Bələdiyyələrin büdcə gəlirlərini artırmaq istəyiriksə...
Bələdiyyə büdcələrinin formalaşdırılmasında mühüm əhəmiyyət
kəsb edən fiziki şəxslərdən əmlak və torpaq vergisinin dərəcələri iyirmi il ərzində
demək olar ki, indeksləşdirilməyərək dəyişməz saxlanılmışdır. Yerli büdcəyə aid
edilən bu vergi dərəcələri MDB respublikaları ilə müqayisədə olduqca aşagı
olmaqla yanaşı, Azərbaycan Respublikası Vergi qanunvericiliyinə uygun büdcəyə
toplanılan vergilərlə müqayisədə də simvolik xarakter daşıyır.
Belə ki, Bakı şəhərində 100 kvm. yaşayış fondu torpagının bazar qiyməti
on, yüz min manatlarla ölçüldüyü halda
illik torpaq vergisinin cəmi 0,6 manat (
aylıq 5 qəpik) olması heç bir məntiqə
uygun gəlmir. Vergi qanunvericiliyinə əsasən
2015-ci ildən fiziki şəxslərdən əmlak vergisinin “binaların inventarlaşdırılmış
dəyərindən” deyil, “binaların yaşayış sahəsinin hər kvadratmetrinə” görə
hesablanması qaydalarına keçidi nəticəsində vergi bazasının həcmi xeyli
azalmışdır. Odur ki, fiziki şəxslərdən əmlak və torpaq vergisinin dərəcələrinə
yenidən baxılması bələdiyyələrin gəlir mənbələrinin artması istiqamətində mühüm
addım ola bilər. Müqayisə üçün diqqətə almaq lazımdır ki, qardaş Türkiyə
Respublikasının İstanbul şəhərinin
Kartal bələdiyyəsi ərazisində 100
kvm. torpaq sahəsinin illik torpaq vergisinin ən aşağı həddi təqribən üç yüz manatdan başlayır.
Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli 478-IIQ
nömrəli qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı
haqqında” Əsasnamənin 3.3-cü bəndinə əsasən
yerli büdcə ödənişlərinin düzgünlüyünü araşdırmaq məqsədilə bələdiyyənin vergi
xidməti orqanı dövlət vergi xidməti orqanlarının keçirdiyi səyyar vergi
yoxlamalarında iştirak edə bilər. Bunun üçün bələdiyyə bu bənddə göstərilən səyyar
vergi yoxlamalarında bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə dövlət
vergi xidməti orqanına müraciət etməlidir.
Ancaq təsrübə göstərir ki, bələdiyyələrin dövlət
vergi xidməti orqanlarına müraciət etmələrinə baxmayaraq, hal hazıra kimi dövlət
vergi xidməti orqanlarının apardıgı səyyar vergi yoxlamalarında bələdiyyələrin
vergi xidməti orqanının səlahiyyətli nümayəndəsinin iştirak etməsi halına təsadüf
edilməmişdir.
Bu məsələnin də Dövlət Vergi Xidməti orqanı ilə
qarşılıqlı həlli vacib məsələlərdəndir. Belə ki, bələdiyyənin inzibati ərazisində
fəaliyyət göstərən mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən
şəxslərdən alınan ödənişlərə görə təqdim edilən “Bəyannamə”lərin dogruluğunun
araşdırılması bələdiyyələrin imkanları xaricindədir. Bu məqsədlə həmin şəxslərin dövlət vergi xidməti orqanlarına təqdim
etdiyi vergi bəyannaməsində günlük qonqaqlama sayının tələb olunması və gələcəkdə
bu məlumat əsasında yerli ödənişlərin düzgünlüyünün yoxlanılması təklif olunur.
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya
digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə
mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən
fiziki şəxslər torpaq vergisinin ödəyiciləridir.Eyni zamanda Azərbaycan
Respublikasının “Torpaq icarəsi
haqqında” Qanunununn 14-cü maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyyəçisi
olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.
Göründüyü kimi torpaq vergisinin ödənilməsi vəzifəsi
torpaqdan icarə və digər əsaslarla istifadə edən fiziki şəxslərin üzərinə
qoyulması təsbit olunmuşdur. Qeyd olunan bu halda yerli büdcələrə ödənilməli
olan torpaq vergisinin alınması Vergi Məgəlləsinin 203-cü, 204-cü, 208.6-cı maddələri və
“Torpaq icarəsi haqqında” Azərbaycan
Respublikası Qanunununn 14-cü maddəsi ilə
tənzimlənir.
Hazırda bir çox bələdiyyənin ərazisində dövlət
mülkiyyətində olan və ya icarəyəverən torpaq vergisi tədiyyəçisi olmadığı
hallarda torpaqdan icarə və ya digər əsaslarla istifadə edən fiziki şəxslər
yerli büdcələrə torpaq vergisinin ödənilməsindən yayınırlar. Göstərdiyimiz
qanunauyğunluq İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidmətinin
04.03.2023-cü il tarixli məktubunda da öz təsdiqini tapmışdır.
Saleh Məmmədov
Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin şöbə
müdiri,
Azərbaycan İqtisadçılar İttifaqının eksperti
Rəylər
0 Rəy