Adambaşına 47 qəpik: yükü çox, pulu az olan bələdiyyələr: KOMİSSİYA SƏDRİNDƏN MARAQLI AÇIQLAMA
Azərbaycanda bələdiyyələrin üzərinə düşən məsuliyyətlə onların maliyyə imkanları və real səlahiyyətləri arasında ciddi fərqlər var. Vətəndaşın yaşadığı küçə, məhəllə, park və digər yerli problemlərlə bağlı ilk üz tutduğu qurumlardan biri bələdiyyə olsa da, onlar bir çox hallarda bu problemlərin həlli üçün kifayət qədər maliyyə və hüquqi imkanlara malik deyil.
Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü, Binəqədi
rayon Binəqədi bələdiyyəsinin yerli iqtisadi inkişaf məsələləri daimi
komissiyasının sədri Tamilla Qulami Herbiand.az-a açıqlamasında bildirib ki, Azərbaycanda
bələdiyyələrlə bağlı ən böyük problem onların üzərinə qoyulan məsuliyyətlə
malik olduqları maliyyə və real səlahiyyətlər arasında ciddi uyğunsuzluğun
olmasıdır:
“Bəli, konstitusiyaya görə yerli özünüidarəni bələdiyyələr həyata
keçirir. Qanunvericilik də bələdiyyələri yerli əhəmiyyətli məsələləri həll edən
seçkili yerli özünüidarə orqanı kimi müəyyən edir. Eyni zamanda qanunda bələdiyyələrin
yerli büdcəsinin və maliyyə əsaslarının olması nəzərdə tutulur. Amma gəlin,
reallığa baxaq. Bələdiyyə seçiciyə ən yaxın qurumdur. İnsan küçəsində problem
yarananda, həyətində abadlıq lazım olanda, sosial çətinliklə üzləşəndə,
yaşıllıq, təmizlik, məhəllə problemi anında çox vaxt ilk olaraq, bələdiyyənin
qapısını döyür. Çünki vətəndaşın gözündə bu məsələ bələdiyyənin səlahiyyətindədir,
yoxsa deyil bölgüsü demək olar ki, yoxdur. Vətəndaş onun problemini həll edən
qurumu axtarır. Bizim isə üzərimizdə məsuliyyət çoxdur, amma maliyyə
imkanlarımız məhduddur. Binəqədi bələdiyyəsində daimi komissiya sədriyəm. Qurum
150 min nəfər əhaliyə xidmət göstərdiyi halda illik büdcəmiz təxminən 850 min
manatdır. Bu, ilk baxışdan müəyyən məbləğ kimi görünə bilər. Amma 150 min
insanın yaşadığı böyük bir ərazi üçün bu rəqəmin nə demək olduğunu hesablasaq,
vəziyyət daha aydın və ağır görünür. 850 min manatı 150 min əhaliyə bölsək,
adambaşına illik təxminən 5 manat 67 qəpik düşür. Başqa sözlə, ay hesabı ilə
bir sakin üçün təxminən 47 qəpik edir.
İndi gəlin, düşünək, əcəba bu məbləğlə həm bələdiyyənin fəaliyyəti
təmin edilməli, həm əməkhaqqı ödənilməli, həm vergi uçotu aparılmalı, həm vətəndaş
müraciətlərinə baxılmalı, həm abadlıq və yaşıllaşdırma işləri görülməli, həm
sosial yardımlar göstərilməli, həm də müxtəlif yerli layihələr həyata keçirilməlidirsə,
bütün bunları necə çatdırmaq olar. Dövlət dotasiyası isə illik sadaladığım
problemlərin həllində çox az dəstəkdir. Dediyim rəqəmlər də öz-özlüyündə
problemin miqyasının nə qədər böyük olmasının göstəricisidir. Bələdiyyənin əməkhaqqı
xərcləri də çox aşağıdır. 550 manat orta, 800 manat yüksək məbləğdir. Yəni,
burada söhbət böyük inzibati aparatın saxlanılmasından getmir. Əksinə, məhdud
resurslarla mümkün qədər çox iş görməyə çalışan bir strukturdan gedir. Burada
başqa bir məqam da var ki, cəmiyyətdə bəzən bələdiyyə deyəndə böyük büdcəsi,
böyük aparatı, geniş texniki imkanları olan qurum təsəvvürü yaranır. Reallıq isə
yuxarıda da qeyd etdiyim kimi tamamilə başqadır. 850 min manatlıq büdcəsi olan
bələdiyyədən yüz milyonlarla manatlıq şəhər infrastrukturu gözləmək mümkün
deyil. Lakin bütün bunlara baxmayaraq, bizim bələdiyyə ölkə ərazisində kifayət
qədər aktiv yerli özünüidarəetmə orqanıdır. Bu gün bizim məhdud imkanlarımız
olsa da, bələdiyyənin yalnız kağız üzərində mövcud olmadığını sübut etməyə
çalışırıq. Parkların salınması, ağacların əkilməsi, yaşıllıqlara qulluq, ərazilərin
abadlaşdırılması, təmizlik işləri, zibilin daşınması, sosial ehtiyacı olan
insanlara dəstək, məktəblilərə yardım, qazilər və şəhid ailələri ilə bağlı
sosial tədbirlər bizim ümumi fəaliyyətimizin bir hissəsidir”.
