Ətrafımızdakı sağlam qüvvələrlə işimizi günün tələbləri səviyyəsində qurmağa çalışacağıq
Xocəsən bələdiyyəsinin başlıca məqsədi əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, vətəndaşların məmnunluğunun təmin edilməsinə tövhə verməyə çalışmaqdır. Vətəndaş məmnunluğunu rəhbər tutaraq, hər zaman sakinlərin problemlərini dinləmək, onların qayğıları ilə maraqlanmaq bələdiyyənin əsas meyarıdır.
İlin əvvəlində Xocəsən bələdiyyəsinin iş planı təsdiq
edilmişdir, hər ay ümumi iclaslar keçirilərək, iclaslarda baxılmış məsələlərlə
bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə olunmuş məsələlər
arasında sosial-iqtisadi, maliyyə, təmir tikinti və abadlıq işləri, vətəndaşlardan
daxil olan müraciətlər olmuşdur. Xocəsən bələdiyyəsi tərəfindən hesabat ilində
34 iclas keçirilmiş və 134 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarət haqqında” Qanunun müvafiq bəndlərinə uyğun olaraq protokollar
Ədliyyə Nazirliyi Bələdiyyələrdə İş Baş idarəsinə göndərilmişdir.
Hesabat dövründə bələdiyyənin fəaliyyətində büdcənin
formalaşmasına və icra olunmasına xüsusi diqqət yetirilib. Real gəlirlər
proqnozlaşdırılaraq, onlara uyğun xərclər nəzərdə tutulmuşdur. Vətəndaşlardan əmlak
və torpaq vergilərinin yığılması zamanı vergi ödəyiciləri arasında mövcud
qanunlar barədə təbliğat işləri aparılır. Vergidən yayınanlara qarşı xəbərdarlıq
etməklə tədbirlər görülmüşdür. Mövcud Qanunvericiliyə uyğun İcra şöbəsinə 100-dən
artıq vergi ödəyicisi barədə müraciət olunmuşdur. Lakin həmin sənədlər İcra şöbəsi
tərəfindən geri qaytarılmışdır. Vergi ödəyiciləri ilə işin təkmilləşdirilməsi məqsədilə
AR Ədliyyə Nazirliyi tərəfindən İcra sənədlərinin məcburi icraya yönəldilməsi
ilə bağlı inteqrasiya imkanları olmayan qurumlar üçün electron cabinet
yaradılmışdır. Elektron kabinetin yaradılması bələdiyyələrin vergi ödəyicilərinin
vergiyə cəlb edilməsi işini xeylı asanlaşdıracaqdır. Eyni zamanda bələdiyyə tərəfindən,
bələdiyyə və vətəndaş münasibətlərinə xələl gəlməsinin qarşısını almaq məqsədi
ilə bələdiyyənin qərarı ilə “İcra orqanları və problemli vergi ödəyiciləri ilə
iş” şöbəsi təsis edilmişdir. Şöbənin yaradılması öz effektini göstərmişdir.
Hazırda bələdiyyənin inzibati ərazisində 15703 vergi obyekti
mövcuddur. Vergi ödəyicilərindən hesabat dövründə 7.280 nəfər ödəyici vergiyə cəlb
olunmuşdur. 2025-ci ildə bələdiyyə büdcəsinə 342259 manat gəlir daxil olmuş, xərclər
isə 340312 manat təşkil etmişdir. Büdcə gəlirlərinin əsas mənbəyi olan torpaq
vergisindən 35.273 manat, əmlak vergisindən 279.936 manat, icarə haqqı 1050 manat
daxil olmuşdur.
