Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-05-2023 , 09:24

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Azərbaycanda yerli özünüidarəetmənin bərqərar edilməsi Heydər Əliyevin adı ilə bağlıdır


Azərbaycanda yerli özünüidarəetmənin bərqərar edilməsi Heydər Əliyevin adı ilə bağlıdır

Xalqların milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar olur. Azərbaycan xalqının, Azərbaycan dövlətinin müasir tarix səhnəsində özünəməxsus yer tutmasını, həqiqi müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən məhz Ulu Öndər Heydər Əliyev olub. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, xalqın iradə və arzusunun ifadəsi kimi Ümummilli Liderin ictimai-siyasi varisi dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu gün dahi şəxsiyyətin anadan olmasının 100 illiyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, demokratik, hüquqi dövlətin yaranması, o cümlədən yerli özünüidarəetmənin, vətəndaş cəmiyyətinin formalaşdırılması məhz Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləridir.

Azərbaycan üçün ən gənc təsisat olan yerli özünüidarəetmənin yaradılması prosesi məhz Ulu Öndərin müəllifi olduğu Konstitusiyamızda bələdiyyələrin təşkilinin və fəaliyyətinin əsas prinsiplərinin təsis edilməsi ilə başlanıb. Əsas Qanunumuzdakı 5 bölmədən birinin ayrıca olaraq yerli özünüidarəetməyə həsr edilməsi ölkəmizdə bələdiyyə institutuna olan diqqətin və inamın təzahürüdür. Yerli demokratiyanın qurulması üçün qısa müddətdə zəruri qanunvericilik və təşkilati tədbirlər görülüb, 1999-cu ildə Azərbaycanın tarixində ilk dəfə demokratik əsaslarla bələdiyyə seçkiləri keçirilib və yerli özünüidarəetmə sistemi formalaşıb.

Bələdiyyələrin yaradılmasını zamanın tələbi və demokratiyanın ifadəsi kimi qiymətləndirən Ümummilli Lider seçkidən öncə xalqa müraciət edərək vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırıb.

Ulu Öndər çıxışında demişdir: “Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir. Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində çox işlər görə bilərlər”.

Bələdiyyələrin dövlət işlərinin böyük hissəsini öz üzərilərinə götürəcəklərini, dövlətin isə iş yükünün müəyyən qədər yüngülləşəcəyini qeyd edən Ulu Öndər bildirirdi ki, “bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir”.

Ümummilli Liderin daim diqqətində olan yerli özünüidarəetmə ilə bağlı qanunvericilik ölkəmiz Avropa Şurasına üzv qəbul olunduqdan sonra intensiv inkişaf edib, “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasının müddəaları əsas götürülərək, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi ilə əməkdaşlıqda, bələdiyyələrin fəaliyyətini tənzimləyən mütərəqqi yeni qanun və digər normativ-hüquqi aktlar qəbul olunub. Bələdiyyələrin fəaliyyətində qanunçuluğunun təmin edilməsi məqsədilə inzibati nəzarət, eləcə də onların fəaliyyətinin qanunauyğun təşkilinə kömək və metodoloji yardım göstərilməsi məsələlərinə xüsusi diqqət göstərilib, bununla bağlı Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələr qoyulub.

Qanunvericilikdə bələdiyyələrin müstəqilliyinin təminatı kimi inzibati nəzarətin nəticələri barədə ölkə parlamentinə illik məruzə təqdim edilməsi nəzərdə tutulub ki, bununla bağlı hər ilin yekunu üzrə Ədliyyə Nazirliyinin məruzəsi Milli Məclisdə geniş müzakirə edilir.

Heydər Əliyev strategiyasını uğurla inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işlərində, sosial, iqtisadi, ekoloji və digər layihələrin reallaşmasında bələdiyyələr əhəmiyyətli rol oynayırlar.

