105 yaşlı Ədliyyə tarixi
105-ci ildönümünü qeyd edən Azərbaycan ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Azərbaycanda ədliyyə sisteminin tarixi Azərbaycan Demokratik Respublikasının yaradıldığı dövrdən başlanır. Belə ki, 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaradıldığı gün Ədliyyə Nazirliyi də təsis edilmişdir. Həmin ilin noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilmiş, onun funksiya və səlahiyyətləri müəyyən edilmişdir.
Yarandığı vaxtdan üzərinə bir çox mühüm vəzifələr qoyulmuş Ədliyyə Nazirliyi bir neçə dəfə ləğv olunmuş və yenidən yaradılmışdır. Ədliyyə Nazirliyinin yenidən yaradılması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ədliyyə sisteminin inkişafına qayğı ilə yanaşmış, bu sahədə mütərəqqi islahatlar aparmışdır. 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü də məhz Ümummilli Liderin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilmişdir.
Bu gün ədliyyə işçiləri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində yaranmasının 105 illiyini böyük ruh yüksəkliyi və Ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək qeyd edir. Peşə bayramımızın Ulu Öndər tərəfindən təsis olunması hər bir ədliyyə işçisində fərəh və qürur hissi doğurur.
Qeyd olunmalıdır ki, məhz ümummilli liderimizin başladığı islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmiş, onun təməlini qoyduğu hüquqi islahatlar bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Belə ki, 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, nazirliyə vəzifələr həvalə edilmiş, strukturu təkmilləşdirilmişdir. Müstəqillik dövründə ilk dəfə olaraq - dövlət başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunmuş və Azərbaycan Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanmışdır. Ədliyyə sahəsində islahatların davamlılığının təmin olunması məqsədilə Dövlət başçısının 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir.
Dövlət başçısının təşəbbüsü ilə 2016-cı ildə iqtisadi cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər edilmiş, 10 fevral 2017-ci il və 3 aprel 2019-cu il tarixli Sərəncam və Fərmanla bu tədbirlər davam etdirilərək cinayət qanunvericiliyinə edilmiş əsaslı dəyişikliklərlə bir çox əməllər dekriminallaşdırılmış, azadlıqdan məhrumetməyə alternativ cəza kimi azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunmuş, ölkəmizdə alternativ cəzaların icrası üçün probasiya xidməti yaradılmışdır. Görülən bu tədbirlər məhkumların azadlıqdan məhrum edilmədən elektron nəzarət vasitələri (qolbaqlar) geniş tətbiq olunmaqla islahına xidmət etmişdir.
Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə ötən illərdə də müasir çağırışlara uyğun islahatlar həyata keçirilmiş, ədliyyə orqanlarının fəaliyyətinin dövlət başçısının tələbləri səviyyəsində müasirləşdirilməsi, rəqəmsal idarəçiliyin tətbiqi ilə bağlı və digər əməli tədbirlər görülmüş, müsbət nəticələr əldə olunmuşdur. Ölkədə iqtisadi proseslərin və əhalinin mülki hüquq münasibətlərinin tənzimlənməsində mühüm rol oynayan notariat və qeydiyyat orqanları tərəfindən vətəndaşlara göstərilən hüquqi xidmətlərin səviyyəsi yüksəlmiş, bu sahədə innovasiyalar tətbiq olunmaqla əlçatanlıq genişləndirilmişdir.Bu sahədə mühüm rol oynayan notariat institutunun inkişafı, o cümlədən xüsusiləşməsi, “Elektron notariat” informasiya sisteminin, geniş populyarlıq qazanan və məmnunluq doğuran “Mobil notariat”ın, “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) innovativ xidmətin tətbiqi əhaliyə məsafədən, daha rahat və əlçatan xidmətlərin göstərilməsini təmin etmişdir.