Bələdiyyənin büdcəsinə daxil olmalar, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə
və bələdiyyənin qəbul etdiyi qərarlara əsasən hesablanır. Bələdiyyə büdcəsinə
daxil olmuş vəsaitlər aşağıdakı isdiqamətdə xərclənmişdir: Daimi əsaslarla bələdiyyədə
çalışan bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqqı 191135 manat, Dövlət
Sosial Müdafiə Fondu, İcbari Tibbi Sığorta və işsizlikdən sığorta haqlarına görə
55976 manat, yerli özünü idarəetmə orqanının saxlanması xərclərindən təsərrüfat
mallarının və inventarların alınması üçün 6042 manat, sair xərclərə görə 8416 manat, sosial yardımlar üzrə ödənişlər 4295 manat, mədəni kütləvi bayram tədbirlərinin
təşkili üçün 7992 manat, abadlıq, quruculuq, təmir işlərinə 43046
manat xərclənmişdir.
Hesabat ilində Binəqədi Rayon İcra Hakimiyyətinin və Xocəsən
bələdiyyəsinin qarşılıqlı fəaliyyəti nəticəsində vətəndaşların gediş-gəlişinə
xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində
küçə və yolların təmiri tədbirləri həyata keçirilmişdir. Belə ki, Xocəsən bələdiyyəsinin
inzibati ərazisində Ruslan Allahverdiyev küçəsinin 400 metr məsafəsində su və
tullantı sularının axıdılması sistemi yenidən qurularaq, istifadəyə verilmiş,
yeni asfalt-beton örtüyü döşənmişdir. Həmçinin qəsəbənin Yovşanlı (220 m),
Çaylı küçəsi 1-ci döngə (320 m), Şəfəq (350 m), Aprel Zəfəri küçəsi 12-ci döngə,
28 May qəsəbəsində 8 Mart (320 m) və Qarabağ küçələrində asfaltlanma işləri
aparılmışdır. 28 May qəsəbəsi 22-ci küçəsində yol örtüyünün vəziyyəti qənaətbəxş
olmadığına görə küçə çınqıl örtüyü ilə bağlanmışdır.
Sakinlərin müraciətini nəzərə alaraq, Sulutəpə qəsəbəsi 20
Yanvar və Əskipara 1-ci döngədə yararsız küçə işıqları təmir edilərək, bərpa
edilmişdir. Qəsəbənin mərkəzi küçəsi olan Xocalı küçəsində fəaliyyət göstərən
obyekt və fərdi yaşayış evlərinin fasadları əsaslı şəkildə təmir edilərək,
müasirləşdirilmişdir. Beynəlxalq Avtovağzal Kompleksinin balansında olan,
baxımsızlıqdan acınacaqlı vəziyyətə düşən parkda əsaslı abadlıq, bərpa və təmir
işləri aparılmış, vətəndaşların istirahəti üçün qurulmuş oturacaqlar bərpa edilərək,
əvvəlki vəziyyətinə gətirilmiş, alaq otları təmizlənmiş, yaşıllıqlara
aqrotexniki qulluq göstərilərək, Avtovağzal rəhbərliyinə təhvil verilmişdir.
Sulutəpə yaşayış
massivi Çinarlı və Qafqaz küçələrində intensiv yağıntı zamanı yağıntı suları
kanalizasiya xətti olmadığına görə fərdi yaşayış evlərinə dolurdu. Nəhayət
2025-ci ildə bu məsələ də öz həllini tapmışdır. Bələdiyyə tərəfindən “İri Şəhərlərin
Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin rəhbərliyinə müraciətdən sonra ərazi
layihələndirilərək, texniki şərt alınmışdır. Tullantı sularının kənarlaşdırılması
üçün diametri 300 mm, uzunluğu 150 p/m olan 12 000,00 manat həcmində
kanalizasiya kollektorunun bələdiyyənin maliyyəsi hesabına inşa olunmasına
razılıq alınmışdır. Podratçı təşkilatla müqavilə bağlanılmış və işlər görülərək,
tamamlanmışdır. Hər iki küçədə yaşayan sakinlərimizin uzun müddət onları
narahat edən problemləri həll olunmuşdur.
Qırmızı Bayraq Ordenli Şəhid Dinar Mustafayevin adını
daşıyan küçədə ümumi abadlıq işləri aparılmış, küçənin asfalt örtüyü yenilənmişdir.
