Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-04-2024 , 20:38

2211

Son xəbərlər

Bütün xəbərlər

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə-icra münasibətləri: aralarında qeyri-adi idarəçiliyə sahib olan, təcrübəsi yayıla bilən, DSMF-yə borcu olanlar da var  

 Təhlillər göstərir ki, hazırda ölkə bələdiyyələrinin DSMF-yə kifayət qədər borcu var.  Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun, Ədliyyə nazirliyinin müvafiq qurumlarının, həmdə milli bələdiyyə assosiasiyalarının iştirakıyla atılan  ardıcıl  və davamlı addımları sayəsində ölkə bələdiyyələrinin illər öncə 13 milyon manat həcmində olan borcu bu gün 6 milyon manatadək  azaldılıb. Proses gedir. Bəzən bu rəqəm artır, bəzən azalır, lakin hələ ki borcu tam bağlamaq mümkün olmayıb.  Bizə maraqlı olan  isə borcun hansı səbəbdən yaranmasıdır. Habelə sual olunur bələdiyyənin borclanmasında əsas günah sahibi kimdir.

Fikrimizcə, borcun yaranmasının əsas günah sahibi və səbəbkarı, birmənalı olaraq, bələdiyyə sədrləridir. Məhz bəzi sədrlərin məsuliyyətsizliyi, təcrübəsizliyi, habelə bir çox sədrlərin özlərini bələdiyyə üzv və seçiciləri qarşısında hesabatlı aparmamaları borcun yaranmasına bir növ rəvac verib.

Ən əsası 2000-2010-cu illər arası DSMF-də çalışan bəzi məsuliyyətsiz rəsmilərin də bu prosesdə günahı az deyil. Əslində həmin illərdə bu prosesin qarşısının alınması məqsədiylə DSMF-ilə bağlı məsələlərin əsas istiqamətinin Dövlət Vergi Xidmətinin səlahiyyətinə aid edilməsi məsələni kökündən bağlamış oldu. Lakin borcun tam şəkildə silinməsi hələ də mümkün olmayıb.

Bu gün özünə hörmət edən, işinə məsuliyyətlə yanaşan sədrlərin fəaliyyəti sayəsində bir çox bələdiyyələr DSMF borcunu bağlamağa nail ola bilib. Bir neçə il əvvəl 66 Bərdə bələdiyyəsinin DSMF borcunun həcmi 866 min manat olsa da,  sonralar sədrlərin  aktiv fəaliyyəti, həm də  Bərdə RİH-in təşəbbüsü və dəstəyi ilə borcun azaldılması istiqamətində ciddi addımlar atıldı. Bu gün borcun həcmi 200 min manat ətrafında qərarlaşıb. Demək, bu templə gedilsə ilin  sonunadək borcun bağlanması reallaşa bilər. 

Lakin digər rayonlarda formalaşan bələdiyyələrdə bu halı müşahidə etmək mümkün deyidlir. Bir neçə il bundan əvvəl Gədəbəy rayonunda formalaşan 19 bələdiyyənin DSMF-yə borcu 400 min manat həcmində idi. Hazırda bu borcun həcmi 500.000 manat ətrafındadır. Bundan əvvəl isə yalnız Gədəbəy şəhər bələdiyyəsi, sonra isə Slavyanka bələdiyyəsi, bilavasitə sədrlərin təşəbbüsü və qətiyyətli addımları sayəsində,  DSMF borcunu bağlamağa nail ola biliblər. Sual olnur, adıçəkilən rayonun digər kənd bələdiyyəsinin borcu bu gün 50 min manatı keçirsə bələdiyyə sədri hara baxır. Niyə bu borcun bağlanmasıyla bağlı addımlar atmır. Nəyi və kimi gözləyir? Ancaq bu məqamda prosesi müşahidə etmək yox, onun bağlanmasına bələdiyyə sədriylə  yanaşı ilk növbədə rayon icra hakimiyyətinin başçısı da maraqlı olmalı, onun üçün ciddi addımlar atmalı və ən əsası siyasi rəhbər olaraq öz tövsiyəsini əsirgəməməlidir.  

***

Bu arada digər  maraqlı bir məqama toxunmaq istərdim.

Astara rayonunda formalaşan 15 bələdiyyə 2023-ci ildə 189.900 manat maliyyə vəsaiti əldə edib. Əldə edilən vəsaitin  46.200 manatı dövlətin ayırdığı dotasiya təşkil edib. Nəticə etibariylə 15 bələdiyyə cəmi 143.700 manat vəsait əldə edib. Oğuz rayonunun 15 bələdiyyəsi isə 530.000 manat gəlir əldə edib ki, onunda 31.800 manat dotasiya təşkil edib.  “Xalis gəlir” 498.200 manat olub.

