Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyində görüş keçirilib
31 oktyabr 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyində görüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə nümayəndəliyin qarşıya qoyduğu məqsədlər, əsas fəaliyyət istiqamətləri və indiyədək görülən işlər barədə məlumat verilib.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin
sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu cür görüşlərin Qərbi Azərbaycan həqiqətlərinin təbliği, İcmanın fəaliyyətinin genişləndirilməsi və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, hər bir rayon üzrə təşkilatlanmanın, birlik və həmrəyliyin doğma yurda qayıdış amalına xidmət etdiyini bildirib.
Əziz Ələkbərli qeyd edib ki, hazırda Qərbi Azərbaycan İcmasının Azərbaycanın 64 rayonunda nümayəndəliyi fəaliyyət göstərir. Onlardan 50-dən çoxunun ofislə təmin olunduğunu diqqətə çatdıran İcma sədri bu imkanların üzvlərin bir araya gəlməsi, mövcud məsələlərin müzakirəsi və qarşıya qoyulan vəzifələrin icrası baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Qərbi Azərbaycan İcmasının Suraxanı rayonu üzrə nümayəndəsi İxtiyar Nəcəfov nümayəndəliyin fəaliyyəti barədə məlumat verərək əsas məqsədlərinin Qərbi Azərbaycan həqiqətlərinin daha geniş təbliği, icma üzvlərinin bir araya gətirilməsi və doğma yurda qayıdış ideyasının yaşadılması olduğunu bildirib. O, bu istiqamətdə fəaliyyətin bundan sonra da genişləndiriləcəyini diqqətə çatdırıb.
Görüşdə nümayəndəliyin üzvləri də çıxış edərək Qərbi Azərbaycan həqiqətlərinin təbliği, İcmanın fəaliyyətinin genişləndirilməsi və doğma yurda qayıdış ideyasının yaşadılması ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə Qərbi Azərbaycanın zəngin milli mətbəx irsini əks etdirən kitab hədiyyə olunub.
Toplantı İcmanın sıralarının genişlənməsi ilə də əlamətdar olub. Belə ki, İcmaya yeni qoşulan şəxslərə üzvlük vəsiqələri və döş nişanları təqdim edilib.
Tədbir iştirakçılarla xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Rəylər
0 Rəy