T.Qulami deyib ki, hər ay sosial ehtiyacı olan insanlardan
müraciətlər daxil olur və bələdiyyə imkan daxilində onların problemlərinin həllinə
dəstək göstərir: “Əlbəttə, burada da imkanlarımız məhduddur. Biz dövlət sosial
müdafiə sistemini əvəz etmirik. Amma yerli özünüidarə orqanı kimi ərazimizdə
yaşayan insanın probleminə biganə qala bilmərik.
Məsələn, Binəqədi bələdiyyəsinin öz açıqlamasına əsasən
deyim ki, yalnız ötən ildə maddi yardımlar və sosial tədbirlərə 10.000 manata
yaxın maliyyə xərclənib.
Bu rəqəm böyük görünməyə bilər. Amma 850 min manatlıq ümumi
büdcə şəraitində hər manatın hesabını aparmaq məcburiyyətində olduğumuzu göstərir.
Bizik əsas gəlir mənbələrimizdən biri əmlak və torpaq vergiləridir. Problem də
elə buradadır. Bələdiyyəyə müəyyən məsuliyyətlər verilir, vətəndaş qarşısında
hesabatlılıq tələb olunur, amma onun gəlir bazası çox məhduddur.
Əslində qanunvericilik bələdiyyə maliyyəsinin daha geniş
iqtisadi əsaslara söykənməsini nəzərdə tutur, bələdiyyə əmlakı, torpaqları,
yerli büdcə, büdcədənkənar fondlar, istehsal, xidmət və digər iqtisadi fəaliyyət
imkanları nəzərdə tutulur. Lakin praktikada bir çox bələdiyyənin real maliyyə
imkanları təəssüf ki, çox zəifdir.
Qanun bələdiyyələrə kifayət qədər geniş yerli özünüidarə çərçivəsi
müəyyən etsə də, praktiki idarəetmədə bir çox mühüm xidmət və resurs bələdiyyənin
birbaşa nəzarətində deyil. Qanunun özündə də bəzi məsələlər üzrə bələdiyyələrin
dövlət proqramlarına müdaxilə edə bilməyəcəyi göstərilir.
Nəticədə də belə bir paradoks yaranır ki, vətəndaşın
qarşısında məsuliyyət bələdiyyənin üzərindədir, amma problemin həlli üçün lazım
olan səlahiyyət başqa qurumdadır. Məsələn, vətəndaş gəlib deyir ki, küçəmdə
problem var. Biz məsələni araşdırırıq, aidiyyəti qurumun səlahiyyətindədirsə, həmin
quruma müraciət edirik. Vətəndaşa cavab veririk. Amma son qərarı biz vermirik.
Yəni bələdiyyə bəzən problemin ünvanı olsa da, həllin ünvanı demək deyil.
Bu, yerli özünüidarənin effektivliyini zəiflədən əsas məsələlərdən
biridir”.
T.Qulami deyib ki, bu gün üçün rəsmi bələdiyyə portalında
ölkə üzrə 685 bələdiyyə var, 2024-cü ilin yekunları üzrə bələdiyyələrin büdcə gəlirlərinin
təxminən 63 milyon manata yaxın olduğu barədə də məlumat verilib: “2025-ci ilin
yekunları üzrə göstəricinin də 60 milyon manatı keçəcəyi proqnozlaşdırılırdı.
Bu rəqəmi 685 bələdiyyəyə bölsək, orta hesabla bir bələdiyyəyə ildə təxminən 92
min manat düşür. Əlbəttə, bu, yalnız mexaniki orta göstəricidir və real bölgü
belə deyil. Böyük şəhər bələdiyyələri ilə kiçik kənd bələdiyyələrinin imkanları
tamamilə fərqlidir. Amma rəqəmin özü düşündürücüdür. Cənubi Qafqazın bizdən
kiçik olan ölkəsi Gürcüstanın Marneuli bələdiyyəsi ilə müqayisə aparaq. Düzdür,
Gürcüstanda bələdiyyə büdcələri ilə Azərbaycandakı bələdiyyə büdcələrinin
maliyyələşmə strukturu eyni deyil. Ona görə rəqəmləri birbaşa eyniləşdirmək
düzgün olmaz. Bununla belə, miqyas fərqini görmək üçün Marneuli nümunəsi kifayət
qədər əhəmiyyətlidir. 2026-cı ilin əvvəlində Marneuli bələdiyyəsinin büdcəsi dəyişikliklərdən
sonra 97,88 milyon lari təşkil edib, bu məbləğin tərkibində həm yerli büdcə, həm
də mərkəzi büdcədən transferlər var. Bu məbləğ isə təxmini 64 milyona yaxın pul
edir. Onların bələdiyyə büdcəsinə infrastrukturun inkişafı, təhsil, təmizlik, ətraf
mühitin qorunması, mədəniyyət, idman, gənclər, sosial istiqamətlərə və s. xidmətlər
aiddir. Azərbaycanda vəziyyət necədir? Bu gün Azərbaycanda bələdiyyələrdən daha
çox iş gözlənilir, amma maliyyə bazası təəssüf ki, paralel genişlənməyib. Binəqədi
bələdiyyəsinin 150 min əhalisi və 850 min manat büdcəsi buna konkret nümunədir.