Beləliklə, Astaranın bir bələdiyyəsi ortalama ay ərzində 798 manat, Oğuzun bir bələdiyyəsi isə 2.767 manat maliyyə vəsaiti əldə edib. Sual olunur eyni coğrafi mövqedə olan bələdiyyələrdə 3 dəfəyədək fərq niyə olmalıdır və yaxud hansı səbəbdən bu qədər fərq yaranıb.

Bunun bir günahı sözsüz ki,  bələdiyyə sədrlərindədir. Konkret. Bələdiyyə sədri qanunvericiliyin verdiyi bütün imkanlardan lazımınca yararlanmalıdır.

Ancaq ikinici səbəbi isə rayon icra hakimiyyəti başçısındadır. Ona görə ki, rayonun siyasi rəhbəri olaraq icra başçısı hər bir kənddə səyyar görüşlər keçirir, vətəndaşları dinləyir və bu görüşlərdə həm də kəndin vəziyyətiylə maraqlanır. Və protokola uyğun olaraq hər bir görüşdə bələdiyyə sədrləri də iştirak edir.  Bu görüşlərdə icra başçısı qəbula gələn vətəndaşa “vergilərini ödəmisənmi” sualını heç veribmi? Yəqin ki, yox. Və yaxud maraqlanıbmı ki, ay bələdiyyə sədri niyə ay ərzində 798 manat əldə edirsən, bu pulla kəndin hansı problemini həll etmisən, nə komək lazımdır biz tərəfdən. Və yaxud bələdiyyə sədriylə birgə şəhid və qazi ailəsini ziyarətə gedibmi? Yəni, qısası, bələdiyyə sədrini həm də ictimaiyyət arasında saydırıbmi? Söhbət bundan gedir.  

Məhz bu məqama görə deyirəm ki, bir çox məsələlərdə bələdiyyələrin probleminin aradan qaldırılmasında icra hakimiyyətinin və onu başçısının müstəsna rolu var.  Sadəcə can yandırmaq lazımdır.  Qeyd edilən istiqamətdə isə Səbail, Qəbələ, Xətai və Sabunçu RİH başçılarının təcrübəsindən yararlanmağa həqiqətən dəyər.  

***

Yeri gəlmişkən digər bir məsələyə də toxunmaq istərdim.

Abşeron rayonunda formalaşan 15 bələdiyyənin əldə etdiyi 3.648.300 manat vəsaitin  1.446.487 manatını, yəni 39.4 faizini Xırdalan bələdiyyəsi əldə edib. Əlavə edim ki, bu bələdiyyənin 2019- cu ildə əldə etdiyi maliyyə vəsatinin həcmi  cəmi 204.618 manat olmuşdu. Bu isə ümumi rayon üzrə əldə olunan gəlirin cəmi 11.7 faizi demək idi.  Ən faciəli məqam onda idi ki, 2019-cu il seçkilərindən sonra yeni tərkibdə formalaşan bələdiyyələrin qarşılaşdıqları bir problem də sədrlər tərəfindən borclandırılması idi. Tək Xırdalan bələdiyyəsinin 2020-ci ilin yanvarında 160 min manata yaxın borcu olmuşdur. Xırdalan bələdiyyəsinin gərgin əmək fəaliyyəti sayəsində  2019-cu illə müqayisədə büdcə gəlirini bu gün beş dəfədən çox artıra bilib. Biz bura bələdiyyənin hazırladığı layihə çərçivəsində beynəlxalq təşkilat tərəfindən verilən 407 min manatı daxil etməmişik.

Və yaxud Goradil bələdiyyəsinin fəaliyyətinə toxunaq. Göradil Bələdiyyəsinin ötən 2023-cü ildə büdcə gəlirləri 92.265 manat təşkil edib. Gəlirlərdən torpaq vergisi 10.992 manat, əmlak vergisi 29.374 manat, torpağın özgəninkiləşdirilməsindən daxil olan gəlir 49.929 manat olub. Ötən illərlə müqayisə etdikdə  büdcə gəlirlərində əhəmiyyətli dərəcədə artım olduğunu görmək olar. Belə ki, 2019-cu ildə Goradil bələdiyyəsinin ümuni büdcə gəlirləri 19.953 manat təşkil etdiyi halda 2023-cü ildə bu rəqəm 92.265 manat olub. Bu isə ümumilikdə beş dəfəyədək artım deməkdir.