Azərbaycan ədliyyəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə də ordumuzla həmrəylik nümayiş etdirərək dəstək göstərmiş, ədliyyə işçiləri və hakimlər hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Müharibənin ilk günlərindən könüllü cəbhəyə yollanan əməkdaşlardan Ədliyyə Nazirliyi İcra baş idarəsinin məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilov Qubadlı rayonu ətrafında gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək oktyabrın 21-də şəhid olmuşdur. R.Xəlilov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Eyni zamanda, ona nazirlik üzrə əmrlə "Fəxri ədliyyə işçisi" adı verilmişdir.
Xüsusi olaraq qeyd etmək istərdim ki, Lənkəran Regional Ədliyyə İdarəsində Ölkə rəhbərliyi və Nazirliyimiz tərəfindən torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinin, qazilərin qayğılarına həssaslıqla yanaşılması daim diqqətdə saxlanılır, müraciətləri dinlənlənilərək qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlər görülür.
Müharibədən sonrakı yeni mərhələdə Dövlət başçısının tapşırıqlarına uyğun olaraq “İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” ölkə başçısının Fərmanı ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən müvafiq addımlar atılmış, qarşıda duran vəzifələrin mütəşəkkil və operativ icrasının təmin olunması məqsədilə nazirliyin rəhbərliyindən və aidiyyəti məsul şəxslərindən ibarət Qərargah yaradılmışdır. İşğaldan azad olunmuş ərazilərdə ədliyyə orqanlarına əlçatanlığın təmini məqsədilə Ədliyyə nazirinin 12 noyabr tarixli müvafiq əmri ilə Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsi təsis olunmuşdur.
Bu gün ədliyyə işçiləri öz peşə bayramlarını yüksək əhvali-ruhiyyə və sevinc hissi ilə qeyd edirlər. Ədliyyə işçilərinin builki peşə bayramı hər bir azərbaycanlı üçün çox mühüm və əlamətdar bir dövrə “Heydər Əliyev İli”nə və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu dövrə təsadüf edir.
Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində ədliyyə orqanlarında dahi öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir. Belə ki, ölkə Prezidenti tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə imzaladığı müstəqillik tariximizin ən böyük Əfv Sərəncamının icrası Ədliyyə Nazirliyi tərəfindən dərhal təmin edilmişdir.
Yubiley tədbirləri çərçivəsində gənc ədliyyə işçiləri və könüllüləri, hüquqşünas tələbələrlə görüşlər, Heydər Əliyev mərkəzlərinə ziyarətlər, doğumun və nikahın təntənəli qeydiyyatı mərasimləri, kitab sərgiləri, ağacəkmə, qanvermə aksiyaları, kütləvi idman və intellektual yarışlar təşkil olunur.
Öz növbəsində “Heydər Əliyev İli”ndə Lənkəran Regional Ədliyyə İdarəsi tərəfindən Lənkəran Ağır Cinayətlər və rayon məhkəmələrinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilmiş, idarənin təşkilatçılığı ilə könüllü qanvermə aksiyası təşkil edilmiş, yubiley münasibətilə yerli ədliyyə qurumlarının işçilərinin iştirakı ilə şəhər Heydər Əliyev Mərkəzində tədbir və bələdiyyələrlə “Heydər Əliyev Azərbaycan Respublikasında yerli özünüidarəetmənin banisidir” mövzusunda seminar-müşavirlər keçirilmişdir.
Bu gün təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları müasir çağırışlara uyğun davam edir. Dövlət başçısı tərəfindən ədliyyə fəaliyyətinin daim diqqət mərkəzində saxlanması bütün ədliyyə işçilərində böyük məsuliyyət və eyni zamanda, minnətdarlıq hissləri yaradır.
Sonda bütün ədliyyə işçilərini xalqımızın ümummilli lideri, dahi öndər Heydər Əliyevin bizə bəxş etdiyi peşə bayramımız münasibətilə təbrik edir, onlara mühüm və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram.
Əvəz Bədəlov
Lənkəran Regional Ədliyyə İdarəsinin rəis müavini,
ədliyyə müşaviri
Rəylər
0 Rəy