İctimai birlik layihə çərçivəsində keçiriləcək görüşlərə hazırlığı başa çatdırıb
““Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi may ayının birindən etibarən Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsinin icrası ilə bağlı bələdiyyələrdə keçirilməsi planlaşdırılan görüşlərin ardıcıllığı müəyyən edilmişdir”- bu barədə Belediyye.infoya birliyin sədri Vüqar Cəfərov məlumat verib.
Bununla yanaşı ictimai birliyin sədri bildirib ki, keçiriləcək
görüşlərdə müzakirə ediləcək mövzu ilə əlaqəli
beynəlxlaq təcrübənin öyrənilməsi həyata keçirilmiş, müqayisəli təhlili
aparılmışdır. Görüş keçirilməsi nəzərdə
tutulan rayonlarda həm də mövcud maddi-mədəni irs nümunələri ilə bağlı təhlillər
aparılmışdır.
Qeyd edək ki, layihə çərçivəsində Masallı, Yardımlı, Cəlilabad,
Siyəzən, Şabran, Quba, Xaçmaz, İsmayıllı və
Oğuz rayon bələdiyyələrində görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Dörd ay ərzində davam edəcək layihənin gedişi barədə məlumat
həm media orqanlarında, həm də “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai
birliyin internet resursu olan Belediyye.info portalında, YouTUBE kanalında və
digər media orqanlarında paylaşılacaqdır.
Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği”
İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və 2010-cu ilin fevral ayında rəsmi dövlət
qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin
fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.
Belediyye.info
26.05.2026
Rəylər
0 Rəy