Hesabat dövründə ərazidə yaşıllıqların artırılmasına, ətraf
mühitin sağlamlaşdırılmasına xüsusi əhəmiyyət verilmiş və ağacəkmə aksiyaları təşkil
edilmişdir. Şamaxı-Bakı magistral yoluna paralel yerləşən Pepsi-Colanın
qarşısında olan antisanitar vəziyyətin qarşısını almaq məqsədi ilə 200 ədəd
Kiparis növlü ağac alınaraq, yaşıllıq zonası yaradılmışdır. Hesabat ilində Xocəsən
Yeni Yaşayış massivində 50 ədəd ağac, “Konstitusiya və Suverenlik ili” çərçivəsində
Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş
ağacəkmə aksiyası zamanı FHN Dövlət Yanğın Nəzarət Xidmətinin iştirakı ilə 300 ədəd
müxtəlif növ ağac əkilmişdir.
Xocəsən Yeni Yaşayış massivində yaşayan Şəhid və Qazi ailələrinin
istirahət vaxtlarının səmərəli keçirilməsi üçün ərazidə istirahət parkının
salınması ilə bağlı bələdiyyə tərəfindən Rayon İcra Hakimiyyətinə müraciət
edilmiş, müraciət müsbət qarşılanmışdır.
1.5 ha ərazini əhatə edən sahədə podratçı təşkilat olan
SOCAR Midstream Gas Operations və onun Cənub Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının
təşkilatçılığı ilə “Şəhər meşələri: Ağacdan daha artıq” layihəsi çərçivəsində
geniş park salınmışdır. Parkda ümumilikdə 6600 ədəd ağac əkilmiş, uşaq əyləncə
elementləri yerləşdirilmiş, damcı suvarma sistemi quraşdırılmış, velosiped və
piyadaların hərəkəti üçün hərəkət zolaqları salınmış, söhbətgah və oturacaqlar
quraşdırılmışdır.
Hesabat ilində 11saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə bir neçə tədbir keçirilmişdir. “Konstitusiya və Suverenlik ilinə” həsr olunmuş ağacəkmə kampaniyası keçirilmiş, məktəb şagirdlərinə “Plastik və Polietilen qablaşdırma tullantılarının ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri” və s. mövzularında ekoloji maarifləndirici tədbirlər keçirilmişdir.
Hesabat ilində Xocəsən bələdiyyəsi tərəfindən ərazidə yaşayan Şəhid
və Qazi ailələri, Qarabağ Müharibəsi əlilləri və aztəminatlı ailələr daima diqqət
mərkəzində saxlanılaraq, sosial yardımlar göstərilmişdir. Sosial yardımlar şəklində
ərzaq bağlamarı şəklində “Novruz bayramı ” münasibəti ilə qəsəbədə yaşayan 35
ailəyə 1200,00 manat, müqəddəs “ Ramazan bayramı ” münasibəti ilə 28 ailəyə
1050,00 manat, “ Qurban bayramı ” münasibəti ilə 25 ailəyə 1000,00 manat, aztəminatlı
və sosial yardıma ehtiyacı olan ailələrə 1359.60 manat, “Anım günü” münasibəti
ilə şəhid ailələrinə 700,00 manat məbləğində yardım göstərilib. Şəhid və Qazi
ailələrinin övladlarına 636,00 manat olmaqla, 12 dəst yay və qış məktəbli
forması alınmışdır.
