Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-11-2023 , 16:19

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

AZƏRBAYCAN ƏDLİYYƏSİNİN MÜASİR İNKİŞAF DÖVRÜ

Bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 20-ci ilidir. Bu dövr ərzində ölkəmiz digər dövlətlərin bəlkə də yüz ilə qət edə bilməyəcəyi bir yolu əmin addımlarla keçmiş, müstəqilliyinin ilk illərində iqtisadi böhran yaşayan, işğala məruz qalaraq torpaqlarını itirmiş bir dövlətdən inkişaf edən, vətəndaşlarının sosial rifahını təmin etmək gücündə olan, ən başlıcası isə, güclü ordu quruculuğu siyasəti və Ali Baş Komandanın hərbi-siyasi iradəsi hesabına özünün tam suverenliyini bərpa etməyə nail olmuş müzəffər bir dövlətə çevrilmişdir.

Son 20 il istənilən sahənin – iqtisadiyyat, sosial, hərbi, siyasi və s. sferaların mütəxəssisləri tərəfindən təhlil mövzusuna çevrilərsə, əldə edilən nəticə eyni xarakterli olacaqdır – bu illər ərzində Azərbaycan yalnız mütərəqqi dünya standartlarını rəhbər tutaraq inkişaf etmiş və artıq özü digər dövlətlər üçün mütərəqqi hesab edilə biləcək standartlar yaratmağa başlamışdır. 

Əlbəttə ki, ölkənin ədliyyə və məhkəmə-hüquq sistemində son 20 il ərzində baş vermiş proseslər bu söylənilənlərdən istisna deyildir. Bu il yaranmasının 105-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan ədliyyəsinin cənab İlham Əliyevin prezidentliyi dövrü ədliyyə sahəsində dövlət idarəetməsinin və ədliyyə orqanlarının inkişafının keyfiyyətcə yeni müasir mərhələsini təşkil edir. Belə ki, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında” Əsasnamə məhz dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş, ədliyyə orqanlarında və penitensiar xidmətdə qulluq keçmənin qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” 26 may 2006-cı il tarixli Qanun Prezident İlham Əliyevin imzası ilə qüvvəyə minmişdir. Dövlət başçısının “Ədliyyə orqanlarının inkişafı haqqında”17 avqust 2006-cı il tarixli Fərmanı isə ölkəmizdə ədliyyə orqanlarının təkamülü tarixində yeni səhifə açmışdır. Həmin Fərmanda qeyd edilmişdir ki, ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi keyfiyyətcə yeni dəyişikliklərin həyata keçirilməsini, ədliyyə orqanlarının fəaliyyətinin şəffaflıq və aşkarlıq prinsipi əsasında qurulmasını, Ədliyyə Nazirliyinin işinin və strukturunun daha optimal şəkildə təşkil edilməsini, əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni regional və yerli qurumlarının yaradılmasını şərtləndirir. Bütün bunlar ədliyyə sisteminin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edilən müddəalar ədliyyə orqanlarının bütün əməkdaşları üçün təməl prinsiplərə, dönmədən riayət edilməli olan ideyalara çevrilmişdir.

İlham Əliyevin prezidentliyi dövründə Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi müasir çağırışlara uyğun inkişaf istiqamətində irəliləmişdir. Nazirliyin ənənəvi fəaliyyət istiqamətləri ilə yanaşı, ötən zaman ərzində müxtəlif dövlət reyestlərinin aparılması probasiya institutu, özəl məhkəmə ekspertizası və alternativ icra mexanizmlərinin təşviqi, rəqəmsal innovasiyaların geniş tətbiqi və digər yeniliklər dövlət başçısının tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin yeni funksiya və səlahiyyətlərinə aid edilmişdir. Dövlət başçısının ədliyyə orqanlarına daim göstərdiyi yüksək etimad, etibar edilən vəzifələrin icrası hər birimizi daha böyük məsuliyyətlə çalışmağa sövq edir. 

Ölkə başçısının ədliyyə sahəsində idarəetmə siyasətinin ən uğurlu nəticələrindən biri respublikamızda ilk dəfə regional ədliyyə idarələrinin yaradılması və onların səmərəli fəaliyyətinin təmin edilməsidir. Ölkəmizdə regional ədliyyə idarələri müvafiq ərazi vahidlərində ədliyyə qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, əhalinin ədliyyə qurumlarına müraciət etmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılmışdır.

