Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-06-2024 , 16:48

1935

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin birləşdirilməsi yerli özünüidarəetmədə qeyri-effektiv xərcləri azalda bilər- ABMA-nın təhlili 

Qeyd edək ki, 2003-cü ildən başlayaraq Azərbaycanda gedən nəhəng quruculuq işləri, sosial-iqtisadi tərəqqi, xalqın maddi sosial rifahının yaxşılaşması yerli özünüidarəetmə institutu olaraq bələdiyyələrin işinin daha da təkmilləşdirilməsini, fəaliyyətlərinin səmərəliliyinin artırılmasını tələb edir.

Ötən dövrlərdə qanunvericilikdə bələdiyyələrin könüllü birləşməsinə hüquqi təminatın verilməsini nəzərə alaraq, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) tərəfindən “Bələdiyyələrin birləşməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə dair” maarifləndirici materiallar hazırlanaraq bələdiyyələrə göndərilmişdir.

Bununla da, ölkə bələdiyyələrində yaranan sosial-iqtisadi vəziyyətlə əlaqədar, tarixi və digər yerli xüsusiyyətlər, müvafiq yerli əhalinin rəyini nəzərə almaqla 2 dəfə birləşmə prosesi həyata keçirilmişdir. 2009-cu ildəki birləşmə nəticəsində bələdiyyələrin sayı 1037 vahid, 2014-cü ildə isə 110 vahid azlaraq ölkədə bələdiyyələrin sayı 1607-yə endirildi. 2016-cı ildə Naxçıvan MR-da 1 kənd bələdiyyəsinin izibati ərazi vahidi ləğv edilərək şəhər bələdiyyəsinə birləşdirildi. Nəticədə ölkə üzrə hal hazırda 1606 bələdiyyə fəaliyyət göstərir.

Avropa ölkələrində də bələdiyyələrin birləşməsi prosesi yaşanıb. Həmin ölkələrdə də əvvəlcə kiçik bələdiyyələr fəaliyyət göstərib. Sonradan inzibati ərazi islahatları nəticəsində həmin bələdiyyələr birləşdirilərək bugünkü səviyyəyə çatdırılmış və onların mövcud imkanları daha da genişləndirilmişdir.

Maliyyə-iqtisadi potensialı zəif olan bələdiyyələrin əhali sayının aşağı həddi əsas götürülərək birləşdirilməsi təcrübəsi Türkiyə, İtaliya, Fransa, Kanada, Estoniya, Gürcüstan və bir sıra digər ölkələrdə mövcuddur. Beynəlxalq təcrübədə əhali sayının aşağı həddi əsasən 2000-5000 aralığında müəyyən olunur. Bələdiyyələrin birləşdirilməsi prosesində vacib amillərdən biri kimi bələdiyyə vahidinə düşən əhali sayının nəzərə alınmasıdır. Yuxarıda adları qeyd olunan ölkələrə nəzər yetirsək bələdiyyə vahidinə düşən əhali sayının orta hesabla Türkiyədə 60,7 min nəfər, Gürcüstanda 55,4 min nəfər, Estoniyada 16,8 min nəfər təşkil etdiyini görərik. Azərbaycanda isə bu rəqəm 6,5 min nəfərdir. Əhalinin hər 100 min nəfərinə düşən bələdiyyə sayı orta hesabla Türkiyədə 1,6, Gürcüstanda 1,8, Estoniyada 5,9, Azərbaycanda isə 16,1 bələdiyyə təşkil etdir.

Qeyd olunan belə ciddi amilləri nəzərə alaraq, ölkəmizdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə maliyyə-iqtisadi, kadr potensialı, ərazinin coğrafi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla mövcud və yeni yaradılacaq bələdiyyələr üçün qanunvericilikdə aşağı hədd kimi əhali sayını 3000 nəfər, ev təsərrüfatlarının sayını isə 1000 vahid müəyyən edən müddəalar “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunlarında əksini tapmışdır.

Belə ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərə əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

“Bələdiyyələrin statusu haqqında” Qanunda nəzərdə tutulan ev təsərrüfatlarının uçotu qaydasının müəyyən edilməsi məqsədilə cənab Prezidentin 16.04.2024cü il tarixli Fərmanı ilə Nazirlər Kabinetinə verilmiş tapşırığa əsasən 22.05.2024-cü il tarixində sözügedən Qayda təsdiq edilmişdir.

Nəzərə almaq lazımdır ki, “Bələdiyyələrin statusu haqqında” Qanun birləşdirilmənin ümumi prosedurlarını müəyyən etdiyi halda, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu daha konkret və xüsusi qaydaları əhatə edir.