Ədliyyə Nazirliyi də öz fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli özünüidarəetmə orqanlarının ölkəmizdə aparılan mütərəqqi islahatların ruhuna uyğun daha səmərəli fəaliyyəti üçün tədbirləri davam etdirir. Müasir üsul və vasitələrdən istifadə edilməklə bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi üçün inzibati nəzarət, həmçinin pozuntuların qarşısının alınması və fəaliyyətin qanunauyğun təşkili məqsədilə ardıcıl olaraq profilaktik və maarifləndirmə tədbirləri həyata keçirilir.

Dövlətimizin yerli özünüidarəetmənin inkişafına dəstəyinin növbəti təzahürlərindən biri kimi 2019-cu ildə bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardımın hüquqi əsasları gücləndirilərək qanun səviyyəsində təsbiti xüsusi qeyd olunmalıdır.

Bələdiyyələrin Ulu Öndərin çox dəqiqliklə müəyyənləşdirdiyi hədəflərə doğru irəliləməsi, onların yerli əhəmiyyətli məsələlərin həllində iştirakının genişləndirilməsi üçün mühüm şərtlərdən biri yerli büdcələrin imkanlarının artırılmasıdır. Bu məqsədlə Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş gəlir mənbələrindən tam və səmərəli istifadə olunması, o cümlədən yerli vergilər üzrə vergitutma obyektlərinin uçotunun dəqiqləşdirilməsi, vergilərin qanunauyğun hesablanaraq yığılmasının təmin olunması üçün tədbirlər görülür və müsbət nəticələr əldə edilir.

Son iki ildə ümumi yerli büdcə gəlirləri 2020-ci illə müqayisədə üçdəbir dəfə (12,4 milyon manat 35 faiz), o cümlədən yerli vergilərdən daxil olmalar isə 43 faiz (6 milyon manat) artıb. Həmçinin ötən ilin yerli büdcə gəlirləri 2014-cü ildən sonra ən yüksək məbləğdə olub. Bir müsbət məqamı da vurğulayım ki, büdcə gəlirləri ötən illə təxminən eyni səviyyədə olmuş 2013 və 2014-cü illərdə ümumi büdcə gəlirlərinin 50 faizə yaxın hissəsini torpaq satışından əldə olunan vəsait təşkil edirdisə, 2022-ci ildə isə büdcənin əsaslı artımında vergi gəlirləri üstünlük təşkil edib, torpaq satışından daxil olmalar 2,5 dəfə azalıb.

Ölkə bələdiyyələri artıq 23 ildir ki, yerli əhalinin rifahı naminə bir çox işlərin həyata keçirilməsində yaxından iştirak edirlər. Bunun ən yaxşı nümunəsinin biz elə Vətən müharibəsi və ondan sonrakı dövrdə şahidi olduq. Azərbaycan bələdiyyələri bu prosesdə həyata keçirilən ardıcıl tədbirlərdə yaxından iştirak etməklə yaxşı nümunə olublar. Bələdiyyələr tərəfindən Vətən müharibəsi veteranlarının və şəhid ailələrinin yerli özünüidarəetmə fəaliyyəti ilə bağlı çoxsaylı müraciətləri həll edilib, həmçinin şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 900-dən çox abidə və abidə kompleksi, xatirə lövhəsi və bulağı istifadəyə verilib, onların yaşadıqları evlər və küçələr abadlaşdırılıb.

Əhalinin bələdiyyələrlə sıx əlaqələrinin qurulması, özünüidarə işlərində onların getdikcə daha fəal iştirak etmələri, bələdiyyə idarəçiliyinə əhalinin maraq və inamının artması Ümummilli Lider tərəfindən seçilmiş yolun düzgünlüyünü və dönməzliyini göstərir.

Yerli özünüidarəetmənin inkişafı üçün Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları, xüsusilə Prezident Administrasiyası, Milli Məclis, o cümlədən qeyri-hökumət təşkilatları və bələdiyyələrin təmsilçiləri kimi milli assosiasiyalar ilə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir. Yerli demokratiyanın inkişafında, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsində Milli assosiasiyaların rolu günü-gündən daha da aktuallaşır. Həmçinin bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir, artıq bələdiyyələrimiz bir sıra xarici ölkələrin, xüsusən də Türkiyə, Rusiya, Gürcüstan, Fransa, Litva və digər Avropa ölkələrinin bələdiyyələri ilə ikitərəfli əlaqələr qurublar.

