ADSEA-dan qeyri-adi cavab: Bir ay gözlə, axırda bir sətirlik cavab al!
Maraqlıdır, deyilmi? Bir ay gözləyəsən, sonda isə bircə sətirdən ibarət cavab alasan. Nə isə, keçək mətləbə.
Bələdiyyələrə
dövlət büdcəsindən dotasiya və subvensiyaların ayrılması dövlətin bu qurumlara
göstərdiyi diqqət və qayğının mühüm nümunələrindən biridir.
Bu
baxımdan, son illər dövlət büdcəsindən “Su təchizatı qurğularının istismarı və
onlara xidmətlə bağlı bələdiyyələrə verilən maliyyə yardımı” məqsədilə vəsait
ayrılması xüsusi əhəmiyyət daşıyır. Belə ki, ötən il bu məqsədlə dövlət büdcəsində
4 milyon 370 min manat vəsait nəzərdə tutulmuşdur.
Həmin
vəsaitin hansı bələdiyyələrə ayrılması, bölgünün hansı meyarlar əsasında
aparılması, vəsaitin necə xərclənməsi və ümumilikdə bu prosesin necə idarə
olunması ilə bağlı üç dövlət qurumuna rəsmi sorğu məktubu ünvanlamışıq.
Maliyyə
Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi sorğularımıza operativ şəkildə
cavab verərək bildirmişlər ki, müvafiq qərara əsasən, sözügedən vəsaitin
bölgüsünün aparılması Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) səlahiyyətlərinə
aiddir.
Təəssüf
ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumu sorğumuza
mahiyyəti üzrə cavab vermək əvəzinə, bir cümləlik cavabla kifayətlənmişdir.
Cavab məktubunda deyilir:
“Məktubda
qeyd olunan məsələlərlə bağlı təqdim edilmiş sualların cavablandırılması məqsədilə
müvafiq məlumatların əldə edilməsi üçün yerli bələdiyyələrlə əlaqə
saxlamağınızı məqsədəuyğun hesab edirik”.
Bu
cavab istər-istəməz bir sıra haqlı suallar doğurur. Belə çıxır ki, dövlət büdcəsindən
ayrılmış 4 milyon 370 min manat vəsaitin bölgüsü və istifadəsi ilə bağlı məlumat
əldə etmək üçün ölkə üzrə fəaliyyət göstərən 685 bələdiyyənin hər birinə ayrıca
müraciət etməliyik?
Halbuki
söhbət dövlət büdcəsindən ayrılmış vəsaitin bölgüsünü həyata keçirən, bu prosesə
dair müvafiq məlumatlara malik olmalı olan dövlət qurumundan gedir. Hesab
edirik ki, bu cür məsələlərdə ictimaiyyətə, xüsusilə də bələdiyyələrin fəaliyyəti
üzrə ixtisaslaşmış informasiya resursuna dolğun, şəffaf və əsaslandırılmış məlumatların
təqdim edilməsi olduqca vacibdir.
ADSEA
rəsmilərinin diqqətinə çatdırmaq istərdik ki, “Belediyye.info” internet resursu
2015-ci ilin may ayından etibarən “Bələdiyyələrin fəaliyyətinin təbliği”
İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində fəaliyyət göstərir.
Fəaliyyət
göstərdiyimiz müddət ərzində, artıq 11 ildən çoxdur ki, Ulu Öndər Heydər
Əliyevin ölkəmizə yadigar qoyduğu yerli özünüidarəetmə sisteminin inkişafı, bələdiyyələrin
fəaliyyətinin təkmilləşdirilməsi və qarşılaşdıqları problemlərin həlli istiqamətində
çoxsaylı layihələr həyata keçiririk.
Məqsədimiz sadədir: bələdiyyələrin fəaliyyəti ilə bağlı ictimaiyyətin dolğun və obyektiv məlumatlandırılmasına, yerli özünüidarəetmənin inkişafına töhfə verməkdir. Elə bu səbəbdən də dövlət qurumlarından ünvanladığımız sorğulara formal deyil, mahiyyəti üzrə cavablar gözləyirik. Çünki söhbət təkcə bir informasiya resursunun sorğusundan deyil, dövlət vəsaitinin bölgüsü və istifadəsi ilə bağlı ictimai maraqdan gedir.
Vüqar Tofiqli
Belediyye.info
Rəylər
0 Rəy