Belə ki, normativ aktların əvvəlki redaksiyasında bələdiyyələrin birləşməsi üçün ümumi yığıncaq formasında bir alət təsbit edilmişdisə, yeni redaksiyada əlavə mexanizm kimi əhali və ev təsərrüfatları sayı əsasında bələdiyyə iclasları vasitəsi ilə birləşmənin aparılması müəyyən edilmişdir. Bu da öz növbəsində yerli özünüidarəetmə orqanlarının fəaliyyətində iştirakçılığın təmsilçilik formasının təzahürü kimi qəbul edilə bilər.

Normativ aktlardan göründüyü kimi bələdiyyələrin birləşdirilməsində hər hansı ardıcıllıq və ya növbəlilik prinsipi nəzərdə tutulmayıb. Prosesin əhali və ya ev təsərrüfatı vahidlərinin saylarını nəzərə almaqla, sərbəst qaydada bələdiyyə rəyləri əsasında Milli Məclisin qəbul edəcəyi qərarla həyata keçirilməsi nəzərdə tutulur.

Düşünürük ki, proses iki istiqamətdə gedə bilər. Birinci istiqamət ondan ibarət ola bilər ki, qanunvericilikdə qeyd olunmuş say hədlərindən aşağı olan bələdiyyələr bir-biri ilə birləşdirilsinlər, digər istiqamət isə kiçik bələdiyyələrin daha iri bələdiyyələrə birləşdirilməsi kimi ola bilər.

Burada, normativ aktlarda da deyildiyi kimi bir sıra yerli və digər xüsusiyyətlərin nəzərə alınmasına diqqət etsək prosesin nə vaxt bitəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Həmçinin, bu işlərin aparılması müvafiq xüsusiyyətlərlə yanaşı bəzi hallarda bələdiyyələrin hazırlıq səviyyəsindən də asılıdır. Tərəfimizdən bələdiyyələrlə birgə keçirdiyimiz görüşlərdən və apardığımız müşahidələrdən belə qənaətə gəlmək olar ki, yerli özünüidarəetmə orqanlarında proseslərə başlanılmasına dair ilkin addımlar atılmaqdadır.

Hesab edirik ki, bələdiyyələrin birləşdirilməsi yerli özünüidarəetmədə qeyri-effektiv xərcləri azaldacaq və bu qurumların maliyyə-iqtisadi potensialını kifayət qədər genişləndirəcək. Bu da bələdiyyə üzvlərinin və qulluqçularının sosial təminatlarını yaxşılaşacaq, vətəndaşların bələdiyyə seçkilərinə və bələdiyyə qulluğuna marağı kifayət qədər artacaqdır. İnnovativ fikirli, təşəbbüskar və yüksək ixtisaslı kadrları bələdiyyə qulluğuna cəlb etməklə idarəetmədə müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi imkanlarını artırmaq mümkün olacaqdır. Nəticədə bələdiyyə idarəetməsinin keyfiyyəti və səmərəsi yüksələcək, idarəetmədə şəffaflıq və hesabatlılıq tam təmin ediləcəkdir.

Beləliklə, bələdiyyə idarəçiliyi sahəsində hal-hazırda dövlət tərəfindən aparılan islahatlar bələdiyyə institutlarının yenidən təşkili prosesinə təkan verəcək, bələdiyyələri öz ərazilərində yaşayan əhalinin rifah halının yüksəldilməsinə xidmət edən və əhali arasında yüksək nüfuza malik olan bir quruma çevirəcək.

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları

Rəylər

1 Rəy

yaşar

11-09-2024, 2 ay əvvəl

Nənəvaxta kimi bu işlər İH-lərinə həvalə ediləcək ,burda Qanundan söz gedə bilməz. Bizim Sarıqaya Bələdiyyəsi 5 ildi faliyyət göstərmir,həttda seçilmiş dırnaq arası bələdiyyə üzvüləri bələdiyyə üzvü olmağından xəbəri yoxdur.İH-hakimiyyəti yerli nümayyədəyə tapşırıq veribki,bələdiyyənin qərarın hazırlayın verin.Siz hansı qanunudan danışırsınız.Bunun nəticəsidir vergilər yığılmır və nəticədə vergi ödəyicilərinin külli miqdarda borcu yaranıb,gündəlikdə cərimə gəlir.Cənab Prezidenti məmurlar nəqədər aldır ,bu dövlətdə özbaşnalı olacaq.Amma bununda bir sonu olacaq, uzaq deyil.

Cavabla

Rəy yaz