Bununla yanaşı, ölkəmizdə informasiya texnologiyalarının tətbiqinin, rəqəmsallaşmanın geniş vüsət aldığı müasir dövrdə bələdiyyələrdə də bu sahədə ardıcıl tədbirlər görülür. Bu sahədə ən mühüm yenilik səmərəli yerli özünüidarəetmə fəaliyyətinə töhfə olan Ədliyyə Nazirliyi tərəfindən “Bələdiyyələrlə iş portalı”nın yaradılmasıdır. Portalın sayt hissəsində təşkil olunmuş və ictimaiyyət üçün açıq olan maraqlı bölmələr, hər bir bələdiyyə barəsində ətraflı məlumatlar (sədr, bələdiyyə üzv və qulluqçuları, əlaqə vasitələri, geolokasiyası və s.) mövcuddur. Eyni zamanda istifadəçilərin rahatlığı üçün ölkəmizdə hər rayon (şəhər) üzrə mövcud olan bələdiyyələr barədə məlumatı əks etdirən interaktiv xəritə də yerləşdirilib. Bununla yanaşı, portal bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət (bələdiyyə aktları üzrə) icraatının avtomatlaşdırılmış rejimdə aparılmasına, o cümlədən elektron sənəd mübadiləsinə imkan verir. Sistemə daxil edilən hər bir bələdiyyə aktı qarşısında onun statusu ilə bağlı (qanunvericiliyə uyğun olub-olmaması, təklif, tövsiyə, məhkəməyə iddia, inzibati xəta protokolu verilib-verilməməsi) məlumatlar öz əksini tapacaq.

İnzibati nəzarət icraatının həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərdə (aktların göndərilməsi, təklif və tövsiyələrə bələdiyyə iclasında baxılması müddətləri və s.) pozuntu olarsa, yeni sistemin avtomatik xəbərdarlıq vermək funksionallığı yaradılıb ki, bu da öz növbəsində inzibati nəzarət fəaliyyətinin daha operativ və səmərəli həyata keçirilməsinə şərait yaradacaq. Həmçinin avtomatik rejimdə hər bir bələdiyyənin daxil olan və göndərilən bütün sənədlərinin elektron arxivinin təşkili imkanı yaradılıb. Kabinet vasitəsilə portala daxil edilən məlumatlar əsasında avtomatlaşdırılmış rejimdə statistik hesabatların əldə edilməsi mümkündür. Yeni sistemin üstünlüklərindən biri də ondan ibarətdir ki, bələdiyyələr iclas protokollarını (aktlarını) elektron qaydada portal vasitəsilə tərtib edə bilərlər.

Ulu Öndər Heydər Əliyev yolu ilə gedən ölkəmiz bu gün özünün ən qüdrətli dövrünü yaşayır. Ümummilli Liderin ən ümdə vəsiyyəti olan doğma torpaqlarımızın işğaldan azad olunmasını parlaq Zəfərimizlə təmin edən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpağımız Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə mühüm layihələr gerçəkləşdirilir.

Son günlərdə daha bir sevindirici və qürurverici hadisənin də şahidi olduq. Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi və rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Vətən sərhədlərinin bütövlüyü təmin olunaraq Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımız dalğalanır.

Azərbaycan xalqı bütün həyatını qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş Ümummilli Liderin əziz xatirəsini daim uca tutur və ehtiramla yad edir. Əminik ki, Ulu Öndərin adı ilə bağlı olan bu əlamətdar ildə ölkəmizdə yerli demokratiyanın inkişafı, bələdiyyələrin fəaliyyətində səmərəliliyin artırılması sahəsində də diqqətəlayiq uğurlar əldə ediləcək.

Rəhman Məmmədov Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəisi, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri


Rəylər

0 Rəy


Rəy yaz