Bu artım fəaliyyəti müsbət qarşılanan Fatmayı və Mehdiabad bələdiyyəsində də ciddi şəkildə  hiss olunub. Hər iki bələdiyyənin büdcə gəlirlərində artım olması da təsadüfü deyil. Çünki adları çəkilən bələdiyyələrdə yeni seçilən tərkibin əsas fəaliyyəti bələdiyyələrdə vergi-uçot sisteminin qurulmasıyla başlayıb. Bununla yanaşı adları çəkilən bələdiyyələrdə həmçinin yeni müstəqil idarəçilik sistemi yaradılmış, bələdiyyə-icra münasibətləri tənzimlənmiş, bu münasibətlər sivil formada öz əskini tapmışdı. Lakin bu irəliləyişin  rayonun digər on bir bələdiyyəsi haqqında demək mümkün deyil. Bir tərəfdən həmin on bir bələdiyyədə şəffaflıq təmin edilmir, hesabatlılıq sıfır vəziyyətindədir. Üstəlik bu bələdiyyələrdəki idarəçilikdə də ciddi problemlər müşahidə edilməkdədir. Masazır, Saray, Məhəmmədi, Aşağı Güzdək, Pirəküşkül, Digah bələdiyyələrində tətbiq edilən “unikal idarəetmə” sistemi də təəccüb doğurur.   Bu bələdiyyələrdə RİH rəsmiləri tərəfindən  “nəzarətə nəzarət” sisteminin qurulması barədə fikirlərin bələdiyyə üzv və qulluqçuları arasında söylənilməsi, hətta RİH rəsmilərinin “tövsiyəsi” ilə ştat cədvəlinin şişirdilməsi bələdiyyələrin fəaliyyətinə ciddi problem yaratması da iddia olunur. Hər halda od olmasa tüstü çıxmaz. Yəqin ki, deyilənlərin bir tərəfi də həqiqətə söykənir.

Sual olunur  yuxarıda adları çəkilən bələdiyyələrdə büdcə gəlirlərini beş dəfəyədək artıra bilibsə, bəs digər on bir bələdiyyənin sədrləri hara baxıb. Və yaxud bələdiyyələrə “tövsiyələrini əsirgəməyən”  Abşeron  RİH rəsmiləri bu barədə heç düşünüblərmi? Uzun illər bank hesabı bağlı qalan Hökməli bələdiyyəsinin  düşdüyü vəziyyətdən cıxarmaq barədə heç fikirləşiblərmi? Düşündürücü sualdır. Amma müşahidələr göstərir ki, belə bir addım atılmayıb. Atılsaydı yəqin ki, irəliləyiş də hiss olunar, nəticədə bələdiyyələrdə çalışanlarda vaxtlı-vaxtında əməkhaqqlarını alar, ən əsası seçicilərinin qaldırdıqları problemlərin həllinə tez bir zaman kəsiyində nail olardılar.  

Müşahidələr göstərir ki, adıçəkilən bələdiyyələrin, yəni Xırdalan, Fatmayı, Goradil və Mediabad bələdiyyəsinin hər biri, digər on bir bələdiyyədən fərqli olaraq  həm büdcə gəlirlərində, həm də əmlak vergisinin yığımında, ən əsası isə bələdiyyəni  “qara” işlərə təhrik edilməsinin qarşısının alınmasında  ciddi irəliləyişə nail olublar. Nəticədə ortaya konkret təcrübə qoya biliblər. Bu təcrübənin əsasını isə vətəndaş məmnunluğu təşkil edir.

***

Beləliklə, yuxarıda yazılanlardan belə qənaətə gələ bilərik ki, bələdiyyə-icra münasibətlərinin sivil münasibətlər üzərində qurulduğu rayonlarda bələdiyyənin həm çəkisi, həm büdcə gəliri yerində olur və ən əsası hər hansı quruma borcu olmur.

Göründüyü kimi, Xətai, Nərimanov, Yasamal, Nəsimi və Səbail rayonlarında, habelə Sumqayıt və Gəncə şəhərində bələdiyyə-icra münasibətləri sivil formada qurulduğundan adiçəkilən bələdiyyələrin büdcə gəlirləri yüksələn xətt üzrə gedir və nəticədə adları çəkilən bələdiyyələrin təcrübəsi yayıla biləcək bir səvviyyəyə  çatıb.

Belə qənaətə gəlmək olar ki, bələdiyyə sədri yerindədirsə və rayonun siyasi rəhbəri bələdiyyənin inkişafına maraqlıdırsa vətəndaşın üzləşdiyi problemin də həlli sürətlənər, nəticədə vətəndaş məmnunluğu da təmin edilmiş olar.   

Odur ki, RİH başçılarından və RİH-də çalışan məmurlarından xahiş edirəm borclu bələdiyyələri yükləyib onları daha da ağır vəziyyətə salmasınlar, əksinə bələdiyyələrin inkişafına dəstək verib onların cəmiyyətdə nüfuzunun artmasına və ən əsası DSMF borcunun bağlanmasına dəstək versinlər.

Vüqar Tofiqli


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024
156

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
182

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
227

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
257

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
351