Biz 850 min manatla park salmağa, ağac əkməyə, ərazini təmiz
saxlamağa, sosial layihələr həyata keçirməyə, vətəndaş müraciətlərinə cavab
verməliyik. Digər tərəfdən isə vətəndaşın bizdən gözləntisi haqlı olaraq,
böyükdür. Necə deyərlər, bələdiyyədən dövlət qurumu kimi nəticə gözlənilir,
amma dövlət qurumu səviyyəsində resurs verilmir.
Çünki bizim üçün vətəndaş müraciəti formal sənəd deyil. Hər
müraciətin arxasında konkret insan və konkret problem dayanır. Bələdiyyəyə
müraciət edən seçiciyə, imkanımız daxilində, məsələnin hansı qurumun səlahiyyətində
olduğunu izah edir, bələdiyyənin səlahiyyətindədirsə, həllinə çalışır, başqa
qurumun səlahiyyətindədirsə, aidiyyəti üzrə yönləndiririk və cavab veririk. Məqsəd
vətəndaşı bir qapıdan digərinə göndərmək deyil. Məqsəd onun probleminin hüquqi
və inzibati baxımdan düzgün istiqamətləndirilməsidir”.
T.Qulami hesab edir ki, bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir.
“Ən əvvəl isə bələdiyyələrin statusuna praktik baxımdan yenidən baxılmalıdır.
Əgər biz yerli özünüidarədən danışırıqsa, onun real maliyyə bazası olmalıdır. Səlahiyyət
verilir, həmin səlahiyyətin icrası üçün maliyyə mənbəyi də olmalıdır. Belə ki,
bələdiyyələrin əmlak və torpaq bazası genişləndirilməli, onlara iqtisadi fəaliyyət
imkanları yaradılmalı, yerli gəlir mənbələri artırılmalıdır. Hansı xidmətin
kimin məsuliyyətində olduğu vətəndaş üçün də, bələdiyyə üçün də aydın
olmalıdır. Bələdiyyə məsul olduğu işi görmək üçün səlahiyyətə, səlahiyyətə
malik olmadığı işi isə yalnız başqa qurumlara məktub yazmaqla həll etməyə məcbur
qalmamalıdır.
Bu gün bələdiyyə haqlı olaraq, faktiki bir çox hallarda vətəndaşın
gözündə mövcudluğu hiss olunmayan qurumdur. Bu isə kimsənin marağında deyil.
Çünki bələdiyyə yalnız seçki keçiriləndə xatırlanan və ya əmlak-torpaq vergisi
yığan qurum olmamalıdır. Bələdiyyə vətəndaşın yaşadığı məhəllənin, küçənin,
parkın, sosial mühitin və yerli problemlərin həllində real söz sahibi olan
özünüidarə institutu olmalıdır.
Bu gün Binəqədi bələdiyyəsi məhdud imkanlarla bunu etməyə
çalışır. Qeyd etdiyim kimi, biz park salırıq, ağac əkirik, təmizlik və abadlıq
işləri görürük, sosial ehtiyacı olan insanlara, məktəblilərə, qazilərə və şəhid
ailələrinə dəstək göstəririk, vətəndaş müraciətlərinə cavab veririk. Amma
bunları daha böyük miqyasda etmək üçün yalnız fəallıq kifayət etmir-bunun üçün
real maliyyə və real səlahiyyət lazımdır. Məncə, artıq bələdiyyələrə nə üçün
daha çox iş görmürsünüz deməkdənsə, bunun üçün hansı imkan verilib sualını da
verməyin vaxtıdır. Çünki yerli özünüidarə yalnız qanunda yazılan hüquq deyil. O
hüququ həyata keçirmək üçün maliyyə, əmlak, səlahiyyət və məsuliyyətin bir yerdə
olması lazımdır. Əks halda bələdiyyə formal olaraq mövcud olacaq, amma real
idarəetmə imkanları məhdud qalacaq. Bu isə vətəndaş üçün yaxşı heç nə vəd
etmir”-deyə, o, bildirib.
Məhəmməd Əliyev
Herbiand.az
Rəylər
0 Rəy