməkdaşlıq mühiti
qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə, yerli problemlərin
birgə həllinə və şəhərimizin daha da inkişafına mühüm töhfə verir.
Sədr hesab
edir ki, dövlət və yerli özünüidarəetmə orqanları arasında bu cür sağlam əməkdaşlıq
şəhərin inkişafı, abadlıq-quruculuq işlərinin genişləndirilməsi və əhalinin
sosial rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ümumilikdə, 2026-cı ilin ilk 10 ayının nəticələri Naftalan bələdiyyəsinin büdcə gəlirlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə 61,06 faizlik artımın əldə olunduğunu göstərir. Qarşıdakı dövrdə də yerli gəlir mənbələrinin genişləndirilməsi, büdcə daxilolmalarının artırılması, vəsaitlərdən səmərəli istifadə edilməsi və sakinlərin maraqlarına xidmət edən layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.
Belediyye.info
Rəylər
0 Rəy