Regional ədliyyə idarələri müvafiq ərazi vahidlərində ədliyyə qurumlarının işini əlaqələndirərək onların fəaliyyətinə nəzarət etməklə, penitensiar müəssisələrin cəzaların icrası sahəsindəki fəaliyyətini öyrənərək nəzarət funksiyalarını həyata keçirməklə,  bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək və onlara metodoloji yardım göstərilməsi üzrə tədbirlər görərək onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirməklə, Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə ibtidai istintaq aparmaqla, mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsində iştirak etməklə və bir sıra digər mühüm istiqamətlərdə fəaliyyət göstərməklə ədliyyə sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsində fəal iştirak edir. Hazırda ölkə ərazisində Sumqayıt, Şəki, Şirvan, İmişli, Xaçmaz, Göyçay, Lənkəran, Bərdə, Şəmkir, Gəncə regional ədliyyə idarələri fəaliyyət göstərir. 2020-ci ilin noyabr ayının 12-də isə Qarabağ regional ədliyyə idarəsi təsis edilmişdir. 

İlham Əliyevin prezidentliyi dövründə ardıcıl və uğurla aparılan məhkəmə-hüquq islahatları xüsusilə qeyd edilməlidir. Bu sahədə ilk mühüm qərarlardan biri dövlət başçısının 19 yanvar 2006-cı il tarixli Fərmanı olmuşdur.  Həmin Fərmana əsasən regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni məhkəmələr yaradılmış, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun və işinin daha optimal şəkildə qurulması ilə bağlı məqsədyönlü tədbirlər görülmüşdür. 

Eyni zamanda, müasir dövrdə geniş vüsət alan informasiya-kommunikasiya texnologiyalarının dövlət idarəçiliyində tətbiqi nəticəsində insanların müxtəlif xidmətlərdən istifadə etmək imkanları xeyli asanlaşmış, həmin xidmətlərin keyfiyyət və səmərəliliyi artmış, informasiya cəmiyyətinin dayanıqlı və davamlı inkişafına etibarlı zəmin yaranmışdır.  Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə dövlət başçısının 13 fevral 2014-cü il tarixli Sərəncamı ilə ölkəmizdə “Elektron məhkəmə” informasiya sisteminin yaradılmış, bununla bağlı ötən dövrdə  görülmüş əməli tədbirlər nəticəsində e-məhkəmənin bütün ölkə üzrə tam tətbiqinə nail olunmuşdur.

Ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı bu sahədə mühüm “yol xəritəsi” olmuş, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət etmişdir. 

Fərmanın icrası üzrə qısa müddətdə kompleks tədbirlər həyata keçirilərək inzibati və kommersiya məhkəmələri yaradılmış, özəl ekspertiza təsbit olunmuş, mediasiya institutu fəaliyyətə başlamışdır. Eyni zamanda məhkəmə icraatı zamanı çevikliyin təmin edilməsi, işlərə daha səmərəli baxılması, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı qanunvericiliyə əsaslı dəyişikliklər edilmiş, sadələşdirilmiş və yazılı icraat genişləndirilmiş, proseslərdə video-konfrans və elektron icraat, habelə məhkəmə rüsumlarının diferensiasiyası tətbiq olunmuşdur.

Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı əlavə tədbirlər görülmüş, cinayət qanunvericiliyinə edilmiş dəyişikliklər nəticəsində bir çox əməllər dekriminallaşdırılmış, bəzi cəzalar yüngülləşdirilmişdir.

Fərmanla həmçinin, hakimlərin sayı 200 vahid artırılmış və bununla bağlı seçim prosesi davamlı xarakter alaraq vakant ştat vahidləri yeni nəsil hüquqşünaslarla komplektləşdirilir. 

Bütün bu tədbirlər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan hərtərəfli islahatların mühüm tərkib hissəsi olmaqla ədliyyə və məhkəmə-hüquq sisteminin inkişafına, müasirləşməsinə, insanlara daha keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, ictimai etimadın və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Peşə bayramını  qeyd  edən hər bir ədliyyə əməkdaşı ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirəcək, ölkəmizdə aparılan yenidənqurma işlərinə və günün tələblərinə uyğun xidmət göstərəcək, bundan sonra da dövlətçiliyimizin qorunması, Azərbaycan ədliyyəsinin davamlı inkişafı naminə daha böyük səylə çalışacaq və tariximizin möhtəşəm zəfər salnaməsini gələcək nəslə qürurla ötürəcəkdir.

İsgəndər Orucov

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

İmişli Regional Ədliyyə İdarəsinin rəisi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

105 yaşlı Ədliyyə tarixi

Elmi-Praktik Məsələlər
20-11-2023

Yerli büdcənin tərtibi

Elmi-Praktik Məsələlər
10-10-2023

44 günlük zəfər tarixinin başlanğıcı 

Elmi-Praktik Məsələlər
26-09-2023