Hesabat ilində bələdiyyə “Sağlam bədəndə sağlam ruh olar”
devizini əsas tutaraq, ərazidə fəaliyyət göstərən məktəb şagirdləri arasında
Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr
olunmuş, mini-futbol yarışı keçirilmişdir. Qaliblər kubok, medal və pul
mükafatları ilə mükafatlandırılmışdır. Gənclər arasında U-15 və U-17 Avropa
çempionatının qalibi olmuş şagird idmançılarla bələdiyyədə görüş keçirilmiş,
onlara qiymətli hədiyyələr təqdim edilmişdir. Xocəsən bələdiyyəsi əhalinin
sağlamlığının qorunması və tibbi xidmətinin yaxşılaşdırılması üçün mühüm
addımlar atmışdır. Bunlardan, Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya
Mərkəzinin Avtomobil Səyyar Klinikasının növbəti tibbi aksiyası Xocəsən Yeni
Yaşayış massivində təşkil edilmişdir. Aksiya zamanı 100 nəfərdən artıq insan
oftolmoloji müayinə olunmuşdur. Həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti və Xocəsən
bələdiyyəsinin birgə təşəbbüsü ilə Azərbaycan Tibb Universitetinin Tədris
Stomotoloji Klinikası tərəfindən xidmətlərin əlçatanlığını artırmaq və ağız-diş
sağlamlığı sahəsində maarifləndirməni gücləndirmək məqsədi ilə Xocəsən bələdiyyəsinin
inzibati binasında və Xocəsən Yeni Yaşayış massivində səyyar tibbi aksiya
keçirilmişdir.
Xocəsən bələdiyyəsində
vətəndaşların qəbulu və müraciətləri də daim diqqət mərkəzində saxlanılır. Təhlil
göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş 1780 Müraciət qeyd edilən məsələlərə
aid olunub:
•Torpaq sahələrinin
olub-olmaması barədə - 141;
•Maddi
yardım – 46;
•Dəfnlə
bağlı Dövlət Sosial Müdafiə Fonduna Arayışlar-148;
•Digər məsələlər
üzrə-1445.
Müraciətlərin
hər birinə baxılaraq qanunvericiliyin tələblərinə uyğun olaraq, cavab
verilmişdir. Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 326 məktub,
müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır. Bələdiyyədə “ Qaynar xətt ”
fəaliyyət göstərir (012-346-04-02). Gün ərzində qaynar xətt vasitəsi ilə daxil
olan şikayət və müraciətlər qeydə alınır, aidiyyəti şöbələrə çatdırılır və tədbirlər
görülür. Bayram günləri “Qaynar xətt” də növbətçilik qrafiki üzrə məsul işçilər
müraciətləri qəbul edirlər.
Hesabat
ilində bələdiyyənin sədri tərəfindən 183 nəfər, ümumilikdə 1944 nəfər vətəndaş
qəbul edilmişdir. Xocəsən bələdiyyəsi il ərzində bir çox tədbirlərdə iştirak
etmişdir. 20 Yanvar Ümumxalq hüzn günü münasibəti ilə Şəhidlər Xiyabanı ziyarət
edilmişdir. 26 Fevral Xocalı faciəsinin 33-cü ildönümü, 10 May Ulu Öndər Heydər
Əliyevin anadan olmasının 102-ci ildönümü, 8 Noyabr Zəfər Günü, Ulu Öndər Heydər
Əliyevin Anım günü münasibəti ilə bir sıra silsilə tədbirlər keçirilmişdir. İl ərzində
Şəhidlərin Anım və doğum günləri Fəxri
Xiyabanda və Sulutəpə Şəhidlər Xiyabanında yad edilmişdir. İl ərzində Xocəsən bələdiyyəsi,
inzibati ərazisində vətəndaşlarla görüşlər keçirərək, görülən işlər barədə
hesabatlar vermiş, həmçinin hesabat internet saytları vasitəsi ilə
çatdırılmışdır.
Xocəsən bələdiyyəsi
olaraq 2026-cı ildə qəsəbənin bütün fəal və sağlam qüvvələrini öz ətrafına
toplayaraq, nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək üçün bütün səy və
bacarığımızı səfərbər edəcək və işimizi günün tələbləri səviyyəsində qurmağa
çalışacağıq.
Nigar Məmmədova
Binəqədi
rayonu, Xocasən bələdiyyəsinin sədri
Rəylər
0 Rəy